27 Sentyabrdan Zəfərə: Azərbaycanın dəyişən tarixinin altı ili | 1news.az | Xəbərlər
Mövqe

27 Sentyabrdan Zəfərə: Azərbaycanın dəyişən tarixinin altı ili

Qafar Ağayev10:00 - Bu gün
27 Sentyabrdan Zəfərə: Azərbaycanın dəyişən tarixinin altı ili

27 sentyabr: Zəfərə aparan yolun ilk addımı

Təqvimdə sentyabrın 27-si yazılanda Azərbaycanda hər kəsin yadına ilk növbədə 2020-ci il düşür. Məhz həmin gün — altı il bundan öncə — ölkə tarixinin gedişatını dəyişən hadisələr başladı. Ermənistan tərəfi cəbhə boyu geniş miqyaslı təxribatlara əl atmış, ordumuzun mövqelərini və dinc yaşayış məntəqələrimizi atəşə tutmuşdu. Bunun cavabı gecikmədi: Azərbaycan Ordusu bütün istiqamətlər üzrə əks-hücuma başladı və artıq həmin saatlardan cəbhədə tamam başqa bir mərhələ açıldı.

Günün ilk yarısında Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa üz tutdu. Onun sözləri sadə bir bəyanat deyil, gələcək 44 günün mənəvi əsasını qoyan mesaj idi — Azərbaycanın haqlı olduğuna, bu mübarizənin qələbə ilə bitəcəyinə tam əminlik. Elə həmin andan etibarən ordu üçün bu, artıq sıravi bir cavab tədbiri yox, tarixi missiyaya çevrildi.

Başlanğıcda hərbi dairələrdə "Dəmir yumruq" adı ilə tanınan bu əməliyyat get-gedə miqyasını genişləndirdi və nəticə etibarı ilə 44 günlük Vətən müharibəsi kimi yaddaşlara həkk olundu.

Cəbhədə sürətlə dəyişən mənzərə

İlk günlərdən ordumuzun addımları qətiyyətli oldu. Düşmənin illərlə əlindən çıxarmadığı, üstəlik güclü şəkildə istehkamlaşdırdığı mövqelər bir-birinin ardınca yarılırdı. Füzulinin kəndləri, Cəbrayılın Nüzgar və Böyük Mərcanlı yaşayış məntəqələri, həmçinin Ağdərə istiqamətindəki strateji yüksəkliklər azad edilənlər siyahısına qoşuldu.

Oktyabr ayı isə hadisələrin sürətini bir az da artırdı. Ayın 3-də Suqovuşan, sabahı gün Cəbrayıl şəhəri, doqquzunda isə Hadrut qəsəbəsi düşməndən təmizləndi. On yeddisi Füzuli şəhəri üzərində bayrağımız ucaldı, bir gün sonra isə eyni mənzərə Xudafərin körpüsündə təkrarlandı. Ayın iyirmisində Zəngilan, ardınca Qubadlı şəhəri və ətrafındakı kəndlər sırayla azad olundu. Elə bircə həftə ərzində, oktyabrın sonlarında  daha 53 kənd Azərbaycan Ordusunun bayrağı altına keçdi.

Bütün bu addımlar, əslində, bir hədəfə - Qarabağın qəlbi sayılan Şuşaya doğru atılırdı.

Şuşa: müharibənin dönüş nöqtəsi

Şuşa uğrunda döyüşlər Azərbaycan hərb tarixinin ən qürurverici səhifələrindən birini yazdı. Xüsusi təyinatlılar dağlıq və meşəlik ərazidən, sıldırım qayalardan keçərək şəhərə bir neçə istiqamətdən daxil oldular və qısa müddətdə şəhəri işğaldan azad etdilər.

2020-ci il noyabrın 8-də səhər saatlarında Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciət edərək tarixi xəbəri elan etdi: iyirmi səkkiz il yarım işğalda qalan Şuşa artıq azaddır. Bu, sadəcə bir şəhərin azad olunması deyil, bütün müharibənin taleyini həll edən an idi.

Şuşadan sonra Ermənistan ordusunun müqavimət gücü tamamilə sarsıldı. Cəbhədə bir gün ərzində daha onlarla kənd və strateji yüksəklik azad edildi, düşmən artıq döyüşü davam etdirmək iqtidarında deyildi.

Silahların susduğu gecə

Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən üçtərəfli Bəyanat imzalandı, hərbi əməliyyatlara son qoyuldu. Sənədə əsasən, Ermənistan noyabrın 20-də Ağdamı, 25-də Kəlbəcəri, dekabrın 1-də isə Laçını Azərbaycana təhvil verdi.

Nəticədə, sentyabrın 27-də başlayan əks-hücum əməliyyatı cəmi 44 gün ərzində 5 şəhərin, 4 qəsəbənin və 286 kəndin azad olunması ilə başa çatdı. Bu, üç onillik işğala son qoyan tarixi Zəfər idi.

Qələbənin arxasındakı birlik

Hərbi meydandakı uğur təkcə silahla deyil, xalqın birliyi ilə də qazanıldı. Ölkə daxilində və xaricində yaşayan azərbaycanlılar Vətənin haqq səsini dünyaya çatdırmaq üçün səfərbər oldu, cəmiyyət etnik və dini mənsubiyyətindən asılı olmayaraq bir yumruq kimi birləşdi. Elə bu həmrəylik "Dəmir yumruq" ifadəsində öz simvolik ifadəsini tapdı.

Diplomatik və informasiya cəbhəsində də fəal mübarizə aparıldı — dövlət başçısı müharibə dövründə dünyanın aparıcı media qurumlarına onlarla müsahibə verərək həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. Bu Zəfər, təəssüf ki, ağır itkilər bahasına başa gəldi, Vətən müharibəsində 2 min 900-dən artıq əsgər və zabitimiz şəhid oldu.

Zəfərdən sonrakı yol: Laçından antiterrora

Müharibədən sonra da tarix dayanmadı. 2022-ci ildə Anım Günü ərəfəsində Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi, sentyabrın 21-də isə Prezident İlham Əliyev şəxsən Laçında Dövlət Bayrağını ucaltdı.

Bir il sonra, 2023-cü il sentyabrın 19-da keçirilən qısamüddətli antiterror tədbirləri nəticəsində Qarabağdakı separatçı qurum və qeyri-qanuni erməni silahlı birləşmələri tərk-silah edildi. Beləliklə, Azərbaycanın bütün ərazisində dövlət suverenliyi və Konstitusiya quruluşu tam bərpa olundu, münaqişə tarixə qovuşdu.

Bu proseslərin davamı olaraq ölkə təqviminə yeni tarixi günlər əlavə olundu: 20 sentyabr Dövlət Suverenliyi Günü, habelə Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Laçın, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Ağdam və Kəlbəcər şəhərlərinin azad olunma günləri.

Zəfərin daşlaşan yaddaşı

Qazanılan Qələbənin gələcək nəsillərə ötürülməsi məqsədilə ölkədə silsilə memorial layihələr həyata keçirilib. 2024-cü ilin noyabrında Bakıda 10 hektarlıq Zəfər Parkı istifadəyə verilib. Parkın girişindəki 44 metr hündürlüyündə, 44 sütunlu Zəfər tağı məhz 44 günlük müharibənin simvoludur. Bir il sonra, 2025-ci ilin noyabrında isə həmin kompleksdə Qarabağın tarixini, müharibənin gedişini və azad edilmiş ərazilərin dirçəlişini əks etdirən Zəfər Muzeyi qapılarını açıb.

Xankəndidə də 2025-ci ilin dekabrında oxşar konsepsiyalı Zəfər Parkı yaradılıb, 44 pilləkənli giriş hissəsi ilə. Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Şuşada da analoji muzey və memorial komplekslərin qurulması istiqamətində işlər davam edir.

Azad edilmiş ərazilər: viranədən müasir şəhərə

Silahlar susandan sonra Qarabağın və Şərqi Zəngəzurun mənzərəsi il-ildən tanınmaz hala düşür. 2022-ci ildən başlayan "Böyük Qayıdış" proqramı çərçivəsində minlərlə ailə öz doğma yurduna qayıdır. Bu proses 2022–2026-cı illəri əhatə edən dövlət proqramı əsasında aparılır, növbəti mərhələ isə daha uzun bir dövrü — 2026–2040-cı illəri əhatə edəcək və bölgəni Azərbaycanın ən inkişaf etmiş regionlarından birinə çevirmək hədəflənir.

Rəqəmlərin dili də bu işin miqyasını göstərir. Bu gün 10 şəhər, 3 qəsəbə və 31 kənddə Böyük Qayıdışa artıq start verilib, 85 mindən çox soydaşımız Qarabağda və Şərqi Zəngəzurda yaşayır, işləyir, təhsil alır. Amma bu asan yol olmayıb — otuz il işğalda qalan torpaqlar əvvəlcə mina və partlamamış sursat məzarlığına çevrilmişdi, ona görə tikinti işləri minatəmizləmə ilə addım-addım aparılıb.

Bərpa təkcə evlər və yollarla bitmir. Bölgə enerji baxımından da yeni simaya bürünüb — Xudafərin və Qız qalası su elektrik stansiyaları, günəş panelləri, onlarla kiçik su elektrik stansiyası artıq işə düşüb, onların enerjisini ümumi şəbəkəyə ötürmək üçün Cəbrayılda yeni enerji qovşağı yaradılıb. Eyni zamanda azad olunmuş ərazilərdə ideal yol infrastrukturu yaradılır. Bu təcrübə beynəlxalq səviyyədə də görülür: Azərbaycanın ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunda Qarabağda formalaşan yeni şəhərsalma modeli xüsusi diqqətlə təqdim olunub.

Festivalların, forumların və beynəlxalq görüşlərin ünvanına çevrilən Qarabağ

Bu gün Şuşa təkcə bərpa olunan şəhər deyil, həm də mədəni və diplomatik həyatın mərkəzinə çevrilib. Hər il "Xarıbülbül" Musiqi Festivalı və Vaqif Poeziya Günləri məhz burada keçirilir, şəhər bir neçə beynəlxalq idman yarışına da ev sahibliyi edib. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammiti də Şuşada baş tutub.

Bunlardan biri isə xüsusi diqqət çəkir: Şuşa Qlobal Media Forumu. 2022-ci ildə kiçik bir təşəbbüs kimi başlayan bu forum indi dünyanın onlarla ölkəsindən jurnalistləri bir yerə toplayır. Bu il, iyulun 13-14-də keçirilən dördüncü forum rekord nəticə göstərib: 54 ölkədən 160-a yaxın media nümayəndəsi Şuşada bir araya gəlib, sülh gündəliyi və obyektiv informasiyanın önəmi müzakirə olunub.

Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Şuşa artıq təkcə Zəfərin deyil, həm də açıqlığın rəmzidir. Bir vaxtlar işğalda qalan şəhər bu gün dünyanın diqqətini özünə çəkən mədəniyyət və dialoq məkanına çevrilib.

Anım Günü: Əbədi hörmət nişanəsi

Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, məhz müharibənin başladığı gün - sentyabrın 27-si hər il Azərbaycanda Anım Günü kimi qeyd olunur. Bu gün ölkə daxilində və xaricindəki diplomatik nümayəndəliklərdə anım tədbirləri təşkil olunur, məscid, kilsə və sinaqoqlarda şəhidlərimizin ruhuna dualar oxunur. Saat 12:00-da isə bütün ölkə ərazisində bir dəqiqəlik sükutla şəhidlərin xatirəsi yad edilir.

Vətən uğrunda canını qurban verən hər bir əsgər, zabit və qazimizin adı Azərbaycan tarixində əbədi həkk olunub. Onların qəhrəmanlığı gələcək nəsillər üçün əbədi örnək olaraq qalacaq.

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin!

Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Vətən müharibəsi dövründə yaşayış məntəqələrinin və yüksəkliklərin işğaldan azad edilmə xronologiyası:

№ TARİX RAYON YAŞAYIŞ MƏNTƏQƏSİ
1. 27.09.2020 Füzuli Qaraxanbəyli
2. 27.09.2020 Füzuli Qərvənd
3. 27.09.2020 Füzuli Horadiz kəndi
4. 27.09.2020 Cəbrayıl Böyük Mərcanlı
5. 27.09.2020 Cəbrayıl Nüzgar
6. 27.09.2020 Kəlbəcər Murovdağ zirvəsi
7. 03.10.2020 Cəbrayıl Mehdili
8. 03.10.2020 Cəbrayıl Çaxırlı
9. 03.10.2020 Cəbrayıl Aşağı Maralyan
10. 03.10.2020 Cəbrayıl Şəybəy
11. 03.10.2020 Cəbrayıl Quycaq
12. 03.10.2020 Füzuli Aşağı Əbdürrəhmanlı
13. 03.10.2020 Tərtər Suqovuşan
14. 03.10.2020 Tərtər Talış
15. 04.10.2020 Cəbrayıl Cəbrayıl ş.
16. 04.10.2020 Cəbrayıl Şükürbəyli
17. 04.10.2020 Cəbrayıl Çərəkən
18. 04.10.2020 Cəbrayıl Daşkəsən
19. 04.10.2020 Cəbrayıl Horovlu
20. 04.10.2020 Cəbrayıl Mahmudlu (kənd)
21. 04.10.2020 Cəbrayıl Cəfərabad
22. 04.10.2020 Cəbrayıl Yuxarı Maralyan
23. 04.10.2020 Cəbrayıl Dəjəl
24. 04.10.2020 Cəbrayıl Karxulu
25. 05.10.2020 Cəbrayıl Şıxalıağalı
26. 05.10.2020 Cəbrayıl Sarıcallı
27. 05.10.2020 Cəbrayıl Məzrə
28. 09.10.2020 Cəbrayıl Qışlaq
29. 09.10.2020 Tərtər Çaylı
30. 09.10.2020 Cəbrayıl Qaracallı
31. 09.10.2020 Cəbrayıl Əfəndilər
32. 09.10.2020 Cəbrayıl Süleymanlı
33. 09.10.2020 Füzuli Yuxarı Güzlək
34. 09.10.2020 Füzuli Gorazıllı
35. 09.10.2020 Xocavənd Hadrut q.
36. 09.10.2020 Xocavənd Sor
37. 14.10.2020 Füzuli Qaradağlı
38. 14.10.2020 Füzuli Xatınbulaq
39. 14.10.2020 Füzuli Qarakollu
40. 14.10.2020 Xocavənd Bulutan
41. 14.10.2020 Xocavənd Məlikcanlı
42. 14.10.2020 Xocavənd Qırmızıqaya
43. 14.10.2020 Xocavənd Dağdöşü
44. 14.10.2020 Xocavənd Tağaser
45. 15.10.2020 Füzuli Arış
46. 15.10.2020 Cəbrayıl Doşulu
47. 15.10.2020 Xocavənd Edişə
48. 15.10.2020 Xocavənd Düdükçü
49. 15.10.2020 Xocavənd Edilli
50. 15.10.2020 Xocavənd Çiraquz
51. 16.10.2020 Xocavənd Xırmancıq
52. 16.10.2020 Xocavənd Ağbulaq
53. 16.10.2020 Xocavənd Axullu
54. 17.10.2020 Füzuli Füzuli ş.
55. 17.10.2020 Füzuli Qoçəhmədli
56. 17.10.2020 Füzuli Cuvarlı
57. 17.10.2020 Füzuli Pirəhmədli
58. 17.10.2020 Füzuli Musabəyli
59. 17.10.2020 Füzuli Çimən
60. 17.10.2020 Füzuli İşıqlı
61. 17.10.2020 Füzuli Dədəli
62. 18.10.2020 Cəbrayıl Hacılı
63. 18.10.2020 Cəbrayıl Hacı İsaqlı
64. 18.10.2020 Cəbrayıl Xudafərin q.
65. 19.10.2020 Cəbrayıl Soltanlı
66. 19.10.2020 Cəbrayıl Əmirvarlı
67. 19.10.2020 Cəbrayıl Maşanlı
68. 19.10.2020 Cəbrayıl Hasanlı
69. 19.10.2020 Cəbrayıl Alıkeyxalı
70. 19.10.2020 Cəbrayıl Qumlaq
71. 19.10.2020 Cəbrayıl Göyərçin Veysəlli
72. 19.10.2020 Cəbrayıl Niyazqulular
73. 19.10.2020 Cəbrayıl Keçəl Məmmədli
74. 19.10.2020 Cəbrayıl Şahvəlli
75. 19.10.2020 Cəbrayıl İsaqlı
76. 20.10.2020 Füzuli Dördçinar
77. 20.10.2020 Füzuli Kürdlər
78. 20.10.2020 Füzuli Yuxarı Əbdurrəhmanlı
79. 20.10.2020 Füzuli Qarğabazar
80. 20.10.2020 Füzuli Aşağı Veysəlli
81. 20.10.2020 Füzuli Yuxarı Aybasanlı
82. 20.10.2020 Cəbrayıl Safarşa
83. 20.10.2020 Cəbrayıl Həsənqaydı
84. 20.10.2020 Cəbrayıl Fuğanlı
85. 20.10.2020 Cəbrayıl İmambağı
86. 20.10.2020 Cəbrayıl Daş Veysəlli
87. 20.10.2020 Cəbrayıl Ağtəpə
88. 20.10.2020 Cəbrayıl Yarəhmədli
89. 20.10.2020 Xocavənd Ağcakənd
90. 20.10.2020 Xocavənd Mülküdərə
91. 20.10.2020 Xocavənd Daşbaşı
92. 20.10.2020 Xocavənd Günəşli
93. 20.10.2020 Xocavənd Çinarlı
94. 20.10.2020 Zəngilan Zəngilan ş.
95. 20.10.2020 Zəngilan Havalı
96. 20.10.2020 Zəngilan Məmmədbəyli
97. 20.10.2020 Zəngilan Həkəri q.
98. 20.10.2020 Zəngilan Şərifan
99. 20.10.2020 Zəngilan Muğanlı
100. 21.10.2020 Füzuli Gecəgözlü
101. 21.10.2020 Füzuli Aşağı Seyidəhmədli
102. 21.10.2020 Füzuli Zərgər
103. 21.10.2020 Cəbrayıl Balyand
104. 21.10.2020 Cəbrayıl Papı
105. 21.10.2020 Cəbrayıl Tulus
106. 21.10.2020 Cəbrayıl Tinli
107. 21.10.2020 Zəngilan Mincivan q.
108. 21.10.2020 Zəngilan Babaylı
109. 21.10.2020 Zəngilan Üçüncü Ağalı
110. 21.10.2020 Zəngilan Sarıl
111. 21.10.2020 Zəngilan Xumarlı
112. 21.10.2020 Zəngilan Hacallı
113. 21.10.2020 Zəngilan Xurama
114. 21.10.2020 Zəngilan Cahangirbəyli
115. 21.10.2020 Zəngilan Turabad
116. 21.10.2020 Zəngilan İçəri Müşlan
117. 21.10.2020 Zəngilan Qıraq Müşlan
118. 21.10.2020 Zəngilan Məlikli
119. 21.10.2020 Zəngilan Üdgün
120. 21.10.2020 Zəngilan Baharlı
121. 22.10.2020 Füzuli Mollavəli
122. 22.10.2020 Füzuli Yuxarı Rəfədinli
123. 22.10.2020 Füzuli Aşağı Rəfədinli
124. 22.10.2020 Cəbrayıl Sirik
125. 22.10.2020 Cəbrayıl Şıxlar
126. 22.10.2020 Cəbrayıl Məstalıbəyli
127. 22.10.2020 Cəbrayıl Dərzili
128. 22.10.2020 Zəngilan Kolluqışlaq
129. 22.10.2020 Zəngilan Malatkeşin
130. 22.10.2020 Zəngilan Zəngilan (kənd)
131. 22.10.2020 Zəngilan Genlik
132. 22.10.2020 Zəngilan Vəliqulubəyli
133. 22.10.2020 Zəngilan Qaradərə
134. 22.10.2020 Zəngilan Çöpədərə
135. 22.10.2020 Zəngilan Tatar
136. 22.10.2020 Zəngilan Tiri
137. 22.10.2020 Zəngilan Əmirxanlı
138. 22.10.2020 Zəngilan Qarqulu
139. 22.10.2020 Zəngilan Bartaz (kənd)
140. 22.10.2020 Zəngilan Dəlləkli
141. 22.10.2020 Zəngilan Ağbənd q.
142. 23.10.2020 Xocavənd Dolanlar
143. 23.10.2020 Xocavənd Bünyadlı
144. 23.10.2020 Cəbrayıl Dağ Tumas
145. 23.10.2020 Cəbrayıl Nüsüs
146. 23.10.2020 Cəbrayıl Xələfli q.
147. 23.10.2020 Cəbrayıl Minbaşılı
148. 23.10.2020 Zəngilan Vənədli
149. 23.10.2020 Zəngilan Mirzəhəsənli
150. 23.10.2020 Qubadlı Zilanlı
151. 23.10.2020 Qubadlı Kürd Mahruzlu
152. 23.10.2020 Qubadlı Muğanlı
153. 23.10.2020 Qubadlı Alaqurşaq
154. 25.10.2020 Zəngilan Birinci Alıbəyli
155. 25.10.2020 Zəngilan İkinci Alıbəyli
156. 25.10.2020 Zəngilan Rəbənd
157. 25.10.2020 Zəngilan Yenikənd
158. 25.10.2020 Cəbrayıl Qovşudlu
159. 25.10.2020 Cəbrayıl Sofulu
160. 25.10.2020 Cəbrayıl Dağ Maşanlı
161. 25.10.2020 Cəbrayıl Kürdlər
162. 25.10.2020 Cəbrayıl Hovuslu
163. 25.10.2020 Qubadlı Padar
164. 25.10.2020 Qubadlı Əfəndilər
165. 25.10.2020 Qubadlı Yusifbəyli
166. 25.10.2020 Qubadlı Çaytumas
167. 25.10.2020 Qubadlı Xanlıq
168. 25.10.2020 Qubadlı Sarıyataq
169. 25.10.2020 Qubadlı Mollabürhan
170. 25.10.2020 Qubadlı Qubadlı ş.
171. 26.10.2020 Cəbrayıl Çələbilər
172. 28.10.2020 Zəngilan Birinci Ağalı
173. 28.10.2020 Zəngilan İkinci Ağalı
174. 28.10.2020 Zəngilan Zərnəli
175. 28.10.2020 Füzuli Mandılı
176. 28.10.2020 Cəbrayıl Qazanzəmi
177. 28.10.2020 Cəbrayıl Xanağabulaq
178. 28.10.2020 Cəbrayıl Çullu
179. 28.10.2020 Cəbrayıl Quşçular
180. 28.10.2020 Cəbrayıl Qaraağac
181. 28.10.2020 Qubadlı Qiyaslı
182. 28.10.2020 Qubadlı Əbilcə
183. 28.10.2020 Qubadlı Qilican
184. 30.10.2020 Cəbrayıl Xudaverdili
185. 30.10.2020 Cəbrayıl Qurbantəpə
186. 30.10.2020 Cəbrayıl Şahvələdli
187. 30.10.2020 Cəbrayıl Xubyarlı
188. 30.10.2020 Zəngilan Aladin
189. 30.10.2020 Zəngilan Vejnəli
190. 30.10.2020 Qubadlı Kavdadıq
191. 30.10.2020 Qubadlı Məmər
192. 30.10.2020 Qubadlı Mollalı
193. 02.11.2020 Cəbrayıl Çapand
194. 02.11.2020 Cəbrayıl Qoşabulaq
195. 02.11.2020 Zəngilan Dərə Gilətağ
196. 02.11.2020 Zəngilan Böyük Gilətağ
197. 02.11.2020 Qubadlı İşıqlı
198. 02.11.2020 Qubadlı Muradxanlı
199. 02.11.2020 Qubadlı Milanlı
200. 04.11.2020 Cəbrayıl Mirək
201. 04.11.2020 Cəbrayıl Kavdar
202. 04.11.2020 Zəngilan Məşədiismayıllı
203. 04.11.2020 Zəngilan Şəfibəyli
204. 04.11.2020 Qubadlı Başarat
205. 04.11.2020 Qubadlı Qarakişilər
206. 04.11.2020 Qubadlı Qaracallı
207. 07.11.2020 Füzuli Yuxarı Veysəlli
208. 07.11.2020 Füzuli Yuxarı Seyidəhmədli
209. 07.11.2020 Füzuli Qorqan
210. 07.11.2020 Füzuli Üçüncü Mahmudlu
211. 07.11.2020 Füzuli Qacar
212. 07.11.2020 Füzuli Divanalılar
213. 07.11.2020 Cəbrayıl Yuxarı Məzrə
214. 07.11.2020 Cəbrayıl Yanarxac
215. 07.11.2020 Qubadlı Qəzyan
216. 07.11.2020 Qubadlı Balasoltanlı
217. 07.11.2020 Qubadlı Mərdanlı
218. 07.11.2020 Zəngilan Beşdəli
219. 07.11.2020 Xocalı Qarabulaq
220. 07.11.2020 Xocalı Baharlı
221. 07.11.2020 Xocavənd Ataqut
222. 07.11.2020 Xocavənd Hünərli
223. 08.11.2020 Şuşa Şuşa ş.
224. 09.11.2020 Füzuli Qobu Dilağarda
225. 09.11.2020 Füzuli Yal Pirəhmədli
226. 09.11.2020 Füzuli Yuxarı Yağlıvənd
227. 09.11.2020 Füzuli Dilağarda
228. 09.11.2020 Füzuli Seyidmahmudlu
229. 09.11.2020 Füzuli Ələsgərli
230. 09.11.2020 Füzuli Aşağı Güzlək
231. 09.11.2020 Füzuli Govşatlı
232. 09.11.2020 Füzuli Mirzəcamallı
233. 09.11.2020 Füzuli Şəkərcik
234. 09.11.2020 Füzuli Merdinli
235. 09.11.2020 Füzuli Şıxlı
236. 09.11.2020 Füzuli Qaraməmmədli
237. 09.11.2020 Füzuli Dövlətyarlı
238. 09.11.2020 Füzuli Hüseynbəyli
239. 09.11.2020 Füzuli Saracıq
240. 09.11.2020 Xocalı Dəmirçilər
241. 09.11.2020 Xocalı Çanaqçı
242. 09.11.2020 Xocalı Mədətkənd
243. 09.11.2020 Xocalı Sığnaq
244. 09.11.2020 Şuşa Daşaltı
245. 09.11.2020 Xocavənd Susanlıq
246. 09.11.2020 Xocavənd Binə
247. 09.11.2020 Xocavənd Tuğ
248. 09.11.2020 Xocavənd Ağdam
249. 09.11.2020 Xocavənd Azıx
250. 09.11.2020 Xocavənd Böyük Tağlar
251. 09.11.2020 Xocavənd Salakətin
252. 09.11.2020 Xocavənd Zoğalbulaq
253. 09.11.2020 Xocavənd Arakül
254. 09.11.2020 Xocavənd Tağaverd
255. 09.11.2020 Xocavənd Zərdanaşen
256. 09.11.2020 Xocavənd Şexer
257. 09.11.2020 Cəbrayıl Hüseynalılar
258. 09.11.2020 Cəbrayıl Söyüdlü
259. 09.11.2020 Cəbrayıl Aşağı Sirik
260. 09.11.2020 Cəbrayıl Qalacıq
261. 09.11.2020 Cəbrayıl Molla Həsənli
262. 09.11.2020 Cəbrayıl Əsgərxanlı
263. 09.11.2020 Cəbrayıl Yuxarı Nüsüs
264. 09.11.2020 Cəbrayıl Aşıq Məlikli
265. 09.11.2020 Cəbrayıl Niftalılar
266. 09.11.2020 Cəbrayıl Qərər
267. 09.11.2020 Qubadlı Yuxarı Mollu
268. 09.11.2020 Qubadlı Aşağı Mollu
269. 09.11.2020 Qubadlı Xocik
270. 09.11.2020 Qubadlı Qaraimanlı
271. 09.11.2020 Qubadlı Xəndək
272. 09.11.2020 Qubadlı Həmzəli
273. 09.11.2020 Qubadlı Mahruzlu
274. 09.11.2020 Qubadlı Hal
275. 09.11.2020 Qubadlı Ballıqaya
276. 09.11.2020 Qubadlı Ulaşlı
277. 09.11.2020 Qubadlı Tinli
278. 09.11.2020 Qubadlı Xocahan
279. 09.11.2020 Qubadlı Boyunəkər
280. 09.11.2020 Qubadlı Qaraqoyunlu
281. 09.11.2020 Qubadlı Çərəli
282. 09.11.2020 Zəngilan Keçikli
283. 09.11.2020 Zəngilan Ördəkli
284. 09.11.2020 Zəngilan Sobu
285. 09.11.2020 Zəngilan Qaragöz
286. 09.11.2020 Zəngilan İsgəndərbəyli
287. 09.11.2020 Zəngilan Bartaz q.
288. 09.11.2020 Zəngilan Bartaz (2300 m)
289. 09.11.2020 Zəngilan Sığırt (1370 m)
290. 09.11.2020 Zəngilan Şükürataz (2000 m)
291. 09.11.2020 Laçın Güləbird
292. 09.11.2020 Laçın Səfiyan
293. 09.11.2020 Laçın Türklər
294. 20.11.2020 Ağdam Ağdam
295. 25.11.2020 Kəlbəcər Kəlbəcər
296. 01.12.2020 Laçın Laçın
Paylaş:
86

Son xəbərlər

Bütün xəbərlər