“Kristal Estetik” klinikasında qanun pozuntuları aşkarlanıb – 29 min manat cərimə
“Kristal Estetik” klinikasında göstərilən xidmətlərlə bağlı qanunvericiliyin tələblərinin pozulması faktları müəyyən edilib.
1news.az xəbər verir ki, klinikada həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş müraciət əsasında Xətai Rayon Prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı “Kristal Estetik” MMC tərəfindən vətəndaş Aytəkin Musayevanın əmək müqaviləsi qanunla müəyyən edilmiş qaydada hüquqi qüvvəyə minmədən kosmetoloq vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunub.
Bundan əlavə, A.Musayevanın ali tibb təhsilinin olmadığı, habelə vətəndaşa tətbiq edilmiş prosedurla bağlı tibbi sənədləşmənin aparılmadığı müəyyən edilib.
Bununla əlaqədar “Kristal Estetik” MMC və cəmiyyətin direktoru Roza Əliyeva barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında işlər üzrə icraat başlanıb və işlərə baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarları ilə “Kristal Estetik” MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 20 min manat, 215.4-cü maddəsi ilə 6 min manat, cəmiyyətin direktoru R.Əliyeva isə 192.1-ci maddə ilə 3 min manat məbləğində inzibati qaydada cərimə edilib.












