Vuçiç istefa verdi, Serbiyada növbədənkənar prezident seçkisi keçiriləcək
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verdiyini açıqlayıb.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, Vuçiç sentyabrın 27-də prezident iqamətgahında xalqa müraciəti zamanı istefa ərizəsini imzaladığını bildirib.
O, prezident səlahiyyətlərinin Milli Məclisin sədri Ana Brnabiçə keçəcəyini deyib. Brnabiç yeni prezident seçilənədək dövlət başçısının səlahiyyətlərini icra edəcək.
Prezident seçkiləri dekabradək keçirilməlidir
Vuçiç istefasından sonra prezident seçkilərinin dekabrın sonunadək keçirilməli olduğunu bildirib.
“Bu şəkildə mənə bir insanın üzərinə götürə biləcəyi ən ali vəzifəni və məsuliyyəti verdiniz. Bu gün mənim istefa verdiyim gündür”, - deyə o bildirib.
Serbiyada növbədənkənar parlament seçkiləri oktyabrın 25-nə təyin olunub. Seçkilər çərçivəsində Vuçiç Serbiyanın hakim Serb Tərəqqi Partiyasının (SNS) siyahısında iştirak edəcək.
Vuçiç seçkilərə sıravi vətəndaş kimi qatılacaq
Vuçiç oktyabrın 25-də keçiriləcək növbədənkənar parlament seçkilərində prezident kimi deyil, sıravi vətəndaş kimi iştirak etmək istədiyini bildirib.
O, seçkidə qalib gələcək qüvvənin qarşısında ölkədə sülh və sabitliyi qorumaq, həmçinin iqtisadi inkişafı davam etdirmək kimi vəzifələrin dayanacağını qeyd edib.
“Kim xalqın etimadını qazanacaqsa, bunu seçki siyahılarından birinin ilk sırasında dayanan şəxs kimi deyil, prezident kimi deyirəm, sülhü və sabitliyi qorumağa borclu olacaq. İqtisadi inkişafı davam etdirməliyik. Lakin iqtisadi inkişafdan danışarkən ilk növbədə innovasiyalara, süni intellektə, robotlara və geridə qalmamağa diqqət yetirməliyik”, - deyə Vuçiç vurğulayıb.
Qeyd edək ki, Vuçiçin istefasından sonra Ana Brnabiç müvəqqəti olaraq Serbiya prezidentinin səlahiyyətlərini icra edəcək. Ölkədə prezident seçkilərinin ilin sonunadək keçirilməsi nəzərdə tutulur.










