Hərbi xidmətə çağırışla bağlı 5 cinayət işi məhkəməyə göndərilib
Hərbi xidmətə çağırış sahəsində qanun pozuntularının aşkarlanması və qarşısının alınması məqsədilə 2026-cı ilin əvvəlindən indiyədək 8 cinayət işi üzrə ibtidai istintaq aparılıb.
1news.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun hərbi xidmətə çağırış sahəsində qanun pozuntularına qarşı görülən tədbirlərlə bağlı açıqlamasında bildirilib.
Qeyd olunub ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) və digər aidiyyəti dövlət qurumları ilə birgə bu sahədə korrupsiyaya qarşı mübarizə, şəffaflığın artırılması və qanun pozuntularının qarşısının alınması istiqamətində kompleks tədbirlər həyata keçirir.
2026-cı ilin yanvar ayından indiyədək SHXÇDX tərəfindən təqdim olunan rəsmi məlumatlar, eləcə də vətəndaş müraciətləri əsasında 124 vəzifəli şəxs və qanunazidd əməllərin törədilməsində iştirakı ehtimal olunan 121 şəxs barəsində hərtərəfli araşdırmalar aparılıb.
Hesabat dövründə Baş İdarənin əməliyyat qurumları tərəfindən hərbi xidmətə çağırış sahəsində qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı 4 əməliyyat-axtarış tədbiri keçirilib. Nəticədə həmin faktlarla bağlı cinayət işləri başlanaraq İstintaq idarəsinə göndərilib.
Ümumilikdə, ilin əvvəlindən SHXÇDX-nin vəzifəli şəxsləri və digər şəxslər barəsində 8 cinayət işi üzrə ibtidai istintaq aparılıb. Onlardan 5-i üzrə 8 nəfər – 7 vəzifəli şəxs və 1 vətəndaş barəsində ibtidai istintaq tamamlanaraq işlər baxılması üçün müvafiq məhkəmələrə göndərilib.
Məhkəməyə göndərilən işlər üzrə təqsirləndirilən 6 şəxs barəsində əsas qətimkan tədbiri kimi həbs, əlavə qətimkan tədbiri kimi isə vəzifədən kənarlaşdırma tətbiq edilib. Daha 2 şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda 3 cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. Həmin işlərdən biri üzrə 2 şəxs barəsində həbs və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri tətbiq olunub.
İbtidai istintaq zamanı 3 cinayət işi üzrə 9 çağırışçı barəsində komisyon məhkəmə-tibbi ekspertizası təyin edilib. Ekspertizanın nəticələrinə əsasən, 1 nəfər hərbi xidmətə yararlı hesab olunub, 2 nəfərə xidmətdən möhlət hüququ verilib. Digər 6 nəfərlə bağlı ekspertiza davam edir.
Baş Prokurorluqda və respublikanın ayrı-ayrı rayon və şəhər prokurorluqlarında istintaq olunan cinayət işləri, eləcə də araşdırılan materiallar üzrə bir sıra qanun pozuntuları müəyyən edilib. Bunlara tibbi müayinələrin tam aparılmaması və yanlış diaqnozlar səbəbindən səhhətində problem olan çağırışçıların hərbi xidmətə göndərilməsi, sonradan onların vaxtından əvvəl tərxis olunması, habelə SHXÇDX-nin yerli qurumlarında daxili yoxlamalar zamanı qanun pozuntularına yol verilməsi daxildir.
Aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə aidiyyəti dövlət qurumlarına ümumilikdə 32 təqdimat göndərilib. Onlardan 18-i SHXÇDX-yə, 6-sı Səhiyyə Nazirliyinə, 4-ü TƏBİB-ə, 3-ü Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə, 1-i isə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə ünvanlanıb.
Təqdimatlardan 14-ü birbaşa SHXÇDX-nin 35 yerli strukturunda sənədləşmənin qanunvericiliyin tələblərinə uyğun aparılmasının təmin edilməsi ilə bağlı olub.
Görülən tədbirlər nəticəsində SHXÇDX-nin 2 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, 4 həkimə, 10 vəzifəli şəxsə və 1 fiziki şəxsə xəbərdarlıq edilib. Həmçinin müvafiq kollektivlərdə müzakirələr aparılıb.
Hazırda 5 təqdimat üzrə icraat davam etdirilir.
Baş Prokurorluqdan bildirilib ki, hərbi xidmətə çağırış sahəsində şəffaflığın təmin edilməsi, korrupsiya hüquqpozmalarının və digər neqativ halların qarşısının alınması istiqamətində aidiyyəti dövlət qurumları ilə birgə tədbirlər bundan sonra da davam etdiriləcək və görülən işlərin nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.












