Samir Səlimli: “Azərikimya” İB-də modernləşdirmənin yeni mərhələsi başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Samir Səlimli: “Azərikimya” İB-də modernləşdirmənin yeni mərhələsi başlayır

Faiqə Məmmədova16:50 - Bu gün
Samir Səlimli: “Azərikimya” İB-də modernləşdirmənin yeni mərhələsi başlayır

SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində modernləşdirmə və yenidənqurmanın yeni mərhələsinə başlanılır.

1news.az-ın məlumatına görə, bunu “20 Sentyabr – Neftçilər Günü” münasibətilə SOCAR-ın “Etilen-Polietilen” zavoduna təşkil olunan media turu çərçivəsində jurnalistlərə açıqlamasında “Azərikimya” İstehsalat Birliyinin proseslər üzrə direktoru Samir Səlimli bildirib.

S.Səlimli qeyd edib ki, hazırda müəssisədə modernləşdirmə və yenidənqurma layihəsi həyata keçirilir.

“Layihə avtomatika və idarəetmə sistemlərinin yenilənməsini əhatə edir. Mühəndislik mərhələsi 95 faiz tamamlanıb və gələn ildən sahə işlərinə başlanılacaq”, - deyə o bildirib.

Direktorun sözlərinə görə, müəssisədə etilen və propilenlə yanaşı, bir sıra əlavə məhsullar da istehsal olunur. Bunlara hidrogen, butilen-butadien fraksiyası, maye piroliz qatranı və ağır qatran daxildir.

“Azərikimya”nın fəaliyyəti barədə məlumat verən S.Səlimli bildirib ki, İstehsalat Birliyinin tərkibinə etilen, yüksək təzyiqli (aşağı sıxlıqlı) polietilen və buxar-elektrik enerjisi istehsalı sahələri daxildir.

O qeyd edib ki, yüksək təzyiqli (aşağı sıxlıqlı) polietilen 1800–2500 bar təzyiq altında istehsal edilir. Məhsul daxili tələbat ödənildikdən sonra Türkiyəyə və Avropa ölkələrinə ixrac olunur.

“Buxar-elektrik enerjisi istehsalı sahəmiz müəssisələrimizi və SOCAR Polymer-i yüksək, orta və aşağı təzyiqli buxarla təmin edir. Eyni zamanda burada elektrik enerjisi də istehsal olunur. Artıq buxar hesabına əldə edilən elektrik enerjisi SOCAR-ın digər müəssisələrinə və Sumqayıt elektrik şəbəkəsinə ötürülür”, - deyə S.Səlimli bildirib.

O, hidrogenin həm “Azərikimya”da, həm də SOCAR Polymer-də istifadə edildiyini diqqətə çatdırıb.

“Azərikimya”da hidrogen selektiv hidrogenləşdirmə reaktorlarında tətbiq edilir. Məqsəd əsas məhsullarımız olan etilen və propilenin tərkibindəki asetilen birləşmələrini hidrogenləşdirmə yolu ilə etilen və propilenə çevirməkdir. SOCAR Polymer-də isə hidrogen daxili tələbatın ödənilməsi üçün istifadə olunur”, - deyə direktor vurğulayıb.

S.Səlimlinin sözlərinə görə, “Azərikimya”nın məhsullarının ixrac coğrafiyasına Türkiyə, Çin, Avropa ölkələri, Estoniya və digər dövlətlər daxildir.

Direktor bildirib ki, “Azərikimya”nın istehsal gücü əvvəlki layihələr çərçivəsində SOCAR Polymer və “Azərikimya”nın daxili tələbatı nəzərə alınmaqla artırılıb.

“2016–2021-ci illərdə həyata keçirilən layihə çərçivəsində etilen üzrə istehsal gücümüz 40 faiz, propilen üzrə isə 70 faiz artıb. Qurğu artıq 5 ildir ki, bu istehsal gücü ilə fəaliyyətini davam etdirir”, – deyə S.Səlimli qeyd edib.

Qeyd edək ki, media turu 20 Sentyabr – Neftçilər Günü ərəfəsində SOCAR-ın Enerji Dialoqu Platforması çərçivəsində təşkil olunub. Tədbirdə 30-dan çox media qurumunun nümayəndəsi iştirak edib. Media nümayəndələri “Etilen-Polietilen” zavodunun istehsal sahələri, fəaliyyəti, istehsal gücü və burada həyata keçirilən modernləşdirmə layihələri ilə tanış olublar.

 

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər