BDYPİ çağırış: Məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına əməl edin
"Məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsi ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər".
1news.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.
Bildirilib ki, ötən gün Neftçala rayonu ərazisində baş verən zəncirvari yol-nəqliyyat hadisəsi nasazlıq səbəbindən yolda dayanan avtomobillərin, eləcə də onlara kömək məqsədilə saxlayan digər nəqliyyat vasitələrinin sürücü və sərnişinlərinin təhlükəsizlik qaydalarına əməl etməsinin vacibliyini bir daha göstərib.
Qeyd olunub ki, xüsusilə hərəkətin intensiv olduğu yollarda dayanan avtomobillərin vaxtında görünməməsi ağır nəticələrə səbəb ola bilər.
Nəqliyyat vasitəsi nasazlıq səbəbindən dayanmağa məcbur olduqda sürücü mümkün qədər avtomobili yolun hərəkət hissəsindən kənara çəkməli, qəza işıq siqnallarını yandırmalı və qəza dayanma nişanını digər sürücülərin vaxtında görə biləcəyi yerdə quraşdırmalıdır. Qanunvericiliyə əsasən, yaşayış məntəqələrindən kənarda bu nişan avtomobildən ən azı 30 metr aralıda yerləşdirilməlidir.
Məcburi dayanan avtomobilə kömək etmək istəyən sürücülər də nəqliyyat vasitələrini hərəkət zolağında və ya yolun görünüşünü məhdudlaşdıran hissəsində saxlamamalıdırlar. Təhlükəsizlik tədbirləri görülmədən yolun hərəkət hissəsində təmir işlərinin aparılması yolverilməzdir. Sürücü və sərnişinlər yolun hərəkət hissəsindən uzaqda, təhlükəsiz yerdə gözləməli, imkan daxilində müvafiq xidmətlərə müraciət etməlidirlər.
BDYPİ digər sürücülərə də xəbərdarlıq edərək bildirib ki, yolda dayanan avtomobilə yaxınlaşarkən sürət əvvəlcədən azaldılmalı, zolaq dəyişdirilərkən diqqətli olunmalı və ara məsafəsi artırılmalıdır. Dayanan avtomobillərin yanından yüksək sürətlə keçmək, diqqəti yayındıran vasitələrdən istifadə etmək və qəfil manevrlər etmək qəza riskini artırır.
Xüsusilə gecə saatlarında, yağışlı və dumanlı havada, eləcə də görünüşün məhdud olduğu digər şəraitdə təhlükəsizlik qaydalarına daha ciddi əməl olunmalıdır.
İdarə sürücüləri məcburi dayanma zamanı zəruri təhlükəsizlik tədbirlərini görməyə, yolda dayanmış avtomobillərlə qarşılaşdıqda isə sürəti azaltmağa və ehtiyatlı davranmağa çağırıb.












