GTA 6 əyləncə sənayesi tarixində rekord qırdı – Gəliri GTA 5-i beşqat üstələdi | 1news.az | Xəbərlər
Dünya

GTA 6 əyləncə sənayesi tarixində rekord qırdı – Gəliri GTA 5-i beşqat üstələdi

Qafar Ağayev14:10 - Bu gün
GTA 6 əyləncə sənayesi tarixində rekord qırdı – Gəliri GTA 5-i beşqat üstələdi

"Rockstar Games" şirkətinin yeni videooyunu GTA 6 satışa çıxarıldıqdan sonra əyləncə sənayesi tarixində ən böyük təqdimat uğuruna imza atıb.

1news.az xəbər verir ki, şirkət oyunun satışlarının videooyun və kino sənayesində indiyədək qeydə alınan gəlir rekordlarını geridə qoyduğunu açıqlayıb.

"Rockstar Games"in təsisçisi Sem Hauzer (Sam Houser) oyunçuların göstərdiyi marağa görə minnətdarlığını bildirib.

"Dünyanın hər yerindən oyunçuların göstərdiyi reaksiyaya görə son dərəcə minnətdarıq. Bu anı sizinlə bölüşməkdən böyük həyəcan duyuruq", - deyə o qeyd edib.

Şirkətin məlumatına görə, GTA 6-nın satışından əldə olunan gəlir seriyanın əvvəlki oyunu GTA 5-in 2013-cü ildə satışa çıxarıldığı ilk 24 saat ərzində qazandığı təxminən 800 milyon dolları, demək olar ki, beş dəfə üstələyib.

Bununla yanaşı, oyunun ümumi gəlirinin dünya kinosunun ən çox gəlir gətirən ekran əsərlərindən biri olan "Avengers: Endgame"in dünya üzrə 2,9 milyard dollarlıq kassa gəlirini də keçdiyi bildirilir.

GTA 6 cümə axşamı "PlayStation 5" və "Xbox" platformaları üçün satışa çıxarılıb. İlk olaraq Yeni Zelandiyada təqdim edilən oyun daha sonra mərhələli şəkildə digər ölkələrin bazarlarına daxil olub.

"Visibrain" monitorinq platformasının məlumatına görə, GTA 6 qısa müddətdə qlobal fenomenə çevrilib. Oyunun sosial şəbəkələrdə yaratdığı qarşılıqlı əlaqənin səviyyəsi futbol üzrə dünya çempionatı ilə müqayisədə daha yüksək olub.

GTA 6 "Metacritic"də 99 bal toplayıb

GTA 6 rəylərin toplandığı "Metacritic" platformasında 99 bal əldə edib. "Rockstar Games" bu nəticənin oyunu indiyədək ən yüksək reytinq alan videooyuna çevirdiyini bildirib.

Açıq dünya janrında hazırlanan GTA 6 oyunçulara geniş şəhər ərazisində sərbəst hərəkət etmək, avtomobillər oğurlamaq, qarətlər törətmək və cinayətkar qruplaşmaların tapşırıqlarını yerinə yetirmək imkanı verir.

Oyun tənqidçilərdən yüksək qiymət alsa da, ABŞ-da hüquq-mühafizə orqanlarının diqqətini də cəlb edib. Oyunun satışa çıxarılmasından sonra ölkənin müxtəlif ştatlarında polis idarələri vətəndaşlara virtual dünyada təsvir olunan avtomobil oğurluğu, təhlükəli sürücülük, zorakılıq və digər qanunsuz hərəkətləri real həyatda təkrarlamamaq barədə xəbərdarlıq ediblər.

Polisdən oyunçulara xəbərdarlıq: "GTA real məkan deyil"

Amerika Psixologiya Assosiasiyasının məlumatına görə, zorakılıq məzmunlu videooyunlarla real həyatda zorakı davranış arasında birbaşa əlaqəni təsdiqləyən kifayət qədər elmi sübut yoxdur.

Buna baxmayaraq, ABŞ-ın bir sıra polis idarələri GTA 6-nın təqdimatından sonra oyundakı qanunsuz hərəkətlərin virtual aləmdən kənara çıxmamalı olduğunu vurğulayan müraciətlər yayıb.

Atlanta Polis Departamenti sosial şəbəkə hesabında paylaşdığı açıqlamada oyunçulara belə səslənib:

"GTA real məkan deyil, Atlanta isə realdır. Virtual əyləncəni real həyatda qəbul etdiyiniz qərarlarla qarışdırmayın".

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər