Fuad Niftəliyev: “E-Təbib” tətbiqini yükləyən şəxslərin izlənməsi məsələsi absurddur - MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

Fuad Niftəliyev: “E-Təbib” tətbiqini yükləyən şəxslərin izlənməsi məsələsi absurddur - MÜSAHİBƏ

13:10 - 30 / 06 / 2020
Fuad Niftəliyev: “E-Təbib” tətbiqini yükləyən şəxslərin izlənməsi məsələsi absurddur - MÜSAHİBƏ

Məlum olduğu kimi, iyunun 19-da Nazirlər Kabineti iyulun 1-də bitməli olan xüsusi karantin rejimini avqustun 1-dək uzadıb, eyni zamanda Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində iyunun 21-dən iyulun 5-dək məhdudiyyətlər tətbiq edib.

İyunun 25-də isə Nazirlər Kabineti 19 iyun qərarına bəzi dəyişikliklər edib. Bundan sonra vətəndaşlar təkcə 8103 nömrəsinə SMS göndərməklə yox, “E-Təbib” mobil tətbiqi vasitəsilə də yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə ala biləcəklər.

Bu tətbiqin yeni olması və istifadəsi ilə bağlı insanlar arasında sual doğuracaq məsələlərə aydınlıq gətirmək üçün “E-Təbib”in layihə rəhbəri Fuad Niftəliyevə müraciət etdik.

- “E-Təbib” tətbiqinin hazırlanmasında hansı ölkənin təcrübəsindən istifadə olunub?

- Mobil tətbiq hazırlandığı zaman beynəlxalq təcrübədən geniş istifadə edilib. Böyük Britaniyanın “Covid Symptom Tracker”, Sinqapurun “TraceTogether”, Stanford Universitetinin “Covid Watch”, İsrailin “HaMagen” və digər ölkələrin (Cənubi Koreya, ABŞ, Çin) mobil tətbiqlərinin işləmə texnologiyaları, məlumatlandırma sistemləri və pandemiya dövründə preventiv addımların həyata keçirilməsi imkanları təhlil edilib.

- Bir çoxları “E-Təbib” tətbiqinin düzgün işləmədiyini söyləyir, hətta Fransa kimi ölkədə belə buna oxşar tətbiqin özünü doğrultmadığını deyirlər. Bu barədə nə deyə bilərsiniz?

- Tətbiqin ilk 3-4 günü ərzində  bir sıra problemlər var idi ki, bu da onunla bağı idi ki, tətbiq çox qısa müddətdə hazırlanıb və testlərin tam yekunlaşmasına imkan olmayıb. Əsas məqsədimiz tətbiqi vətəndaşlarımız üçün faydalı etmək idi. Düşünürəm ki, biz doğru yoldayıq və mövcüd problemlər tez bir zamanda aradan qaldırılıb. Qısa müddətdə hazırlanan proqram artıq ilkin versiya üçün tam problemsiz işləyir. Fransa kimi ölkədə tətbiqin uğursuz olduğunu demək istəməzdim. Fransada hətta bu tətbiqə Senat da dəstək verib. Lakin, bu kimi tətbiqlər bir sıra dövlətlərdə çox uğurla işləyir. Misal olaraq İsrail, Sinqapur, Cənubi Koreya, bir çox Avropa ölkələrini göstərmək olar.

- İctimai fəal Bəxtiyar Hacıyevin sözlərinə görə, koronavirus testi pozitiv çıxmış bir neçə insan tətbiqdən istifadə zamanı onlara virusa yoluxmadıqları, sağlam olduqları bildirişi gəlib. Onun söylədikləri doğrudurmu?

- Əslində məsələ fərqlidir. Testi pozitiv çıxmış insanlar bizim tətbiqdə də laboratoriya testinin nəticələrini POZİTİV olaraq görürdülər. Statuslarına gəlincə isə, texniki problem olduğu üçün onlar laboratoriya testinin nəticəsinə istinad etməyərək sağlam olduqlarını bildirmək istədilər. Statuslar artıq düzəlib. Hazırda həmin insanlar həm statuslarda, həm test nəticələrində artıq düzgün nəticəni görə bilirlər. İstənilən halda biz bütün təklif və iradları diqqətlə öyrənirik, bütün məsələlərlə bağlı hər bir şəxslə dərhal əlaqəyə keçməyə çalışırıq, o cümlədər Bəxtəyar Hacıyevin də sualları cavablandırılıb və ona bu haqda bildirilib. Fürsətdən istifadə edərək, xahiş edirik, e-təbibə sualı olan insanlar ya bizim Facebook səhifəmizə yazsınlar və ya bizi mövqelərini bildirdikləri sosial media səhifələrində tag etsinlər. Belə olan halda, sualları və fikirləri cavablandırmaq imkanımız daha geniş və sürətli olur.

- Maraqlıdır, virusa yoluxanları FİN kod vasitəsi ilə müəyyən etmək mümkün deyilsə, onlarla təmasda olmuş adamları necə müəyyən edib virusa yoluxmalarının qarşısını alacaqsınız?

- Tətbiqi yükləyən hər bir şəxs öz sosial məsuliyyətini dərk etməlidir. Bu tətbiq vətəndaşlarımız üçün yaradıldı. Onlara yoluxma zamanı və ya yoluxmada şübhəli olduqları zaman digər insanları yoluxdurmamaq üçün bir şans verilibdir. Bunu hərkəs başa düşməlidir və təlimata uyğun hərəkət etməyi tövsiyə edirik. Proqram isə Bluetooth vasitəsi ilə digər təmasda olan smartfonları öz yaddaşında saxlayır. Smartfonların birinin  istifadəçisi virusa yoluxarsa digər onunla təmasda olan (2 metr radiusda və 10 dəqiqədən çox vaxtda təmasda olan) smartfonların istifadəçiləri bu barədə bildiriş alacaqlar. Həmin şəxslərə tövsiyəmiz odur ki, digərlərini yoluxdurmadan laboratoriya testindən keçsinlər.

- Samir Xudiyev adlı şəxs redaksiyamıza müraciət edərək bildirib ki, “E-Təbib” tətbiqi vasitəsilə icazə alsa da, polis adının DİN-in sistemində olmamasını əsas gətirərək onu cərimələyib. Yalnız Təbib-ə müraciət edəndən sonra cəriməsi silinib. “E-Təbib” vasitəsilə icazə alan digər insanlar da eyni problemlə qarşılaşmayacaqlar ki?

- Bu məsələ artıq həllini tapıb. DİN əməkdaşları da artıq təlimatlandırılıb. Tətbiq ilə icazə götürən şəxslər əgər cərimə yazılıbsa, onların cərimələrinin vaxtı tətbiqdən götürülən icazələrin vaxtı ilə üst-üstə düşürsə həmin şəxslərə heç bir cərimə tətbiq olunmayacaq. Nəzərinizə çatdırmaq istəyirəm ki, tətbiqdən sui-istifadə (ekranın şəklini çəkənlər) edənlər də var ki, artıq onlar barəsində tədbirlər görülüb. Biz də öz növbəmizdə tətbiqdə olan sui-istifadə imkanlarının qarşısını almışıq.

- İnsanları narahat edən əsas məsələlərdən biri bu tətbiq vasitəsilə izlənmələridir. Hazırda əhalinin həyatı üçün heç bir kritik təhlükə yoxdur, ölkədə hərbi əməliyyatlar aparılmır, fövqəladə vəziyyət yoxdur. Belə olan halda insanların bu cür texnologiya vasitəsilə izlənməsi nə dərəcədə qanunidir? Konstitusiyamız buna icazə verirmi?

- Tətbiqi yükləyən şəxslərin izlənməsi məsələsi absurddur. Bu haqqda da artıq dəfələrlə bildirmişik. Tətbiq Apple və Androidin ciddi tələbləri altında işləyir. Bu tələblərdə heç bir boşluq yoxdur. Məlumatlar hər kəsin öz şəxsi smartfonunda qeydə alınır. Biz heç bir əlavə məlumat əldə etmirik. Məlumatlar yalnız və yalnız istifadəçinin yoluxduğu zamanı TƏBİB və ya Səhiyyə Nazirliyi tərəfinə ötürülə bilər ki, bu məlumatlar arasında da heç bir geolokasiya məlumatları yoxdur və olması da mümkün deyil.

- Daha bir narazılıq “E-Təbib” tətbiqinin telefonun enerjisindən çox istifadə etməsi ilə bağlıdır. Doğrudanmı bu tətbiq çox enerji israf edir?

- Standart Bluetooth funksiyasının işlətdiyi enerjidən daha aşağı enerji sərf edilir. Aydındır ki, təbtbiq gündəlik istifadə zamanı 10-20% enerj əlavə olaraq sərf edəcək. Hazırda ölkədə və dünyada pandemiyadır. Güman edirəm əlavə sərf edilən enerji istifadəçilər tərəfindən anlayışla qəbul olunar.

- “E-Təbib” tətbiqinin təkmilləşdirilməsi və ona yeni funksiyaların əlavə edilməsi gözlənilirmi?

- Əlavələr artıq hazırdır, müəyyən texniki nüansları araşdırırıq, test edirik. Yeni funksiyalar arasında STATUSLARIN tam işlək olması, Karantin modulu və Riskli zonalar modulu öz yerini tutur. Karantin modulu yoluxan insanların öz evlərində təcrid olunması moduludur. Bu modul ilə həmin şəxslərin karantin ünvanlarından kənara çıxmaması və digər insanları yoluxdurmaması üçün yaradılıb. Təhlükəli – riskli ərazilər modulu isə yoluxmuş insanların daha çox yoluxdurğu ərazilərdir ki, bu ərazilər haqqında informasiya da yoluxan insanlar tərəfindən qeyd edilən ərazilərdir. Həmin əraziləri tətbiqdə göstərməklə digər sağlam insanların o ərazilərdən kənarda olmaları tövsiyə olunur.

Həmçinin çoxsaylı müraciətləri nəzərə alaraq tətbiqə rus dilini də əlavə etmək qərarına gəldik. Artıq tərcümələr hazırdır, həftə sonuna kimi bütün texniki işləri bitirməyi planlaşdırırıq. Növbəti həftədən hər iki – Azərbaycan və rus dili ilə tətbiqetmə ictimaiyyətə təqdim oluna bilər. Bizə ingilis dilində də tətbiqin edilməsi müraciətləri ünvanlanıb, lakin bunun üzərində hələ ki, düşünürük.

- Tətbiqə dövlət tərəfindən nə qədər pul ayrılıb?

- Maliyyə məsələsinə gəldikdə, bizlər - bir qrup İT mütəxəssisi olaraq, bu tətbiqi sosial məsuliyyət anlayışımız çərcivəsində ölkəmizə, millətimizə bu çətin günlərdə dəstək olmaq üçün hazırlamışıq və təqdim etmişik. Buna görə bizə heç bir dövlət qurumu tərəfindən pul ayrılmayıb. Bu bilavasitə bizim mütəxəssislərimizin işinin və əməyinin nəticəsidir.  

B.Cahandarov

Paylaş:
2535

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər