Taylandın paytaxtında güclü daşqın: Ordu əraziyə cəlb edildi
Taylandın paytaxtı Banqkokda güclü yağışların səbəb olduğu daşqınlar ciddi fəsadlara yol açıb və şəhər fəlakətdən zərər çəkmiş ərazi elan edilib.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, şəhərdə 48 saat ərzində təxminən 300 millimetr yağıntı düşüb.
Güclü yağışlardan sonra Banqkokun əsas yollarını su basıb, bəzi avtomobillər su altında qalıb. Şəhərin ayrı-ayrı ərazilərində daşqın sularının səviyyəsi bel hündürlüyünə çatıb və sakinlər həmin sulardan keçmək məcburiyyətində qalıblar.
Banqkok qubernatoru Çadçart Sittipunt paytaxtı “fəlakətdən zərər çəkmiş ərazi” elan edib. O bildirib ki, mövcud vəziyyət insanların həyatı üçün risk yaradır, həmçinin dövlət və özəl əmlaka zərər vura bilər.
Daşqınların xüsusilə kanalların yaxınlığında yerləşən ərazilərdə daha güclü olduğu bildirilib.
Tayland hökuməti kanalların yaxınlığında yaşayan sakinlərə təcili xəbərdarlıq edərək əşyalarını daha yüksək ərazilərə köçürməyi tövsiyə edib. Vətəndaşlara zərurət olmadıqca səfər etməmələri ilə bağlı çağırış olunub.
Meteorologiya rəsmiləri həftəsonu ərzində göy gurultulu leysan yağışların davam edəcəyini açıqlayıblar.
Ordu əraziyə cəlb olunub
Tayland ordusu daşqından zərər çəkənlər üçün müvəqqəti sığınacaqlar və səhra mətbəxləri qurmağa başlayıb.
Banqkok Böyükşəhər Administrasiyası da bəzi məktəbləri müvəqqəti sığınacaq mərkəzlərinə çevirib.
Daşqınların təsirinin artması şəhərdəki supermarketlərdə də sıxlığa səbəb olub. Sakinlərin mümkün yeni yağışlara hazırlaşmaq üçün ərzaq və digər əsas tələbat malları almaq məqsədilə marketlərə üz tutduğu bildirilib.
Suvarnabhumi hava limanı normal fəaliyyət göstərir
Banqkokun əsas hava limanı olan Suvarnabhumidə uçuşların normal qaydada davam etdiyi bildirilib.
Bununla belə, Taylandın turizm rəsmiləri nəqliyyatda yarana biləcək gecikmələri nəzərə alaraq sərnişinlərə səfər planlarına əlavə 2-3 saat vaxt ayırmağı tövsiyə ediblər.
Tayland ötən il də güclü daşqınlarla üzləşib
Tayland ötən ilin noyabrında son illərin ən ağır daşqınlarından biri ilə üzləşib. Ölkənin cənub əyalətlərində baş verən daşqınlar nəticəsində ən azı 145 nəfər həyatını itirib, minlərlə evə ziyan dəyib.









