Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır
Prezident İlham Əliyevin “15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında” Sərəncamı”na uyğun olaraq, turnirə hazırlıq prosesi yüksək səviyyədə təşkil olunur.
1news.az xəbər verir ki, oyunların böyük əksəriyyətinin keçiriləcəyi Hövsan Yarış Kompleksində işlər yekunlaşmaq üzrədir. Turnir çərçivəsində keçiriləcək 1000-ə yaxın oyun məhz yeni inşa edilən kompleksdəki 10 futbol meydançasında təşkil olunacaq. Dünyanın 190-a yaxın ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən 4 minə yaxın gənc futbolçunun, məşqçinin və rəsmilərin turnirdə iştirak məqsədilə ölkəmizə səfəri nəzərdə tutulur.
Bir neçə gün öncə FIFA prezidenti Canni İnfantino Azərbaycana səfəri çərçivəsində Hövsan Yarış Kompleksində turnirə hazırlıq işləri ilə yaxından tanış olub. FIFA prezidentinə turnirə hazırlıq prosesi, infrastruktur layihələri, təhlükəsizlik tədbirləri və təşkilati məsələlər barədə ətraflı məlumat verilib. Canni İnfantino qısa müddət ərzində görülən genişmiqyaslı təşkilati işləri, Azərbaycanın turnirə hazırlıq səviyyəsini yüksək qiymətləndirib.
Qeyd edək ki, Hövsanda yaradılan yeni futbol infrastrukturu gələcəkdə uşaq və yeniyetmə futbolunun inkişafına xidmət edəcək. Azərbaycanın mövcud müasir idman infrastrukturu, sabitliyi, təhlükəsizliyi və ötən illər ərzində qazandığı zəngin təşkilatçılıq təcrübəsi belə irimiqyaslı tədbirlərin ölkəmizdə yüksək səviyyədə keçirilməsi üçün imkan yaradır. Bu baxımdan, ölkəmizin ilk FIFA U-15 dünya çempionatı və festivalına ev sahibi seçilməsi təsadüfi deyil.
Bu turnir, eyni zamanda Azərbaycanın beynəlxalq futbol ictimaiyyəti ilə əməkdaşlığının genişləndirilməsi, uşaq və yeniyetmə futbolunun inkişafı, gənc nəslin idmana marağının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Xatırladaq ki, mundial oktyabrın 22-30-da baş tutacaq. Yarışın açılış oyunu və final qarşılaşması Bakı Kristal Zalında təşkil olunacaq.












