Ermənistan sülh istəyirsə, ilk növbədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir – Məlahət İbrahimqızı

Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyi irəliləsə də, müharibənin yaratdığı humanitar problemlər hələ də öz həllini tapmayıb.
Bu problemlərin başında isə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 010 azərbaycanlının taleyi dayanır. İllərdir yaxınlarından xəbər gözləyən ailələr üçün məsələ sadəcə statistik göstərici deyil, cavabını tapmayan həyat hekayələri və davam edən mənəvi iztirabdır. İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi həm humanitar məsuliyyət, həm də Azərbaycanla Ermənistan arasında etimadın formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda paraflanmış sülh sazişinin layihəsində də itkin şəxslər və məcburi yoxaçıxma halları üzrə əməkdaşlıq ayrıca əksini tapıb. Bununla belə, Ermənistanın bu istiqamətdə üzərinə götürdüyü öhdəliklər və verdiyi vədlər hələ də real nəticələrə çevrilməyib. Rəsmi İrəvan bir tərəfdən itkinlərin axtarışı, eyniləşdirilməsi və ailələrin məlumatlandırılması məsələsində əməkdaşlığa hazır olduğunu bəyan edir, digər tərəfdən isə Azərbaycan tərəfinin gözlədiyi konkret məlumatları təqdim etmir. Söhbət təkcə itkinlərin saxlanma yerləri və taleyi ilə bağlı məlumatlardan getmir. Ermənistan tərəfinin mövcudluğunu etiraf etdiyi 200-dən çox dəfn yerinin koordinatları, şahidlərin dindirilməsi və insan qalıqlarının axtarışına dair razılaşdırılmış tədbirlər də hələ həyata keçirilməyib. Problemin digər mühüm tərəfi isə işğaldan azad edilmiş ərazilərdə davam edən mina təhlükəsidir. Dəqiq mina xəritələrinin təqdim edilməməsi həm insanların həyatını riskə atır, həm də itkinlərin dəfn olunduğu ehtimal edilən ərazilərdə axtarışları çətinləşdirir. Bu baxımdan itkinlərin taleyinin müəyyənləşdirilməsi ilə mina probleminin həlli bir-birindən ayrı nəzərdən keçirilə bilməz. Ermənistanın beynəlxalq konfranslarda humanitar əməkdaşlıqdan danışdığı bir vaxtda bu məsələlər üzrə konkret addımlar atmaması rəsmi İrəvanın bəyanatlarının praktik müstəvidə nə dərəcədə əsaslı olduğunu şübhə altına alır. Nəticə etibarilə, sülhün dayanıqlılığı yalnız siyasi sənədlərlə deyil, müharibənin ağır humanitar mirasına münasibətlə də ölçülür.
Bəs Ermənistanın təqdim etmədiyi məlumatlar itkinlərin taleyinin müəyyənləşdirilməsinə necə təsir edir və bu məsələnin sülh prosesindəki əhəmiyyəti nədən ibarətdir?
Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablandıran Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib ki, rəsmi İrəvan nə qədər tədbir keçirsə də, Azərbaycanın 4 minə yaxın itkin düşmüş vətəndaşının taleyi fonunda işğalçı imicini üzərindən götürə bilməyəcək.
“Bundan sonra on illər, yüz illər, min illər keçsə də Ermənistana və erməni xalqına işğalçılıq, təcavüzkarlıq, qonşularının torpağına göz dikmək və əsassız düşmənçilik mövqeyində olmaq kimi baxılacaq. Ona görə də erməni xalqı bu adları üzərindən götürmək istəyirsə, Vaşinqtonda sülh zirvəsində imzalanmış, paraflanmış sənədin hər bir maddəsinə, cümləsinə və tələbinə riayət etməlidir, Azərbaycana və Türkiyəyə qarşı səmimi olmalıdır. Ermənistanın həm iqtidarı, həm də müxalifəti konstitusiyada dəyişikliklərin olunmasına dəstək verməlidir. Bununla əsas qanunda dəyişiklik etməklə bəlkə gələcəkdə erməni xalqının bu təcavüzkar, işğalçı imici yavaş-yavaş unudular. Düzdür, tarix heç nəyi unutmur və zaman keçdikcə daha aktual olur, amma yenə də gələcək nəsillər üçün gözəl bir jest olar. Gələcəkdə erməni xalqının gələcək nəsilləri bu addan utanmaz və qonşulardan əsassız torpaq iddiasında olmaqla suçlanmaz”.
Deputat deyib ki, İrəvanda itkinlərin problemləri ilə bağlı beynəlxalq konfransın keçirilməsini region üçün müsbət hal kimi qiymətləndirsələr də, Azərbaycanda beynəlxalq təşkilatlara qarşı inamsızlıq və ümidsizlik var.
“Çünki onlar hər zaman ikili standart və ikiüzlü siyasət yürüdərək ötən işğal dövründə heç vaxt işğalçıya işğalçı demədilər, Azərbaycanın torpağını zəbt edənə dur demədilər və işğalçı ilə işğala məruz qalanı eyni statusda masanın arxasında otuzdurdular. ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi və ikili standartları da ifşa olundu, ona görə də Minsk qrupu iflasa uğradı. Bizim gözləntimiz odur ki, İrəvanda konfrans təşkil edən beynəlxalq təşkilatlar Ermənistandan həm itkinlərin siyahısının, həm də minaların xəritələrinin Azərbaycan tərəfinə verilməsini tələb etsin. Açığı, beynəlxalq təşkilatlara inanmırıq, amma bəlkə öz imiclərini yaxşılaşdırmaq və ikili standart damğasını götürmək üçün İrəvanın bugünkü iqtidarından və keçmiş iqtidar təmsilçilərindən bunu tələb edərlər”.
M.İbrahimqızı bildirib ki, bu konfransdan xüsusi gözləntisi yoxdur, çünki rəsmi İrəvan illərdir Azərbaycan hökumətinin və müvafiq qurumların itkinlərlə bağlı tələblərinə demək olar ki, cavab vermir.
“Azərbaycanın müvafiq qurumları işğaldan azad edilmiş torpaqlarda itkin düşmüş şəhidlərimizin nəşini taparaq onları siyahıdan çıxarırlar. Beynəlxalq təşkilatların ikiüzlülüyünə və ikili standartlarına alışmışıq, gözləyək, görək bu konfransın nəticəsi necə olur”.









