Saxta hərbi təlim arayışları ilə bağlı iki nəfərə ittiham elan edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Saxta hərbi təlim arayışları ilə bağlı iki nəfərə ittiham elan edildi

1news Redaksiyası10:32 - Bu gün
Saxta hərbi təlim arayışları ilə bağlı iki nəfərə ittiham elan edildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsinin vəzifəli şəxsi olmuş İlham Məmmədlinin qanunsuz əməlləri ilə bağlı cinayət işinin istintaqı tamamlanıb.

1news.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan ibtidai istintaq zamanı İlham Məmmədlinin sözügedən vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar ehtiyatda olan zabit, Səhiyyə Nazirliyinin “Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi” Publik Hüquqi Şəxsdə mühəndis vəzifəsində çalışan Mirhəmdulla Əmirovun təhriki ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi müəyyənləşdirilib.

Belə ki, İlham Məmmədlinin Mirhəmdulla Əmirovun işlədiyi mərkəzdə iş yerindən yayınmaq məqsədilə guya hərbi təlim toplanışlarında iştirak etməsinə dair saxta arayışlar tərtib etdiyi və həmin arayışları 2025-2026-cı illərdə ona təqdim etdiyi müəyyən edilib. Bunun nəticəsində Mirhəmdulla Əmirovun əsassız şəkildə əmək haqqı almasına şərait yaradıldığına dair əsaslı şübhələr yaranıb.

Toplanmış sübutlar əsasında İlham Məmmədliyə Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 341.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.

Mirhəmdulla Əmirova isə Cinayət Məcəlləsinin 32.4, 313-cü (vəzifə saxtakarlığına təhrik etmə), 32.4, 341.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadəyə təhrik etmə) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

Hər iki şəxs barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən ittiham aktı təsdiqlənib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər