II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu öz işinə başlayıb - FOTO
Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – “AIIF 2026”) işə başlayıb.
1news.az xəbər verir ki, forum dünyanın aparıcı investorlarını, dövlət və beynəlxalq maliyyə institutlarının nümayəndələrini, biznes liderlərini bir araya gətirib.
İqtisadiyyat Nazirliyi və “The European House – Ambrosetti & TEHA Group”un strateji tərəfdaşlığı ilə keçirilən Forum iki gün davam edəcək. Tədbir “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunub.
Forum yeni tərəfdaşlıqların qurulması, investisiyaların cəlb edilməsi və yeni iqtisadi imkanların yaradılması baxımından mühüm platformadır. Məqsəd konkret layihələr üzrə tərəfdaşlıqlar qurmaq və qarşılıqlı rifaha xidmət edən birgə fəaliyyət mexanizmləri formalaşdırmaqdır.
Forum çərçivəsində keçiriləcək sessiyalarda qlobal iqtisadi və geosiyasi proseslərin iqtisadi artıma və investisiyalara təsiri, Azərbaycanın strateji mövqeyi, regional bağlantı və investisiya imkanları, eləcə də müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunacaq.
Beynəlxalq iqtisadi tədbir çərçivəsində Azərbaycana aid qurumların müxtəlif xarici şirkət və tərəfdaşlarla əməkdaşlığa dair sənədlər imzalaması və mübadiləsi nəzərdə tutulur.
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun yeni investisiya istiqamətlərinin və əməkdaşlıq imkanlarının təşviqinə, Azərbaycanın regional iqtisadi bağlantılardakı rolunun genişlənməsinə və perspektivli layihələrin reallaşdırılmasına töhfə verəcəyi gözlənilir.


















