“Discover the World” Azərbaycan Hava Yollarını Belçika və Niderlandda da təmsil edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

“Discover the World” Azərbaycan Hava Yollarını Belçika və Niderlandda da təmsil edəcək

1news Redaksiyası13:59 - Bu gün
“Discover the World” Azərbaycan Hava Yollarını Belçika və Niderlandda da təmsil edəcək

“Discover the World” şirkəti Azərbaycan Hava Yolları ilə əməkdaşlığını genişləndirərək aviaşirkətin Belçika və Niderland üzrə nümayəndəsi təyin olunub. Bu addım Azərbaycan Hava Yollarının Avropa bazarında mövqeyinin möhkəmləndirilməsinə xidmət edəcək.

Əməkdaşlıq çərçivəsində “Discover the World” hər iki ölkədə turizm agentlikləri, korporativ səyahət xidmətlərinin alıcıları və digər sektor tərəfdaşları ilə işləyərək Azərbaycan Hava Yollarının tanıdılması və satışlarının artırılması istiqamətində fəaliyyət göstərəcək. Əsas diqqət aviaşirkətin beynəlxalq marşrut şəbəkəsi barədə məlumatlılığın artırılmasına və yerli turizm sektoru ilə əməkdaşlıq vasitəsilə yeni satış imkanlarının yaradılmasına yönələcək.

Belçika və Niderland bazarları Azərbaycan Hava Yollarına Qərbi Avropada fəaliyyətini genişləndirmək, turizm və işgüzar səfərlər üçün Azərbaycanla, eləcə də aviaşirkətin şəbəkəsindəki digər istiqamətlərlə bağlantıları inkişaf etdirmək imkanı yaradır. “Discover the World” şirkətinin regiondakı təcrübəsi Azərbaycanın milli avidaşıyıcısının bu bazarlarda daha geniş tanınmasına və yeni kommersiya əlaqələrinin qurulmasına dəstək verəcək.

“Discover the World” şirkətinin qlobal müştərilər üzrə satış rəhbəri Terri Smit bildirib: “Azərbaycan Hava Yolları ilə əməkdaşlığımızın Belçika və Niderlandı da əhatə etməsindən məmnunuq. İnkişaf etmiş turizm sektoruna malik bu dinamik bazarlar beynəlxalq aviaşirkətlər üçün böyük potensial daşıyır. Komandalarımız Azərbaycan Hava Yollarının təklif etdiyi imkanları daha geniş auditoriyaya çatdırmaq, turizm sektoru və korporativ tərəfdaşlarla əlaqələri gücləndirmək, eləcə də satışların artırılması üçün yeni imkanlar müəyyənləşdirmək istiqamətində çalışacaq. Aviaşirkətin hər iki bazarda mövqeyinin daha da möhkəmlənməsinə töhfə verməyi səbirsizliklə gözləyirik”.

Azərbaycan Hava Yolları haqqında

Azərbaycan Hava Yolları nüfuzlu “Skytrax” təşkilatının “4 Ulduz” reytinqinə sahibdir və dəfələrlə “World Airline Awards” nominasiyasında “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” mükafatına layiq görülüb. IATA üzvü kimi şirkət marşrut şəbəkəsinin inkişafı, rəqəmsal innovasiyalar və sərnişin rahatlığının artırılması üzrə strategiya həyata keçirir. Aviaşirkət ICAO standartlarına cavab verən müasir təyyarə parkı və genişlənən marşrut şəbəkəsi ilə sərnişinlərə yüksək xidmət göstərir, ölkəmizin beynəlxalq aviasiya məkanında mövqelərini möhkəmləndirir.

Dayanıqlı inkişaf Azərbaycan Hava Yollarının strategiyasının əsas tərkib hissəsidir. Aviaşirkət BMT-nin Qlobal Sazişinə qoşulub, ESG öhdəliklərini dərc edir, həmçinin IATA-nın “CO₂ Connect” və “IEnvA” proqramlarında iştirak edərək beynəlxalq aviasiyada etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeyini gücləndirir.

Paylaş:
75

Son xəbərlər

Bütün xəbərlər