Dövlət, Din və Hakimiyyət: Dini Radikallaşma və İnstitusional Zəifləmə – Yaxın Şərq və Şimali Afrika Təcrübəsi | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət, Din və Hakimiyyət: Dini Radikallaşma və İnstitusional Zəifləmə – Yaxın Şərq və Şimali Afrika Təcrübəsi

1news Redaksiyası11:38 - Bu gün
Dövlət, Din və Hakimiyyət: Dini Radikallaşma və İnstitusional Zəifləmə – Yaxın Şərq və Şimali Afrika Təcrübəsi

Müasir dövlətin əsas xüsusiyyətlərindən biri bütün vətəndaşlar üçün vahid hüquqi və siyasi çərçivənin yaradılmasıdır. Bu çərçivənin mühüm prinsiplərindən biri sekulyarizmdir. Sekulyarizm çox vaxt yanlış olaraq dinə qarşı münasibət və ya dini inancların cəmiyyətdən sıxışdırılması kimi başa düşülür. Halbuki sekulyar dövlətin əsas məqsədi dini aradan qaldırmaq deyil, dövlət hakimiyyətinin müəyyən bir dini dünyagörüşünün monopoliyasına düşməsinin qarşısını almaqdır. Bu baxımdan sekulyarizm həm dini etiqad azadlığının, həm də fərqli inanc və dünyagörüşlərinə malik vətəndaşların hüquqi bərabərliyinin təmin olunmasına xidmət edən siyasi-hüquqi sistem kimi çıxış edir.

Demokratik və hüquqi dövlət üçün əsas məsələ hakimiyyətin heç bir dini və ya ideoloji qrupun “mülkiyyətinə” çevrilməməsidir. Dövlətin legitimliyi konkret dini doktrinadan deyil, konstitusion normalardan, qanunun aliliyindən və vətəndaşların siyasi iradəsindən qaynaqlandıqda, fərqli dini və dünyagörüşlərinin bir hüquqi sistem daxilində dinc şəkildə mövcudluğu mümkün olur. Əksinə, dövlət və din arasındakı institusional sərhədlərin zəiflədiyi və dini inancların siyasi hakimiyyətin mütləq legitimlik mənbəyinə çevrildiyi şəraitdə siyasi plüralizm və hüquqi bərabərlik üçün müəyyən risklər meydana çıxır.

Bu məqamda dini inanc, xurafat, dini radikalizm və dini ekstremizm anlayışlarını bir-birindən fərqləndirmək xüsusi əhəmiyyət daşıyır. Dini inanc fərdin mənəvi və dünyagörüşü seçimi olduğu halda, xurafat əsaslandırılmamış təsəvvürlərin faktlara, tənqidi düşüncəyə və elmi biliyə üstün gəlməsi ilə xarakterizə olunan sosial-mədəni hadisə kimi izah oluna bilər. Dini radikalizm isə dini ideyaların siyasi və ictimai müstəvidə mütləqləşdirilməsi, fərqli dünyagörüşlərinin və siyasi mövqelərin legitimliyinin rədd edilməsi, bəzi hallarda isə bu məqsədlərə çatmaq üçün dözümsüz və zorakı üsulların tətbiqi ilə əlaqələndirilir. Bu anlayışların eyniləşdirilməsi həm dini inancların əsassız şəkildə radikallaşdırılması, həm də radikal ideologiyanın yaratdığı real təhlükələrin düzgün qiymətləndirilməməsi ilə nəticələnə bilər.

Dini ekstremizm bu prosesin daha təhlükəli siyasi və hüquqi formalarından biridir. Ekstremist ideologiyanın əsas xüsusiyyəti yalnız dini baxışların sərtliyi deyil, həmin baxışların siyasi və ictimai hakimiyyət üzərində mütləq üstünlük iddiasına çevrilməsi və digər qrupların hüquq və legitimliyinin inkar edilməsidir. Belə şəraitdə siyasi rəqib sadəcə fərqli siyasi mövqeyə malik şəxs kimi deyil, doğru inanca qarşı çıxan tərəf kimi təqdim edilir. Bu da cəmiyyət daxilində “biz” və “onlar” bölgüsünü dərinləşdirir, siyasi kompromis imkanlarını azaldır və siyasi plüralizmi zəiflədir.

Qeyd etmək yerinə düşər ki, bu qarşılıqlı əlaqəni Yaxın Şərq və Şimali Afrikada son onilliklərdə baş verən siyasi proseslərdə müşahidə etmək mümkündür. Belə ki:

Suriyada 2011-ci ildə başlayan siyasi etirazların silahlı münaqişəyə çevrilməsi dövlət hakimiyyətinin ölkənin bir sıra ərazilərində nəzarətini itirməsinə səbəb oldu. Dövlətin nəzarətinin zəiflədiyi ərazilərdə müxtəlif silahlı və dini qruplar meydana çıxaraq öz idarəetmə strukturlarını formalaşdırdılar. İŞİD, Əl-Qaidə ilə əlaqəli qruplar və digər silahlı təşkilatlar təhlükəsizlik, məhkəmə, sosial xidmətlər və yerli idarəetmə kimi sahələrdə dövlətə alternativ mexanizmlər yaratmağa çalışdılar. Beləliklə, Suriyada dini radikalizm həm hakimiyyətin zəifliyinin nəticəsi kimi meydana çıxdı, həm də həmin zəifliyi daha da dərinləşdirən amillərdən birinə çevrildi.

Liviyada 2011-ci ildə Müəmmər Qəddafi rejiminin devrilməsindən sonra vahid və legitim siyasi hakimiyyətin, eləcə də vahid təhlükəsizlik sisteminin formalaşdırılması mümkün olmadı. Nəticədə müxtəlif silahlı qruplar ölkənin ayrı-ayrı hissələrində əhəmiyyətli siyasi və hərbi təsir əldə etdilər. Bu vəziyyət dövlətin inzibati rolunu zəiflətdi və siyasi hakimiyyətin parçalanmasına gətirib çıxardı. Liviya nümunəsi göstərir ki, mövcud rejimin zəifləməsi və ya devrilməsi avtomatik olaraq daha güclü dövlət yaratmır, əksinə, güclü institutlar olmadıqda hakimiyyət boşluğu yeni qarşıdurmalar üçün zəmin yaradır, o cümlədən dini ekstremizmin vüsət almasına gətirib çıxarır.  

Yəməndə siyasi keçid prosesinin uğursuzluğu, dövlət institutlarının zəifləməsi və Husi hərəkatının hərbi-siyasi güc qazanması nəticəsində mərkəzi hakimiyyət ölkənin əhəmiyyətli hissəsi üzərində nəzarətini itirdi. Dövlət hakimiyyətinin parçalanması müxtəlif siyasi və silahlı aktorların öz təsir dairələrini genişləndirməsinə imkan verdi və nəticədə ölkə uzunmüddətli silahlı münaqişəyə sürükləndi. Burada əsas problem yalnız dini ideologiyanın mövcudluğu deyildi, onların bir-birinə qarşı barışmaz mövqeyi, eləcə də zəifləmiş dövlət institutlarının siyasi və silahlı rəqabəti idarə etmək qabiliyyətini itirməsi idi.

İraqda isə 2003-cü ildən sonra dövlət institutlarının yenidən qurulması, siyasi hakimiyyətin bölüşdürülməsi və təhlükəsizlik sisteminin formalaşdırılması ilə bağlı problemlər ciddi nəticələr doğurdu. Məzhəb əsaslı siyasi qütbləşmənin dərinləşməsi və dövlətin təhlükəsizlik imkanlarının zəifləməsi sonrakı mərhələdə İŞİD kimi radikal silahlı qrupların güclənməsi üçün əlverişli şərait yaratdı. Bu nümunə göstərir ki, dövlət institutları zəiflədikdə, dini və məzhəbi kimliklər siyasi səfərbərliyin əsas vasitəsinə çevrilə və mövcud siyasi parçalanmanı daha da dərinləşdirə bilər.

Qeyd etməyə dəyər ki, Yaxın Şərq və Şimali Afrikanın müxtəlif dövlətlərində dini ideyaların siyasi səfərbərliyin vasitəsinə çevrilməsi və dini-siyasi aktorların güclənməsi siyasi institutların fəaliyyətinə və hakimiyyət strukturlarının formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.

Bu nümunələrin hər biri fərqli olsa da, onların ortaq cəhəti dövlətin əsas funksiyalarının zəifləməsidir. Dövlət təhlükəsizliyi təmin etmək, qanunları tətbiq etmək və ərazi üzərində effektiv nəzarəti saxlamaq qabiliyyətini itirdikdə, siyasi boşluq yaranır. Həmin boşluqdan isə müxtəlif dini və siyasi aktorlar istifadə edərək dövlətə alternativ hakimiyyət və idarəetmə strukturları formalaşdıra bilirlər.

Bu mərhələdə “uğursuz dövlət” anlayışı ortaya çıxır. Uğursuz dövlət yalnız iqtisadi çətinlik yaşayan və ya siyasi böhranla üzləşən dövlət demək deyil. Söhbət dövlətin ərazi üzərində effektiv nəzarəti saxlamaq, təhlükəsizliyi təmin etmək, qanunları tətbiq etmək, ictimai xidmətlər göstərmək və legitim siyasi institutları işlək vəziyyətdə saxlamaq qabiliyyətinin ciddi şəkildə zəifləməsindən gedir. Dini radikalizm bu prosesin həm nəticəsi, həm də müəyyən şəraitdə onu sürətləndirən amili ola bilər. Zəif dövlət institutları radikal qrupların fəaliyyət göstərməsi üçün boşluq yaradır, radikal qrupların güclənməsi isə dövlətin təhlükəsizlik və legitimlik imkanlarını daha da zəiflədir. Buna görə dini radikalizm ilə dövlətin uğursuzluğu arasındakı əlaqəni birtərəfli səbəb-nəticə münasibəti kimi deyil, qarşılıqlı təsir mexanizmi kimi qiymətləndirmək daha doğru yanaşmadır.

Xurafat məsələsi də dini radikalizmin sosial bazasını müzakirə edərkən ayrıca nəzərdən keçirilməlidir. Xurafatın əsas təhlükəsi dini inancın özündə deyil, əsaslandırılmamış təsəvvürlərin tənqidi düşüncəni və faktlara əsaslanan qərarverməni əvəz etməsindədir. Xurafat geniş yayıldıqda insanlar müəyyən iddiaları onların doğruluğunu yoxlamadan qəbul edə və həmin təsəvvürləri gündəlik davranışlarının əsasına çevirə bilərlər. Bu vəziyyət uzun müddət davam etdikdə cəmiyyətdə elmi düşüncənin, rasional müzakirənin və fərqli fikirlərə dözümlülüyün zəifləməsinə səbəb ola bilər.

Qeyd etməyə dəyər ki, Azərbaycan cəmiyyətinin tarixi-mədəni inkişafında xurafat və cəhalətə qarşı mübarizə mühüm yer tutmuşdur. Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov və digər Azərbaycan ziyalıları əsərlərində cəhaləti və xurafatı tənqid etmiş, elm və maarifçiliyin cəmiyyətin inkişafındakı rolunu önə çıxarmışlar. Onların tənqidi dinin özünə qarşı deyil, dini və sosial inancların cəhalət və xurafat vasitəsinə çevrilməsinə qarşı yönəlmişdi. Bu baxımdan maarifçilik ənənəsi dini etiqad azadlığı ilə elmi və tənqidi düşüncənin bir-birinə zidd olmadığını göstərən mühüm tarixi nümunədir.

Müasir dövrdə xurafatla mübarizə yalnız dini müstəvidə aparılan maarifçi fəaliyyətlə məhdudlaşdırılmamalıdır. Təhsilin keyfiyyəti, elmi biliklərə çıxış, media savadlılığı bu problemin qarşısının alınmasında mühüm rol oynayır. Ailə, təhsil müəssisələri, elm və mədəniyyət nümayəndələri, media və dini institutlar bu prosesdə bir-birini tamamlayan funksiyalar daşıyırlar. Əsas məqsəd dini inancları zəiflətmək deyil, insanın öz inancını şüurlu şəkildə seçməsinə və xurafatla dini inancı bir-birindən ayırmasına imkan verən intellektual və sosial mühit yaratmaqdır.

Dini ekstremizmin dövlət və cəmiyyət üçün yaratdığı təhlükələr Azərbaycan Respublikasının qanunvericiliyində də nəzərə alınmışdır. Azərbaycan Respublikasının “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunu dini ekstremizmi yalnız zorakı fəaliyyətlə məhdudlaşdırmır; dini müstəsnalıq, aqressiv dini ideologiya, dini və sosial nifrətin yayılması, Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönəlmiş fəaliyyət və digər təhlükəli davranış formalarını da bu kontekstdə nəzərdən keçirir.

Qanunun mühüm xüsusiyyətlərindən biri onun yalnız repressiv deyil, həm də profilaktik yanaşmanı nəzərdə tutmasıdır. Dini ekstremizmə qarşı mübarizə ekstremist fəaliyyətin qarşısının alınması ilə yanaşı, onun meydana gəlməsinə şərait yaradan səbəb və amillərin müəyyən edilməsini və aradan qaldırılmasını da əhatə edir. Bu yanaşma problemin yalnız hüquq-mühafizə və təhlükəsizlik məsələsi olmadığını, onun sosial, siyasi, ideoloji, iqtisadi və maarifləndirici tərəflərinin də mövcud olduğunu göstərir.

Bu baxımdan dünyəvi dövlət modeli xüsusi əhəmiyyət daşıyır. Dünyəvilik dini etiqad azadlığını məhdudlaşdırmaq deyil, dövlətin müxtəlif dini və dünyagörüşü qrupları qarşısında hüquqi neytrallığını qorumaq və hər hansı dini və ya ideoloji doktrinanın dövlət hakimiyyəti üzərində mütləq üstünlük əldə etməsinin qarşısını almaq deməkdir. Dövlətin bu neytrallığı həm dini azlıqların, həm də fərqli dünyagörüşünə malik vətəndaşların hüquqlarının qorunması üçün mühüm institusional təminat yaradır.

Nəticə etibarilə, dini radikallaşma dövlətin zəifləməsinin yeganə səbəbi olmasa da, zəif institutlar və legitimlik böhranı ilə birləşdikdə siyasi plüralizmi, hüququn aliliyini və dövlətin idarəetmə qabiliyyətini ciddi şəkildə sarsıda bilər. Bu baxımdan, sekulyarizm, hüquqi bərabərlik və institusional dayanıqlılıq dini və ideoloji müxtəlifliyi qoruyan və dövlətin davamlılığını təmin edən əsas mexanizmlər kimi çıxış edir.

Lalə Xəlilzadə, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi

Paylaş:
119

Son xəbərlər

Bütün xəbərlər