Nobel həftəsi başlayır: Zəifləmə dərmanlarının əsasını qoyan araşdırmalar ön planda
Nobel həftəsi bu gün tibb üzrə mükafatın qalibinin açıqlanması ilə başlayır.
1news.az xəbər verir ki, Nobel mükafatlarının təqdim olunduğu həftə oktyabrın 5-də tibb üzrə mükafatın qalibinin elan edilməsi ilə başlayır.
Zəifləmə dərmanlarının əsasını təşkil edən hormonlarla bağlı araşdırmalar builki mükafat üçün əsas namizədlər sırasında göstərilir. Oktyabrın 5-dən 12-dək tibb, fizika, kimya, ədəbiyyat, sülh və iqtisadiyyat sahələri üzrə Nobel mükafatlarının qalibləri hər gün növbə ilə açıqlanacaq.
Bu gün elan ediləcək tibb üzrə Nobel mükafatı üçün iştahı tənzimləyən hormonlar və zəifləmə dərmanlarının hazırlanmasına yol açan elmi araşdırmalar əsas namizədlər arasında göstərilir.
Nobel mükafatı prosesini izləyən ekspertlər AFP-yə bildiriblər ki, “Ozempic” və “Mounjaro” kimi zəifləmə dərmanlarının hazırlanmasına əsas verən elmi tədqiqatlar tibb üzrə Nobel mükafatı üçün güclü namizədlər hesab olunur.
Mümkün namizədlər arasında mikrobiomla bağlı araşdırmalar, toxluq və aclıq hissini tənzimləyən leptin və qrelin hormonlarının kəşfi, həmçinin bağırsaqların qida qəbulundan sonra ifraz etdiyi “qlükaqonabənzər peptid-1” (GLP-1) hormonu ilə bağlı tədqiqatlar yer alır.
Elmi nəşrlərə istinadları təhlil edərək Nobel mükafatı üzrə proqnozlar hazırlayan Clarivate şirkətinin araşdırma analitikası bölməsinin rəhbəri Devid Pendlberi bu istiqamətlərdən birinin mükafatlandırılmasını mümkün hesab edir.
“Dünya miqyasında yaratdığı böyük klinik təsirə görə GLP-1 üzrə araşdırmaları siyahının ən yuxarısına qoyardım”, - Pendlberi bildirib.
Bu sahədə öndə gedən alimlər arasında kanadalı endokrinoloq Daniel Druker, danimarkalı həkim Yens Yuul Holst və Yuqoslaviyada doğulmuş amerikalı kimyaçı Svetlana Mojsovun adları çəkilir.
Tibbdə kök hüceyrələr və görüntüləmə texnologiyaları da gündəmdədir
Nobel Komitəsinin başqa istiqamətə üstünlük verməsi halında dərinin özünü yeniləməsi və yaraların sağalması ilə bağlı kök hüceyrə araşdırmalarının da mükafatlandırıla biləcəyi bildirilir.
İsveçin ictimai yayım şirkəti SR-nin elm müxbiri Annika Ostmanın sözlərinə görə, amerikalı hüceyrə bioloqu Eleyn Fuks və britaniyalı həmkarı Fiona Vatt bu sahənin aparıcı alimləri hesab olunur.
Digər mümkün istiqamət kimi optik koherens tomoqrafiya adlı, cərrahi müdaxilə tələb etməyən görüntüləmə texnologiyası göstərilir.
Yansıyan işıqdan istifadə etməklə, xüsusilə tor qişa və görmə siniri daxil olmaqla, bioloji toxumaların yüksək dəqiqlikli kəsik görüntülərini əldə etməyə imkan verən bu texnologiya həkimlərə müxtəlif xəstəliklərin diaqnostikası və müşahidəsini aparmağa kömək edir.
Amerikalı immunoloq Timoti Springer tərəfindən müəyyən edilən immun sistemindəki adheziya reseptorları da Nobel üçün nəzərdən keçirilən istiqamətlər sırasındadır.
Bu reseptorlar immun hüceyrələrinin qan damarlarına yapışmasına, toxumalara keçməsinə və infeksiya ocaqlarına çatmasına imkan verir. Onlar orqanizmin müdafiə mexanizmlərinin idarə olunmasında, eləcə də müxtəlif iltihabi və autoimmun xəstəliklərin müalicəsində əsas hədəflərdən biri hesab olunur.
Döş xərçəngi ilə bağlı araşdırmalar və koronavirusla mübarizədə istifadə olunan DNT ardıcıllığının müəyyənləşdirilməsi üsulları da digər mümkün namizədlər arasında göstərilir.
Ədəbiyyat və sülh mükafatları üzrə namizədlər
Tibb üzrə Nobel mükafatının qalibi bu gün açıqlanacaq. Sabah fizika, çərşənbə günü isə kimya üzrə Nobel mükafatlarının sahibləri elan ediləcək.
Cümə axşamı açıqlanacaq ədəbiyyat üzrə Nobel mükafatı ilə bağlı İsveç Akademiyasının ötən il mükafatı macar yazıçı Laslo Krasznahorkaiyə verməsindən sonra bu il Latın Amerikasından qadın yazıçıya üstünlük verə biləcəyi bildirilir.
Ədəbiyyat tənqidçisi Lina Kalmteq 48 yaşlı argentinalı yazıçı Samanta Şveblinin güclü namizəd ola biləcəyini deyib.
Ədəbiyyat kulislərində Antiqua mənşəli amerikalı yazıçı Yamayka Kinkeyd, çinli Kan Syue, avstraliyalı Cerald Mörneyn, Aleksis Rayt, amerikalı Tomas Pinçon və meksikalı Kristina Rivera Qarsanın da adları çəkilir.
Oslo şəhərində açıqlanan yeganə Nobel kateqoriyası olan sülh mükafatının qalibi isə cümə günü məlum olacaq.
Ötən il mükafat Venesuelanın müxalifət lideri Mariya Korina Maçadoya təqdim edilib. Bəzi ekspertlər bu il komitənin daha geniş razılıq əldə edə biləcəyi bir namizədə üstünlük verəcəyini düşünür.
Ötən il mükafatı əldə etmək üçün fəal lobbiçilik aparan ABŞ Prezidenti Donald Trampın bu il də prosesi yaxından izləyəcəyi gözlənilir. Maçado ötən il aldığı Nobel medalını Trampa təqdim etmişdi.
Nobel Komitəsinin katibi Kristian Berq Harpviken AFP-yə müsahibəsində komitəyə təsir göstərmək cəhdlərindən danışıb.
“Çoxlu sayda lobbiçilik fəaliyyəti və nəhayət, komitəyə təzyiq göstərmək cəhdləri həmişə olur. Biz buna çox öyrəşmişik”, - o bildirib.
Sülh mükafatı üçün namizədlər arasında “Save the Children” təşkilatı və Rusiyanın işğal etdiyi ərazilərdən aparılan ukraynalı uşaqların geri qaytarılması istiqamətində fəaliyyət göstərən hüquq müdafiəçisi Mikola Kuleba da ortaq namizəd kimi göstərilir.
Müharibə və aclıqla mübarizə aparan Sudandakı geniş könüllü şəbəkəsi - Fövqəladə Hallara Müdaxilə Otaqları (ERR) və jurnalistlər üçün 2025-ci ilin ən çox itki ilə nəticələnən illərdən biri olmasından sonra Jurnalistləri Müdafiə Komitəsi (CPJ) də sülh mükafatının mümkün namizədləri arasında qeyd olunur.
Nobel mükafatları mövsümü oktyabrın 12-də iqtisadiyyat üzrə mükafatın qalibinin elan edilməsi ilə başa çatacaq.












