Xətai rayonundakı silahlı insidentlə bağlı 13 nəfər həbs edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Xətai rayonundakı silahlı insidentlə bağlı 13 nəfər həbs edilib

1news Redaksiyası09:16 - Bu gün
Xətai rayonundakı silahlı insidentlə bağlı 13 nəfər həbs edilib

Bakının Xətai rayonunda kriminal aləmlə əlaqəli şəxslərin iştirakı ilə baş verən silahlı insident və digər ağır cinayətlərlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

1news.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, oktyabrın 23-də paytaxtın Xətai rayonu, General Şıxlınski küçəsi, 145 ünvanında yerləşən "Ab-Hava" restoranında 1983-cü il təvəllüdlü, kriminal aləmdə "Ceyhun Sabunçu" ləqəbi ilə tanınan Cəlal Mirağayevin qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.

İlkin istintaqla müəyyən edilib ki, Cəlal Mirağayevlə "Sabunçu Emin" ləqəbi ilə tanınan Emin Rəhimov arasında borc məsələsinə görə yaranmış mübahisənin həlli məqsədilə oktyabrın 23-də, gecə saat 00:00 radələrində restoranda görüş təşkil olunub. Görüşdə kriminal aləmlə əlaqəli digər şəxslər də iştirak ediblər.

Tərəflər arasında başlayan münaqişə fiziki qarşıdurmaya çevrilib və ictimai qaydanın kobud şəkildə pozulması ilə müşayiət olunan dava baş verib. İstintaqın ilkin nəticələrinə əsasən, Cəlal Mirağayev Emin Rəhimova yumruqla zərbə vurduqdan sonra sonuncunun dostu Elmar Cəfərov və Emin Rəhimov bıçaqla ona xəsarətlər yetiriblər. Cəlal Mirağayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürməni nəzərdə tutan 120.1-ci maddəsi ilə cinayət işi başlanıb. Həmçinin davada iştirak edən digər şəxslərlə bağlı cinayətkar birlik yaratma və ya belə birlikdə iştirak etmə, eləcə də mütəşəkkil dəstə tərəfindən külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər cinayətlərlə bağlı araşdırma aparılıb.

Baş Prokurorluğun məlumatına görə, hadisədə bu və ya digər formada iştirak etməkdə şübhəli bilinən 13 nəfər Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaq orqanına təhvil verilib.

İstintaq zamanı Cəlal Mirağayevin başqa cinayət əməlinə görə axtarışda olan Elmar Cəfərov və Emin Rəhimov tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edilib. Onlar Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə (mütəşəkkil dəstə tərəfindən qəsdən adam öldürmə) təqsirləndirilən şəxs qismində cəlb olunublar. Digər şəxslər də müvafiq maddələrlə təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər.

Məhkəmənin qərarları ilə saxlanılan 13 nəfərin hamısı barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işləri bir icraatda birləşdirilib, ibtidai istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub. İş üzrə prokurorluq və daxili işlər orqanlarının müstəntiqlərindən ibarət istintaq qrupu yaradılıb.

Baş Prokurorluq cinayət işi üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılacağını, nəticələrlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyini bildirib. Qurum, həmçinin istintaqın obyektivliyinə və gedişinə mənfi təsir göstərə biləcək, prokurorluqla dəqiqləşdirilməmiş məlumatların yayılmasının qanunla yolverilməz olduğunu media nümayəndələrinin və sosial şəbəkə istifadəçilərinin diqqətinə çatdırıb.

Paylaş:
93

Son xəbərlər

Bütün xəbərlər