Tural Piriyev: İnvestorlar “Səbail”i seçdilər, çünki Ayaz Abdullayev klubu satmaq istəyirdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Tural Piriyev: İnvestorlar “Səbail”i seçdilər, çünki Ayaz Abdullayev klubu satmaq istəyirdi

1news Redaksiyası14:51 - Bu gün
Tural Piriyev: İnvestorlar “Səbail”i seçdilər, çünki Ayaz Abdullayev klubu satmaq istəyirdi

Futbolun İnkişafı Fondunun (FİF) icraçı direktoru Tural Piriyev “Hypers” klubunun prezidenti Ayaz Abdullayevin ittihamlarına cavab verib. Sportify.az-a müsahibəsində o bildirib ki, potensial investorlar “Hypers Quba”dan imtina edərək “Səbail”i Abdullayev klubu satmaq və bunun üçün pul istədiyinə görə seçiblər. Piriyevin sözlərinə görə, FİF klub alqı-satqısı ilə məşğul olmur.

Buna səbəb Abdullayevin noyabrın 19-da Facebook-da etdiyi və futbolla bağlı son paylaşımı adlandırdığı yazı olub. Həmin yazıda o iddia edib ki, Qubanı sevən 5-6 nəfər FİF vasitəsilə onunla əlaqə saxlayaraq komandanı götürmək istədiklərini bildiriblər. Abdullayevin sözlərinə görə, o, müəyyən borcların olduğunu açıq deyib və borcları bağlayıb komandanı təhvil almağı təklif edib. Onun yazdığına görə, söhbət indiyədək bu komandaya qoyulmuş vəsaitin heç 5 faizi qədər olmayan məbləğdən gedirdi. Lakin Abdullayevin iddiasına görə, həmin şəxslərə Qubanın əvəzinə “Səbail” təklif olunub, “Səbail”in də adını dəyişib Quba etmək nəzərdə tutulub. O, həmçinin yazıb ki, komanda sayı artırılsaydı, Quba komandası avtomatik olaraq I Liqaya yüksələcəkdi, lakin say qəsdən artırılmayıb. Abdullayev FİF-in bu günə qədər gördüyü işlərin real nəticəsini sual altına alaraq “Mingəçevir”, “Turan Tovuz”, “Zaqatala” və “Şahdağ Qusar”ın adlarını çəkib, qurumun ezamiyyət, səfər və seminarlarla bağlı illik xərclərinin milyonlarla ölçüldüyünü qeyd edib və müvafiq dövlət auditinin aparılacağına inandığını bildirib. Öz sözlərinə görə, paylaşımı 40 dərəcə qızdırma ilə yazıb.

Paylaşıma cavab

Piriyev sözə opponentinin hazırkı statusundan belə əmin olmadığını deməklə başlayıb.

“Mən onun klubun keçmiş, yoxsa hazırkı prezidenti olduğunu bilmirəm. Gah eşidirəm ki, keçmişdir, gah eşidirəm ki, işinin başındadır. Təzədən eşidirəm ki, keçmişdir. O açıqlamaları ciddi bir şey kimi görmürəm. Özü də orada qeyd edib ki, 40 dərəcə ilə yazıb. Bilmirəm temperaturun bir təsiri varmı? Açıqlamada çox müxtəlif mövzulara toxunulub. Haradan başlayıb, nəyə cavab verəcəyimi də bilmirəm”, - deyə Piriyev bildirib.

Onun sözlərinə görə, nə qədər insan varsa, o qədər də şəxsi fikir var və hər hansı şəxsin FİF-in fəaliyyətini effektiv hesab etməməsi onun şəxsi fikridir. Piriyev konkret fakt və arqumentlərə cavab verməyə hazır olduğunu bildirib. “Mən onun iddialarını cavablandırmayacağam”, - deyə icraçı direktor əlavə edib.

İnvestorlar, “Hypers” və “Səbail”

Bununla belə, Piriyev əsas məsələyə - investorlarla bağlı iddiaya ətraflı cavab verib. O bildirib ki, FİF Qubaya köçdüyü ilk gündən “Hypers”ə dəstək olub: icra başçısı İlqar Mahmudovla görüşülüb, planlar təqdim edilib və gələcək əməkdaşlıq barədə danışılıb. Onun sözlərinə görə, klublarla əməkdaşlıq onların məsələyə yanaşması və fəallığı üzərində qurulur: “Kiminləsə çox aktivik, kiminləsə işlər çox yaxşı alınır, kiminləsə də ümumiyyətlə fəaliyyətsizlik var”.

Piriyev potensial səhmdarla danışdığını və onlara “Hypers Quba” klubunu təklif etdiyini təsdiqləyib. Onun sözlərinə görə, görüşlər keçirilib, investorlar Qubada olub, stadionu gəziblər. Həmin görüşlərdə özü iştirak edə bilməyib, investorları Ayaz Abdullayev qarşılayıb və stadionu göstərib. Bununla belə, Piriyev guya “Borclarını qarşılasınlar, klubu götürsünlər” deməsi barədə fikri tamamilə yanlış adlandırıb.

“Mən Ayaz bəydən dəfələrlə klubun borcunun olub-olmadığını soruşmuşam. O isə klubun bir qəpik belə borcunun olmadığını dəfələrlə bildirib, ‘Özüm bu xəbərləri yayıram ki, bəlkə qubalılar maraq göstərərlər’ söyləyib. ‘O zaman istəyiniz nədir?’ sualını ünvanladıqda cavabı belə olmuşdu: ‘İstəyim odur ki, mənə pul ödənilsin. İndi 400–500 min, I Liqaya yüksələcəyimiz təqdirdə, 700 min – 1 milyon manata satmağa hazıram. Amma hələ konkret məbləğ demirəm’”, - deyə Piriyev danışıb.

Piriyev bildirib ki, Abdullayevə FİF-in klub alqı-satqısı ilə məşğul olmadığını izah edib, qarşı tərəfə də bu prosesdə iştiraklarının olmadığını, danışmaq istəyirlərsə, özlərinin əlaqə saxlamalı olduqlarını bildirib. Onun sözlərinə görə, sonradan investorlar qərar verərək “Səbail”lə danışıqlara başlayıblar və razılığa gəliblər. FİF həmin prosesdə iştirak etməyib. Piriyev bildirib ki, onların iştirakı yalnız investorlar Qubaya köç planlarının olduğunu bildirəndən sonra olub: bölgə klubları ilə işlədikləri üçün bu təşəbbüsü dəstəkləməyə hazır olduqlarını söyləyiblər.

Potensial investorların Abdullayev çox pul istədiyi üçün “Hypers Quba”dan imtina edərək “Səbail”i seçib-seçmədikləri sualına Piriyev belə cavab verib: “Çox pul istədiyi yox, ümumiyyətlə pul istədiyi üçün”. O, investorların “Səbail”in borclarını qarşıladıqlarını bildiyini, lakin prosesdə iştirak etmədiyini deyib. Piriyevin bildiyinə görə, investorların “Hypers Quba” ilə bağlı təklifi belə olub ki, klubun borcu varsa, onu qarşılasınlar və hətta Abdullayevin də klubda qalması şərti ilə fəaliyyəti davam etdirsinlər. “Amma Ayaz bəy demişdi ki, kluba pul qoymuşam, o pulu çıxartmalıyam. Mən də izah etmişəm ki, FİF o işlə məşğul olmur. Onun istəyini qarşı tərəfə ötürmüşəm”, - deyə Piriyev əlavə edib.

İş adamları futbola investisiya qoymaq istəsələr də, bu cür yanaşmaların onları futboldan uzaqlaşdırdığı barədə fikrə isə o, sualla cavab verib: “İlk növbədə, həmin şəxsin futboldan uzaqlaşıb-uzaqlaşmadığını dəqiqləşdirmək lazımdır. Onun istəyi klubu satmaq deyildimi? Bildiyim qədərilə, klub hazırda Bərdəni təmsil edir”.

“Turan Tovuz” və 2019-cu ilin sanksiyası

Piriyev həmçinin “Turan Tovuz” Ehtiram Quliyevə veriləndə ona 2019-cu ildə tətbiq edilmiş və klubun Avropa kuboklarında iştirakına mane ola biləcək sanksiya barədə məlumat verilmədiyi iddiasını təkzib edib. “Kimsə bunu ortaya atıb, amma elə bir şey yoxdur. 2019-cu ildə kluba qarşı heç bir sanksiya tətbiq edilməyib”, - deyə o bildirib.

Onun sözlərinə görə, UEFA qaydalarına əsasən, klubun bir və ya daha çox futbolçusunun oyunların nəticələrinə təsir göstərməkdə iştirakı ilə bağlı şübhələr yarandıqda araşdırma başlana bilər və klubun 2026/2027 mövsümündə avrokuboklardan uzaqlaşdırılması da bununla bağlı olub. Piriyev vurğulayıb ki, əgər 2019-cu ildə belə bir sanksiya olsaydı, həmin vaxt qüvvəyə minərdi və sonradan eyni məsələ ilə bağlı yenidən qərar qəbul edilməsinə ehtiyac qalmazdı. UEFA-nın bu məsələni niyə məhz indi gündəmə gətirdiyi sualına isə o, məsələnin detalları üzrə mütəxəssis olmadığını deyib və idman hüquqşünasına müraciət etməyi məsləhət görüb.

Xankəndidəki oyun

Müsahibənin xeyli hissəsi I Liqanın VIII turunda keçirilən “Xankəndi” - “Karvan-Yevlax” oyununa həsr olunub. FİF bu qarşılaşmanın təşkilində iştirak edib. Piriyevin sözlərinə görə, “Xankəndi” ilə əməkdaşlıq loqonun yenilənməsindən strategiyanın qurulmasına qədər uzanır, hazırda potensial tərəfdaşların cəlb olunması istiqamətində də birgə fəaliyyət göstərilir. Əsas hədəf isə klubun bölgə sakinləri, xüsusilə Xankəndi sakinləri tərəfindən qəbul olunmasıdır. Stadionda nəzərdə tutulan konsert proqramı ləğv edilib: nömrələnmə tamamlanmadığı üçün biletlərin hamısı satışa çıxarılmamışdı, səs sistemi də istifadəyə tam hazır deyildi. Piriyev qarşılaşmanın müəyyən mənada sınaq xarakteri daşıdığını deyib, oyunun Şamaxıdan Xankəndiyə köçürülməsi qərarını isə tələsik yox, zamanında atılmış addım adlandırıb.

AFFA rəhbərliyinin oyunda iştirak etməməsi ilə bağlı suala o, heç kimə dəvət göndərilmədiyini və dəvət işi ilə məşğul olan tərəfin FİF olmadığını deyib. “Biz kimik? Biz də AFFA-yıq da… Biz də orada idik. Bu, xüsusi tədbir yox, adi liqa oyunu idi”, - deyə Piriyev bildirib. Oyunda gənclər və idman naziri Fərid Qayıbovun və PFL rəhbərliyinin iştirak etdiyinə dair qeydə isə o, stadionun nazirliyə məxsus olduğunu, PFL-in liqanın təşkilatçısı olduğunu və bu qurumların rəhbərliyinə kimsənin dəvət göndərməli olmadığını bildirib.

Liqanın genişləndirilməsi və stadionlar

Piriyevin fikrincə, I Liqa bu il heç vaxt olmadığı qədər rəqabətli olsa da, bu mövsüm Premyer Liqada komanda sayını artırmaq hələ tezdir. “Birinci Liqada çıxış edən 4 iddialı komandadan 2-nin hazırda stadionu yoxdur. Nə vaxt ki, 3-4 komandanın lazımi infrastrukturu olacaq, onda komanda sayının artırılması barədə daha ciddi düşünmək mümkündür”, - deyə o bildirib. Onun fikrincə, yaxın illərdə Premyer Liqada 14, daha sonra isə 16 komandanın çıxış etməsi mümkündür.

Piriyev iki ildir stadion problemi yaşayan “İmişli” ilə bağlı bir qədər empatiya göstərilməli olduğunu deyib. O xatırladıb ki, bu komandadan əvvəl Premyer Liqaya buraxılan klublara da hansısa formada köməklik göstərilmişdi: “Turan Tovuz”un stadionu UEFA-dan əldə olunan vəsait hesabına AFFA tərəfindən tikilib, “Kəpəz”in stadion problemi son illərdə dövlət tərəfindən həll olunub, “Şamaxı” üçün də stadion AFFA tərəfindən tikilərək istifadəyə verilib. Piriyevin sözlərinə görə, “İmişli”də isə əvvəlcə stadionun olduğu düşünülsə də, investor gəldikdən sonra problemlərin həddindən artıq olduğu üzə çıxıb və onların həlli təkcə investorun üzərinə düşüb. Onun bildirdiyinə görə, İmişlidə torpaq sahəsinin ayrılması ilə bağlı məsələ bu günlərdə həll olunmalı idi, klub həmin ərazidə özünün kiçik stadionunu tikməyi planlaşdırır.

“Şahdağ Qusar” üçün nəzərdə tutulan stadiona gəlincə, Piriyevin bildiyinə görə, layihələndirmə mərhələsi başa çatmaq üzrədir. Stadion Gənclər və İdman Nazirliyinin balansındadır və yaxın zamanda tikintisinə başlanılması gözlənilir. Lakin Piriyev stadionun tikintisinin bir il ərzində yekunlaşacağını düşünmür.

Klublara uşaq futbolunun və infrastrukturun inkişafı üçün ayrılan vəsaitin bəzən legioner futbolçuların transferinə xərclənməsi ilə bağlı suala Piriyev cavab verib ki, FİF-in hansısa kluba konkret olaraq nəyisə qadağan etmək səlahiyyəti yoxdur. Onun sözlərinə görə, dövlət tərəfindən ayrılan vəsaitin xərclənməsi ilə bağlı müəyyən meyarlar mövcuddur və bu meyarlara əməl etməyən klublarla bağlı müvafiq sanksiyalar nəzərdə tutulur. AFFA tərəfindən “İmişli” və “Şəfa”ya qarşı maliyyə sanksiyası tətbiq olunması barədə isə məlumatı olmadığını deyib.

“Mingəçevir” və tənqidçilər

Piriyev “Mingəçevir”in çətin vəziyyətdə olduğunu etiraf edib: komandanın əmək haqqı problemi olub, oyuna çıxa bilməyiblər. Onun sözlərinə görə, bu problemlər artıq həll olunub və klub məşqlərə başlayıb, ilin sonuna qədər isə mövcud məsələlərin kökündən həlli üçün çalışılacaq.

Elə həmin cavabda o, tənqidçilərə də münasibət bildirib: “Bəzən qeyri-adekvat insanlar olacaq ki, nə isə yazacaqlar. Hamısına fikir versəm, işimiz alınmayacaq. Təbii ki, prosesdə kimlərsə narazı qala bilər. Bizim məqsədimiz o insanları xoşbəxt etmək deyil, daha çox region klublarının davamlı fəaliyyət göstərməsinə çalışmaqdır”, - deyə Tural Piriyev bildirib.

Paylaş:
34

Son xəbərlər

Bütün xəbərlər