Azərbaycanda ərzaq və xidmətlər nə qədər bahalaşıb? - RƏQƏMLƏR
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artıb.
1news.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Hesabat dövründə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri 6,9 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 5,5 faiz artıb.
Cari ilin sentyabr ayında istehlak qiymətləri avqust ayı ilə müqayisədə 0,9 faiz, 2025-ci ilin sentyabr ayına nisbətən isə 5,5 faiz yüksəlib.
Sentyabr ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 1,4 faiz, ötən ilin müvafiq ayı ilə müqayisədə 6,9 faiz artıb.
Ay ərzində qarabaşaq yarması, mal, qoyun və toyuq əti, təzə və dondurulmuş balıq, yumurta, gavalı, şaftalı, şabalıd, göyərti, xiyar, pomidor, şirin bibər, badımcan, göy lobya, yerkökü, soğan və kartofun qiymətləri bahalaşıb.
Bununla yanaşı, kərə yağı, limon, alma, armud, üzüm, kivi, qoz, fındıq və ağ kələmin qiymətlərində ucuzlaşma qeydə alınıb. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişiklik baş verməyib.
Qeyri-qida məhsulları da bahalaşıb
2026-cı ilin sentyabr ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,4 faiz, ötən ilin eyni ayı ilə müqayisədə isə 3,6 faiz artıb.
Sentyabr ayında geyim, boya, kəsilmiş taxta, mebel, noutbuk və planşet kompüterlərin qiymətləri əvvəlki ayla müqayisədə yüksəlib. Zərgərlik məmulatlarının qiymətləri isə ucuzlaşıb. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişiklik qeydə alınmayıb.
Ödənişli xidmətlərin qiymətləri 5,1 faiz yüksəlib
Hesabat dövründə əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri sentyabr ayında əvvəlki aya nisbətən 0,6 faiz, 2025-ci ilin müvafiq ayı ilə müqayisədə isə 5,1 faiz artıb.
Ay ərzində ali və orta ixtisas təhsili müəssisələrinin, xarici dil və abituriyent hazırlığı kurslarının, mənzillərin kirayəyə verilməsi və bərbərxana xidmətlərinin qiymətləri bahalaşıb.
Eyni zamanda, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma və malların çatdırılması xidmətlərinin qiymətlərində ucuzlaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişiklik baş verməyib.











