İstanbulda bina çökdü: Dağıntılar altında qalanlar var | 1news.az | Xəbərlər
Dünya

İstanbulda bina çökdü: Dağıntılar altında qalanlar var

Qafar Ağayev09:53 - Bu gün
İstanbulda bina çökdü: Dağıntılar altında qalanlar var

İstanbulun Maltepe rayonunda 7 mərtəbəli binanın aşağıdakı 3 mərtəbəsi çöküb, dağıntılar altında 7 nəfərin qaldığı bildirilir.

1news.az xəbər verir ki, hadisə Cevizli məhəlləsində baş verib. Hadisə yerinə çox sayda axtarış-xilasetmə qrupu cəlb olunub.

İstanbul valisi Davut Gül bildirib ki, dağıntılar altında 7 nəfər qalıb və onlardan 4-ü ilə əlaqə yaradılıb.

Axtarış-xilasetmə işlərində xüsusi təlim keçmiş itlərdən də istifadə olunur. Dağıntılar altından indiyədək 5 nəfər çıxarılıb. Onlardan 2-si uşaq olmaqla 4 nəfər sağ vəziyyətdə xilas edilərək tibbi yardım əməkdaşlarına təhvil verilib və ətrafdakı xəstəxanalara aparılıb.

Dağıntılar altında qaldığı ehtimal edilən şəxslərin xilas edilməsi üçün yanğınsöndürmə briqadaları 56 texnika, 175 əməkdaş və K-9 axtarış-xilasetmə iti ilə, AFAD qrupları isə 5 texnika, 25 əməkdaş və 2 K-9 axtarış-xilasetmə iti ilə işləri davam etdirir.

Bununla yanaşı, binanın yerləşdiyi küçəyə çıxan yollar təhlükəsizlik tədbirləri məqsədilə nəqliyyatın hərəkəti üçün bağlanıb. Xilasetmə qruplarının işini rahat şəkildə həyata keçirə bilməsi üçün geniş ərazidə təhlükəsizlik zolağı yaradılıb.

Binanın qalan hissələrinin də çökmə təhlükəsi olduğundan, xilasetmə qrupları binaya nəzarətli şəkildə daxil olur.

İşlərə dəstək məqsədilə ətraf bələdiyyələrdən çox sayda xüsusi texnika da hadisə yerinə göndərilib.

Nazirdən açıqlama

Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum bildirib ki, İstanbulun Maltepe rayonunun Cevizli məhəlləsində binanın çökməsindən sonra valiliyin koordinasiyası ilə nazirliyin yerli qurumlarının əməkdaşları ərazidə araşdırma və işlərə başlayıb.

“Dövlətimiz bütün qurumları və imkanları ilə hadisə yerindədir. Dağıntılar altında qalan vətəndaşlarımıza ən qısa zamanda çatmaq üçün heç bir ehtimal nəzərdən qaçırılmadan, böyük diqqət və qətiyyətlə işlər fasiləsiz davam etdirilir.

Bütün vətəndaşlarımıza keçmiş olsun. Allah yaralılarımıza şəfa versin”, - deyə nazir qeyd edib.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər