Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur
“Gələcək Azərbaycan cəmiyyətinin milli-mənəvi dəyərlər, müstəqil düşüncə və vətəndaşlıq məsuliyyəti əsasında formalaşması mühüm məsələlərdəndir”.
1news.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov deyib.
O bildirib ki, söhbət yalnız gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsindən deyil, milli kimliyini dərk edən, müstəqil düşünən, müasir çağırışları düzgün qiymətləndirən, dövlətin inkişafına və xalqın rifahına töhfə verməyə hazır olan vətəndaşların yetişdirilməsindən gedir.
“Çünki dövlətin davamlı inkişafı iqtisadi və texnoloji imkanlarla yanaşı, onun mənəvi dayaqları, tarixi yaddaşı və vətəndaşlarının vətənpərvərlik düşüncəsi ilə də müəyyən olunur. Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Ulu Öndərin 1996-cı ildə Gənclərin I Forumunda səsləndirdiyi ‘Gənclərimiz milli ruhda, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir’ fikri bu gün də öz aktuallığını qoruyur. Milli-mənəvi dəyərlər keçmişdən miras qalan irs olmaqla yanaşı, milli kimliyin qorunmasının, dövlətçilik ənənələrinin davamlılığının və gələcək inkişafın əsas amillərindən biridir”, - deyə o qeyd edib.
R.Məmmədov vurğulayıb ki, milli-mənəvi dəyərlərin qorunması və gənclərə aşılanması siyasəti Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışları nəzərə alınmaqla davam etdirilir.
“Dövlət başçımız Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında ideoloji təhlükəsizliyin əhəmiyyətini vurğulayaraq təhsili, biliyi və vətənpərvərliyi gənclərin yad və zərərli təsirlərdən qorunmasının mühüm vasitələri kimi qeyd edib, milli dəyərlərin, ənənələrin və həyat tərzinin yaşadılmasının vacibliyinə diqqət çəkib. Milli kimliyini dərk edən, tarixi inkişafımızın səbəb və nəticələrini anlayan gənc dövlətimizin nailiyyətlərini təkcə imkanlar kimi deyil, həm də əvvəlki nəsillərin səylərinin və tarixi mübarizənin yekunu kimi qiymətləndirir. Hər bir gənc anlamalıdır ki, bu gün malik olduğu hüquq və imkanlar yalnız üstünlüklər deyil, həm də gələcək nəsillər qarşısında məsuliyyət yaradır. Buna görə milli-mənəvi tərbiyənin əsas nəticəsi öz tarixini və ənənələrini bilən, öz kimliyini dərk edən, müstəqil düşünən, düzgün seçim edə bilən, milli maraqlara və dövlət mənafelərinə bağlı vətəndaşın yetişdirilməsi olmalıdır”, - deyə komitə sədri bildirib.
O qeyd edib ki, bu prosesin təməli ailədə qoyulur, təhsil müəssisələrində isə sistemli şəkildə inkişaf etdirilir.
“Ailə uşağın insanlara, ictimai mühitə, Vətənə və özünə münasibətinin ilkin əsaslarını formalaşdırır. Təhsil həmin mənəvi əsasları bilik, analitik düşüncə və hüquqi mədəniyyətlə tamamlayır. Lakin müasir dövrdə gənclərin mənəvi-ideoloji baxışlarına təsir göstərən üçüncü mühüm amil də var: informasiya məkanı. İnternet, sosial media, rəqəmsal texnologiyalar və süni intellekt bilik əldə etmək imkanlarını genişləndirməklə yanaşı, müxtəlif ideoloji təsirlərin yayılmasını da sürətləndirir”, - deyə R.Məmmədov əlavə edib.
Komitə sədri bildirib ki, informasiya bolluğu özlüyündə düzgün dünyagörüşünün formalaşmasına təminat vermir.
“Əksinə, məlumatların etibarlılığını qiymətləndirmək və müxtəlif təsirlər arasında düzgün seçim etmək bacarığı olmadıqda, geniş informasiya imkanları yanlış istiqamətlənmə risklərini də artıra bilər. Buna görə müasir dövrdə informasiya təhlükəsizliyi ilə yanaşı, düşüncə təhlükəsizliyi də mühüm əhəmiyyət daşıyır. Düşüncə təhlükəsizliyi insanın məlumatı təhlil etmək, manipulyasiyanı tanımaq, fərqli fikirləri müqayisə etmək və qərarlarını sağlam mühakimə əsasında vermək bacarığı ilə bağlıdır. Belə bacarıqların inkişafı gəncləri kənar təsirlərdən qorumaqla yanaşı, onların ictimai həyatda fəal və prinsipial mövqe tutmasına da imkan yaradır”, - deyə o vurğulayıb.
R.Məmmədovun sözlərinə görə, insanın dünyagörüşünün formalaşmasında dini biliklər və mənəvi dəyərlər də mühüm yer tutur.
“Bu baxımdan gənclərin dini biliklərinin sağlam və etibarlı mənbələr əsasında zənginləşməsi xüsusi əhəmiyyət daşıyır. Dini anlayışların düzgün mənimsənilməsi, xurafatın mənəvi dəyərlərdən, radikal ideyaların isə sağlam dini düşüncədən fərqləndirilməsi vacibdir. Eyni zamanda, dini inancdan sui-istifadə edən manipulyativ çağırışların mahiyyətini anlamaq lazımdır. Dini dəyərlər insan ləyaqətinə, mərhəmətə, ədalətə, qarşılıqlı hörmətə, ictimai həmrəyliyə və sülhə xidmət etməlidir”, - deyə komitə sədri bildirib.
O qeyd edib ki, Azərbaycanın dünyəvi dövlət modeli ilə dini-mənəvi dəyərlər arasında ziddiyyət yoxdur.
“Əksinə, dini etiqad azadlığı, hüquqi dövlət prinsipləri, dünyəvilik və milli-mənəvi dəyərlərə hörmət ölkənin ictimai sabitliyini və həmrəyliyini möhkəmləndirən, bir-birini tamamlayan meyarlardır. Dünyəvi dövlət dini dəyərləri inkar etmir, əksinə, onların qorunması üçün hüquqi mexanizmlər yaradır. Çünki dünyəvilik dövlət idarəçiliyinin hüquq və qanunçuluq əsasında həyata keçirilməsini, vətəndaşların dinindən və etiqadından asılı olmayaraq bərabərliyinin qorunmasını, dini etiqad azadlığının təmin edilməsini nəzərdə tutur. Bu model həm insanların dini inanclarına hörmət göstərilməsi, həm də müxtəlif dünyagörüşlərinə malik vətəndaşların ümumi hüquqi çərçivədə dinc və təhlükəsiz yaşaması üçün əsas yaradır”, - deyə R.Məmmədov vurğulayıb.
Komitə sədri diqqətə çatdırıb ki, milli dəyərləri qorumaqla müasir dünyaya inteqrasiya arasında seçim etmək zərurəti yoxdur.
“Bəzən milli dəyərləri qorumaqla müasir dünyaya inteqrasiya arasında seçim etmək lazım olduğu təsəvvürü yaradılır. Halbuki milli kimliklə müasirlik arasında məcburi seçim yoxdur. Milli dəyərlərə bağlılıq elmi biliklərə, texnoloji yeniliklərə və müasir düşüncəyə açıq olmağa maneə yaratmamalıdır. Azərbaycan cəmiyyətinin birliyi də milli-mənəvi dəyərlərin, dini etiqad azadlığının və dünyəvi dövlətin təməl qaydalarının uzlaşdırılmasına əsaslanır. Müxtəlif dini və mədəni mənsubiyyətə malik insanların ümummilli maraqlar, qanun qarşısında bərabərlik və qarşılıqlı hörmət əsasında bir arada yaşaması ictimai sabitliyin mühüm şərtidir. Bu birliyin qorunması üçün yalnız ortaq dəyərlərin təşviqi deyil, hüquqi mədəniyyətin və vətəndaş öhdəliyinin inkişaf etdirilməsi də vacibdir”, - deyə o bildirib.
R.Məmmədovun sözlərinə görə, milli-mənəvi tərbiyənin əsas məqsədi yalnız öz tarixini bilən deyil, onu anlayan, yalnız ənənələrə bağlı olan deyil, onları müasir dövrün tələbləri ilə uzlaşdırmağı bacaran, yalnız informasiya əldə edən deyil, onu təhlil edərək düzgün qərar verən vətəndaş yetişdirməkdir.
“Məhz buna görə milli-mənəvi dəyərlər müasir düşüncəyə, fərdi azadlıq vətəndaşlıq məsuliyyətinə, dini etiqad azadlığı isə dünyəvi dövlət prinsiplərinə qarşı qoyulmamalıdır. Əksinə, bu dəyərlər və komponentlər bir-birini tamamlayan, milli kimliyin qorunmasına, sağlam ictimai şüurun və vətəndaşlıq borcunu dərk edən mövqeyin formalaşmasına xidmət edən bütöv bir ideoloji sistemin tərkib hissələri kimi qəbul edilməlidir”, - deyə komitə sədri fikirlərini yekunlaşdırıb.












