“Ermənilər bir gecədə bütün ailəmi öldürdü” – Xocalı faciəsinin canlı şahidi – VİDEO
Baku Media Center Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş video-çarx hazırlayıb.
1news.az-ın verdiyi xəbərə görə, video-çarxda ailənin yeganə sağ qalan üzvü, faciənin canlı şahidi olmuş Əsli xanımla müsahibə yer alıb:
“Ailəmlə birlikdə Xocalıda yaşayırdıq.1992-ci ilin fevralın 26-na qədər hər şey yaxşı idi. Bütün ailə üzvlərim – qardaşlarım, bacılarım, onların uşaqları, ilk nəvəm yeddi yaşlı Sevinc həmin gecə erməni qəsbkarları tərəfindən qətlə yetirildi. Bu cür faciəni heç bir xalqa arzu etmirəm”.
Qeyd edək ki, Əsli xanım faciənin acısına dayanmayaraq 2019-cu ildə vəfat edib.
Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı moto-atıcı alayının köməyi ilə Xocalını işğal etdilər.
Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər sakini zorakılıqla qovulub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tam məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürülüb.
S.Xankişiyeva