Taylandda sel: ölənlər var
Taylandda güclü musson yağışlarının səbəb olduğu daşqınlar 25 əyalətdə 545 mindən çox insana təsir edib.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, son 10 gündə 8 nəfər həyatını itirib.
Paytaxt Banqkokda 50 rayon fəlakət zonası elan olunub, təxminən 52 min təsərrüfat su altında qalıb, 5 minə yaxın sakin sığınacaqlara təxliyə edilib. Şəhərdə iki günlük rəsmi tətil elan olunub.
Baş nazir Anutin Çarnvirakul daşqın bölgələrinə baş çəkərək hökumətin yardım işlərini davam etdirdiyini bildirib. Ordu da xilasetmə və ərzaq-su çatdırılması əməliyyatlarına cəlb olunub.
Daşqınlar Banqkokdakı beynəlxalq hava limanlarının fəaliyyətinə də təsir edib. Sərnişinlərə uçuşdan ən azı 3 saat əvvəl hava limanında olmaları tövsiyə olunub.









