70 ölkə, 30 trilyon dollar və yeni hədəflər: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumundan hansı nəticələr çıxarılmalıdır? - ŞƏRH
Bakı bu həftə dünyanın diqqətini çəkən daha bir beynəlxalq tədbirə ev sahibliyi etdi.
25-26 sentyabr tarixlərində Prezident İlham Əliyevin təşəbbüsü ilə paytaxtda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu, digər beynəlxalq tədbirlər kimi qarşıya qoyulan hədəfə uğurla çatdı. Qlobal iqtisadiyyatda son dövrlər hökm sürən qeyri-müəyyənlik fonunda investorların prioritetləri dəyişib – artıq qısamüddətli qazanc deyil, sabitlik və uzunmüddətli etibarlılıq ön plana keçib. Məhz bu kontekstdə Bakıda baş tutan Forum Azərbaycanın beynəlxalq maliyyə dünyası ilə əlaqələrində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Rəqəmlər tədbirin miqyası barədə kifayət qədər aydın təsəvvür yaradır. Belə ki, Forumda təmsil olunan investisiya qurumlarının idarə etdiyi aktivlərin ümumi dəyəri 30 trilyon dolları ötüb. Bu, dünya maliyyə sisteminin ən nüfuzlu oyunçularının Bakıya cəlb olunduğunu göstərən vacib göstəricidir. Bundan əlavə, iştirakçılar arasında suveren fondlar, dövlət qurumları və pensiya fondlarının təmsil etdiyi təxminən 2,8 trilyon dollarlıq kapital da xüsusi qeyd olunmalıdır.
Əslində, bu ilki Forumun töhfəsini düzgün qiymətləndirmək üçün ötən ilki nəticələrə nəzər salmaq lazımdır. I Forum çərçivəsində 10 milyard dollardan çox həcmində investisiya sazişi imzalanmışdı, bunun 7 milyard dollardan artığı isə qeyri-neft sektoruna yönəlmişdi. Bu göstəricilər onu sübut etdi ki, Bakıda qurulan dialoq sadəcə niyyət bəyanatları ilə bitmir, real sazişlərə çevrilə bilir. İkinci Forum isə həmin etibar zəminində daha geniş bir gündəlik formalaşdırdı: söhbət artıq təkcə kapital cəlbindən getmir, yeni texnologiyalar, idarəetmə təcrübəsi və beynəlxalq bazarlara çıxış imkanları da müzakirə mövzusuna çevrilib.
Tədbirdə 70 ölkədən 803 xarici nümayəndə daxil olmaqla, ümumilikdə 3 000-dən artıq şəxs qeydiyyatdan keçib, bu say tədbirə maraqdan xəbər verir. Nümayəndələr arasında dünyanın ən böyük aktiv idarəetmə şirkəti "BlackRock", eləcə də ADIA, "Temasek" və "Türkiye Wealth Fund"(Türkiyə Varlıq Fondu) kimi tanınmış suveren fondların adları xüsusi diqqət çəkir. Bütün bu göstəricilər bir daha təsdiqləyir ki, Azərbaycanın investisiya gündəliyi artıq ənənəvi çərçivələri aşaraq enerjidən süni intellektə, yaşıl texnologiyalardan rəqəmsal infrastruktura qədər geniş bir sahəni əhatə edib.
Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablayan Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, Beynəlxalq İnvestisiya Forumunun keçirilməsi və Azərbaycan Prezidentinin bu tədbirdə iştirakı ölkənin dünyanın aparıcı şirkətləri ilə əməkdaşlığını gücləndirdiyini bir daha göstərir.
Deputat deyib ki, “hazırda daha çox xarici sərmayənin cəlb edilməsi istiqamətində həm investisiya mühitinin yaxşılaşdırılması, həm də xarici investorlar üçün yeni və çevik mexanizmlərin tətbiqi həyata keçirilir. Forumda dünyanın aparıcı şirkətlərinin iştirak etməsi, eləcə də 30 milyon dollar investisiya potensialına malik şirkətlərin Azərbaycana gəlməsi ölkəmizin xarici investorlar üçün cəlbedici olduğunu göstərir. Bu şirkətlərin Azərbaycanda fəaliyyət göstərməsi gələcəkdə daha böyük həcmdə investisiyaların cəlb edilməsinə imkan yarada bilər. Nəzərə alsaq ki, əvvəlki investisiya forumunda imzalanan sazişlər qeyri-neft sektoruna daha çox sərmayənin yönəldilməsinə şərait yaradıb, bu istiqamətdə müsbət nəticələrin davam edəcəyini gözləmək mümkündür”.
O bildirib ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına 34,2 milyard manat investisiya cəlb edilib.
“Bunun 16,7 milyard manatı və ya 9,8 milyard dolları xarici investisiyaların payına düşüb. Ötən il Azərbaycan iqtisadiyyatına cəlb edilən xarici investisiyaların həcmi 17 faiz artıb. Xüsusilə “BlackRock” kimi iri qlobal şirkətlərin, eləcə də rəqəmsal texnologiyalar və süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərin forumda iştirak etməsi Azərbaycanın rəqəmsal inkişafla bağlı hədəflərinin reallaşmasına da əlavə imkanlar yaradır”.
Deputat vurğulayıb ki, Azərbaycan regionda süni intellekt mərkəzinə çevrilməyi hədəfləyən ölkələrdəndir.
“Bu baxımdan xarici sərmayənin cəlb edilməsi və data mərkəzlərinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Bu şirkətlərlə əməkdaşlıq Azərbaycanda rəqəmsal ekosistemin formalaşmasına və inkişafına ciddi dəstək verə bilər. Eyni zamanda, Azərbaycanın beynəlxalq hesabatlardakı mövqeyinin və investisiya cəlbediciliyinin yaxşılaşması da xarici investisiyaların cəlb edilməsini stimullaşdırır. Dünya Bankı və digər aparıcı qurumların hesabatlarında Azərbaycanın investisiya cəlbediciliyinin artması ilə bağlı göstəricilər də bunu təsdiqləyir. Bu amillər ölkə iqtisadiyyatına daha çox xarici sərmayənin cəlb edilməsi üçün əlavə imkanlar formalaşdırır”.
Müəllifin fikirləri:
“Forumun yekunları göstərir ki, Azərbaycan üçün investisiya gündəliyi artıq yalnız neft və qaz sektoru ilə məhdudlaşmır. Bakıda bir araya gələn iri investorların diqqətində rəqəmsal texnologiyalar, süni intellekt, yaşıl enerji və yeni iqtisadi sahələr də var. Bu isə ölkənin qarşıdakı dövrdə xarici kapital üçün daha geniş imkanlar yaratmaq niyyətindən xəbər verir. Digər tərəfdən, iri investisiya qurumlarının Azərbaycana marağı ölkənin regional iqtisadi mövqeyinin də möhkəmləndiyini göstərən amillərdən biridir. Əsas məsələ isə Forum çərçivəsində yaranan əlaqələrin konkret investisiya layihələrinə və yeni əməkdaşlıqlara çevrilməsidir. Görünən odur ki, Bakı beynəlxalq investorlar üçün təkcə görüşlərin keçirildiyi məkan deyil, həm də yeni iqtisadi imkanların müzakirə olunduğu platformaya çevrilir”.









