“PAŞA Holding”-ə daxil olan “Agro Dairy” şirkəti autizmli uşaqların sosial həyatda fəal iştirakını dəstəkləyir
8 oktyabr 2026-cı il tarixində “PAŞA Holding”-ə daxil olan “Agro Dairy” şirkətinin tərkibində fəaliyyət göstərən Yalama Aqroparkında ABAM Autizm Mərkəzinin uşaqları qonaq olublar.
Səfər uşaqların təbiət və heyvanlarla tanışlığı, yaradıcılıq fəaliyyətlərində iştirakı və xoş vaxt keçirməsi məqsədilə təşkil olunub.
Proqram çərçivəsində uşaqlar əvvəlcədən hazırlanmış dibçəklərdə bitki və ya fidan əkərək ilkin suvarma işlərini həyata keçiriblər. Hər uşağın əkdiyi bitki onun adı qeyd olunan kartla işarələnib. Daha sonra uşaqlar müəllimlərinin və təsərrüfat əməkdaşlarının müşayiəti ilə aqroparkın ərazisində gəzərək təsərrüfat həyatı ilə tanış olublar.
“Agro Dairy” sosial məsuliyyətə və cəmiyyətin müxtəlif qruplarının dəstəklənməsinə önəm verərək uşaqların inkişafına, təbiətlə ünsiyyətinə və yeni təcrübələr qazanmasına töhfə verən təşəbbüsləri dəstəkləyir.












