Humanitar konfranslar yox, konkret cavablar lazımdır: Ermənistan itkinlərin taleyini niyə açıqlamır? - deputatdan ŞƏRH

Müharibədən onilliklər keçməsinə baxmayaraq, minlərlə azərbaycanlı ailə hələ də yaxınlarının taleyindən xəbərsizdir.
Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 010 nəfərin aqibətinin müəyyənləşdirilməsi Azərbaycan üçün bu gün də ən ağrılı humanitar məsələlərdən biri olaraq qalır. Bu problemin həllində Ermənistanın üzərinə düşən məsuliyyət isə danılmazdır. Buna baxmayaraq, rəsmi İrəvanın beynəlxalq platformalarda səsləndirdiyi humanitar çağırışlarla praktik fəaliyyəti arasında ciddi ziddiyyətlər müşahidə olunur. Noyabrın 19-20-də İrəvanda "İtkin düşmüş şəxslərin taleyi: humanitar dialoq və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransın keçirilməsi də bu baxımdan diqqət çəkir. Konfransda Ermənistan rəhbərliyi itkin ailələrinin yaxınlarının taleyini bilmək hüququndan, qarşılıqlı etimaddan və məlumat mübadiləsinin vacibliyindən danışır. Lakin eyni zamanda, Azərbaycan tərəfinin təqdim etdiyi siyahıların yoxlanılmasının nəticələri açıqlanmır, əvvəllər verilməsi vəd olunan məlumatlar təqdim edilmir. Xüsusilə Ermənistan tərəfinin özünün mövcudluğunu təsdiqlədiyi 204 kütləvi və fərdi dəfn yerinin koordinatlarının indiyədək Azərbaycana verilməməsi ciddi suallar doğurur. Halbuki 2025-ci ilin fevralından iki ölkənin itkin düşmüş şəxslər üzrə dövlət komissiyaları arasında birbaşa təmaslar qurulub, konkret məsələlər üzrə razılaşmalar əldə edilib. Həmin razılaşmaların icrası itkinlərin taleyinin müəyyənləşdirilməsi istiqamətində real nəticələr verə bilərdi. Ancaq Ermənistanın təhlükəsizlik orqanlarında rəhbər dəyişikliyindən sonra bu istiqamətdə əməkdaşlığın zəifləməsi, bir sıra məsələlərin cavabsız qalması prosesin faktiki olaraq dayanmasına gətirib çıxarıb. Belə bir şəraitdə İrəvanda humanitar dialoq və əməkdaşlıqdan danışılması rəsmi bəyanatların nə dərəcədə səmimi olduğu sualını yenidən gündəmə gətirir. Çünki itkin ailələrinin gözləntisi yeni konfranslar və ümumi vədlər deyil, onilliklərdir gizli qalan məlumatların açıqlanması və konkret razılaşmaların yerinə yetirilməsidir.
Bəs Ermənistanın beynəlxalq ictimaiyyətə verdiyi humanitar mesajlarla real davranışı arasındakı bu fərq nə ilə izah oluna bilər? İrəvan itkinlər məsələsinin həllində həqiqətən maraqlıdırmı?
Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablandıran Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, Azərbaycan beynəlxalq humanitar hüququn bazasının genişləndirilməsi və itkin düşmüş şəxslərlə bağlı məsələnin yenidən gündəmə gətirilməsi üçün Bakı forumunda xüsusi təşəbbüslə çıxış edib.
“Qısa müddətdən sonra Bakı bəyannaməsində itkin düşmüş şəxslərlə bağlı qəbul edilmiş mətn Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayıldı. Bu o deməkdir ki, belə bir humanitar hüquqa və diplomatiyaya ehtiyac var idi və rəsmi Bakının təşəbbüsü ilə bu boşluq tutulmuş oldu. Yalnız bundan sonra Ermənistanı hərəkətə gətirmək mümkün oldu. Düşünürəm ki, Ermənistan öz sülh niyyətində səmimidirsə, doğrudan da humanitar hüququn tələblərini mütləq yerinə yetirməlidir”.
Deputat deyib ki, heç kəs 4 minə qədər itkin düşmüş vətəndaşımızın taleyi haqqında Ermənistanın məlumatı olmadığını iddia edə bilməz.
“Çünki onlar məhz erməni hərbi terrorçu birləşmələrinin Azərbaycanı işğal etdiyi dövrdə itkin düşüblər. Ona görə də bu istiqamətdə addımlar atılarsa, bu həm humanitar hüququn bir parçası olar, həm də Ermənistan və Azərbaycan arasında etimad mühitinin yaranmasına səbəb olar. Ermənistan niyə bu məlumatları gizlədir? Çünki bu məlumatların etiraf edilməsi əslində Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi zaman törətdiyi hərbi cinayətlərin üzə çıxması olacaqdır və bu cinayətlərə görə əlbəttə ki, kimlərsə cavab verməli olacaqdır. Ona görə Ermənistan maksimum çalışır ki, bu məsələ gündəmdə olmasın”.
H.Babaoğlu bildirib ki, yaxşı olar ki, Ermənistan indiki mərhələdə itkin düşmüş şəxslərlə bağlı hər hansı tədbir keçirməkdənsə, real addımlar atsın.
“Yəni, Azərbaycanın hələ də 4 minə qədər taleyi bəlli olmayan vətəndaşları haqqında Azərbaycanı məlumatlandırmış olsun. Yalnız biz o vaxt Ermənistanda keçirilən konfransın səmərəli olacağına, ya da məqsədin doğrudan da bu mövzuya həsr olunduğuna inana bilərik”.









