Fərid Qayıbov: Gənclərimiz bu gün bütün sahələrdə böyük uğurlara imza atırlar | 1news.az | Xəbərlər
Cəmiyyət

Fərid Qayıbov: Gənclərimiz bu gün bütün sahələrdə böyük uğurlara imza atırlar

1news Redaksiyası11:07 - Bu gün
Fərid Qayıbov: Gənclərimiz bu gün bütün sahələrdə böyük uğurlara imza atırlar

"Vətən müharibəsində iştirak edənlərin, qəhrəman əsgərlərimizin əksəriyyəti gənclər olub".

1news.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda konfransda deyib.

Nazir bildirib ki, Prezident İlham Əliyevin dəstəyi ilə Azərbaycan gəncləri bu gün müxtəlif sahələrdə böyük uğurlar qazanırlar.

"Cənab Prezidentin dəstəyi ilə gənclərimiz bu gün bütün sahələrdə böyük uğurlara imza atırlar. Vətən müharibəsində iştirak edənlərin, qəhrəman əsgərlərimizin əksəriyyəti də gənclərimiz idi. Biz gənclərimizlə fəxr edirik. Müharibədən sonra da gənclərimizin müxtəlif sahələrdə qazandıqları yeni uğurların, qələbələrin şahidi oluruq", - deyə F.Qayıbov vurğulayıb.

O, beynəlxalq arenada ölkəmizi uğurla təmsil edən gənclərin nailiyyətlərinə də toxunub. Nazir qeyd edib ki, bu yaxınlarda beynəlxalq yarışlarda və tədbirlərdə Azərbaycanı layiqincə təmsil etmiş bir qrup gənclə görüşüb.

F.Qayıbov milli-mənəvi dəyərlərin qorunmasının dövlət siyasətində mühüm yer tutduğunu bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyev gənclərlə görüşlərində bu məsələnin əhəmiyyətini dəfələrlə vurğulayıb, müvafiq tapşırıqlar verib və milli-mənəvi dəyərlərin qorunması dövlət proqramlarında, eləcə də gənclər strategiyasında əksini tapıb.

Nazir əlavə edib ki, milli-mənəvi dəyərlərin gənclər arasında təşviqi və gələcək nəsillərə ötürülməsi əsas məsələlərdəndir. Bu istiqamətdə konfransların, forumların və digər maarifləndirici tədbirlərin keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Paylaş:
82

Son xəbərlər

Bütün xəbərlər