Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edildi
Bakı şəhərində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçıları üçün real təhlükə yaradan sürücü saxlanılıb.
1news.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən “Subaru” markalı, 99-LT-866 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İlkin Məmmədov saxlanılıb.
Araşdırma zamanı sürücünün yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının sağlamlığı üçün real təhlükə yaratdığı müəyyən edilib.
İ.Məmmədov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə sürücünün nəqliyyat vasitələrini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka müddətinə inzibati qaydada həbs edilib.












