Zamanları birləşdirən ipək tel: Kəlağayı – Azərbaycanın milli irsi və canlı yaddaşı | 1news.az | Xəbərlər
Mövqe

Zamanları birləşdirən ipək tel: Kəlağayı – Azərbaycanın milli irsi və canlı yaddaşı

Fəridə Bağırova15:55 - Bu gün
Zamanları birləşdirən ipək tel: Kəlağayı – Azərbaycanın milli irsi və canlı yaddaşı

Xalqın tarixi yalnız onun taleyini dəyişən hadisələrdən ibarət deyil.

Bu tarix həm də nəsillər arasında qorunub saxlanılan varislik ənənələri ilə yaşayır. Mədəniyyət təkcə kitablarda və muzeylərdə deyil, ailə hekayələrində, uşaqlıqdan yaddaşımıza həkk olunan obrazlarda, böyüklərin qoruyub saxladığı və gənc nəslə ötürdüyü əşyalarda da yaşamağa davam edir.

Xalqın yaddaşını və keçmişini anlamaqda məhz bu dəyərlər mühüm rol oynayır.

Azərbaycan kəlağayısı da milli-mədəni irsimizin belə nümunələrindəndir. Zərifliyi və yüngüllüyü ilə seçilən bu ipək yaylıq xalqımızın mədəniyyətində özünəməxsus yer tutur. Onun incə toxumasında və naxışlarında əsrlər boyu formalaşmış sənətkarlıq ənənələri, gözəllik anlayışı və nəsildən-nəslə ötürülən adətlər öz əksini tapıb. Kəlağayıda sənətkarlığın incəliyi, naxışların estetikası və ənənələrin yaşarlılığı birləşir. Bütün bunlar onun əsrlər boyu öz dəyərini qoruyub saxlamasına imkan verib.

Zaman dəyişsə də, azərbaycanlı qadınların kəlağayıya münasibəti dəyişməyib. Qadınlar bu yaylığı sevə-sevə geyinib, onu qoruyub saxlayaraq qızlarına və nəvələrinə miras qoyublar. Beləliklə, kəlağayı təkcə geyim elementi deyil, həm də xalqımızın sənətkarlıq ənənələrini, estetik zövqünü və tarixi yaddaşını özündə birləşdirən mədəni irs nümunəsinə çevrilib. Onun hər bir naxışında və rəngində gözəllik, ləyaqət, sədaqət və ehtiramla yanaşı, xalqımızın qədim tarixi və adət-ənənələri də yaşayır.

Yaylıqdan daha artıq

Kəlağayı sadəcə baş örtüyü deyil, sevgi və gözəlliyin rəmzidir. Onun naxışları xalqın həyat tərzini, mərasimlərini, milli-mənəvi dəyərlərini və xalq sənətinin xüsusiyyətlərini əks etdirir. Buna görə də kəlağayı Azərbaycan mədəniyyətinin əsas rəmzlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır.

Kəlağayının dəyəri yalnız onun zərifliyində və estetik görünüşündə deyil. Əsrlər boyu azərbaycanlı qadınların gündəlik həyatının ayrılmaz hissəsi olan bu yaylıq həm sevincli, həm də kədərli günlərdə onları müşayiət edib.

Kəlağayının praktik əhəmiyyəti də olub. İncə və yumşaq ipək parça dərini günəşdən, yağışdan və küləkdən qoruyub. Azərbaycanlı qadınlar kəlağayını başlarına örtərək uclarını çiyinlərinin üzərindən aşırır, onu digər baş örtüyünün üstündən bağlayır və ya çalma formasında başlarına dolayırdılar.

Kəlağayının rəngi və naxışları bəzən konkret hadisəyə işarə edirdi. Beləliklə, o, əlavə izaha ehtiyac qalmadan müəyyən mənanı çatdıran ənənəvi ünsiyyət vasitəsinə çevrilirdi. Bu ipək yaylıqda qadına münasibət, əcdadların adətlərinə hörmət, ailə bağları və gözəllik haqqında təsəvvürlər bir araya gəlirdi.

Kəlağayının hər rəngi və naxışı özünəməxsus məna daşıyırdı. Qırmızı kəlağayılar toylarda, qara kəlağayılar isə yas mərasimlərində istifadə olunurdu. Parlaq rəngli kəlağayıların darvazalardan asılması yaxınlaşan şadlıq mərasiminin xəbərçisi sayılırdı. Bəzən isə sevindirici xəbər gətirən şəxsə kəlağayı hədiyyə edilirdi.

Kəlağayının kənarları müxtəlif ornamentlər və mürəkkəb həndəsi naxışlarla bəzədilirdi. Bu naxışlar arasında xüsusi yer tutan “buta” odun, əbədiyyətin və həyatın rəmzi hesab olunur. Azərbaycan dekorativ-tətbiqi sənətində geniş yayılmış bu motivin kökləri qədim dövrlərə gedib çıxır.

Ənənəyə görə, kəlağayıların naxışları müəyyən mənalar ifadə edir, bəzən isə özündə xüsusi mesajlar daşıyırdı. Bu işarələrin mənasını daha çox sənətkarlar və kəlağayının sahibi olan qadınlar bilirdilər. “Şah buta” əzəməti, “Saya buta” və “Xırda buta” təvazökarlığı və zərifliyi ifadə edirdi. “Küsülü buta” sevgililər arasındakı incikliyi və barışıq ümidini, “Sevgili buta” isə məhəbbət və sədaqəti simvolizə edirdi.

Buna görə də kəlağayıya yalnız Azərbaycan milli geyiminin bir elementi kimi yanaşmaq düzgün olmazdı. O, bütöv bir həyat tərzini və gündəlik əşyaların zamanla rəmzlərə çevrildiyi mədəni mühiti əks etdirir. Kəlağayı ənənəsində irsin iki növü birləşir. Bunlardan biri ipək, rəng və ornamentlərdən ibarət maddi irs, digəri isə ustaların bilikləri, hazırlanma sirləri və geyinilmə ənənələri kimi qeyri-maddi irsdir. Birini digərindən ayrı qorumaq mümkün deyil. Qədim kəlağayını muzeydə şüşə vitrin arxasında saxlamaq olar, lakin bu, mədəniyyəti yaşatmaq üçün kifayət etmir. Bunun üçün belə məmulatları hazırlamağı bacaran, onların incəliklərini anlayan və biliklərini gələcək nəsillərə ötürən insanlar lazımdır.

Əsrləri aşan sənət

Kəlağayının ənənəvi hazırlanması bir neçə ardıcıl mərhələdən ibarətdir. Əvvəlcə ipək parça toxunur və boyanır, daha sonra taxta qəliblər vasitəsilə naxışlarla bəzədilir. Hazır yaylığın yüngüllüyü və zərifliyinin arxasında ustalıq, dəqiqlik və materialın xüsusiyyətlərini dərindən bilmək dayanır. Bu prosesdə parçanın keyfiyyəti, boyanın düzgün seçilməsi və naxışların vahid kompozisiya yaradacaq şəkildə yerləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Hər naxışın öz adı, fəlsəfəsi və təyinatı var.

Azərbaycanda kəlağayı istehsalının tarixi qədim dövrlərə gedib çıxır. Tarixçilərin fikrincə, ən geci VII əsrdə Azərbaycanda Böyük İpək yolu vasitəsilə Çindən gətirilən ipəkqurdu baramalarından ipək əldə etməyi öyrənmişdilər. Qısa müddət ərzində həm xammal, həm də hazır məhsul istehsal edən yerli ustalar ənənəvi ipək tədarükçüləri ilə uğurla rəqabət aparmağa başladılar.

Tarixən kəlağayı Təbriz, Gəncə, Şamaxı, Şəki və Naxçıvanda toxunub. Bu qədim sənətin qorunub saxlanılmasında Şəki şəhəri və İsmayıllı rayonunun Basqal qəsəbəsi xüsusi rol oynayır. Bu iki məntəqə arasında məsafə olsa da, onları qədimdən “ipək telləri” birləşdirib. Şəkidə ipəkçilik ənənələrinin tarixi iki min ildən çoxdur və Şəki ipəyi haqlı olaraq keyfiyyət meyarı sayılır. Buna görə də Basqal ustaları da çox vaxt Şəki ipəyinə üstünlük veriblər.

Maraqlıdır ki, əsasən qadınların istifadə etdiyi bu baş örtüyünü, bir qayda olaraq, kişilər hazırlayırlar. Bunun səbəbi qaynar boyalarla və ağır, iri ölçülü qəliblərlə işləməyin böyük fiziki güc tələb etməsidir. Kəlağayının hazırlanmasında toxucu, boyaqçı və naxış ustası iştirak edir. Toxucular ən incə ipək sapları seçir, parçanı toxuyur, qaynadaraq emal edir və qurudurdular. Daha sonra ustalar parçanı təbii boyalarla rəngləyir, kanifol, parafin və bərk yağ qarışığından hazırlanmış maddə ilə örtülən taxta qəliblər vasitəsilə üzərinə naxışlar vururdular.

Azərbaycanlı qadınların kəlağayının keyfiyyətini yoxlamaq üçün özünəməxsus üsulu da var. Yaylığı nikah üzüyündən keçirirlər. Əgər parça üzükdən asanlıqla keçirsə, bu, onun yüksək keyfiyyətinin göstəricisi hesab olunur.

Kəlağayının hazırlanmasında boyanın xüsusi əhəmiyyəti var. Hazır parçanın yüksək temperaturda boyanması böyük əmək, ustalıq və incə zövq tələb edir. Ənənəvi olaraq, əsasən ağ, qırmızı, qara, qızılı, zoğalı və yaşıl rənglərdən istifadə olunub. Boyalar isə zirinc, cənnət alması, zəfəran, qarağat və digər bitkilərdən əldə edilib. Rəngin solmaması üçün parça qaynadılaraq emal olunub. Buna görə də kəlağayı zaman keçdikcə köhnəlsə belə, ilkin rəngini itirmir. Bu xüsusiyyət onun yüksək keyfiyyətli olduğunu göstərən əlamətlərdən biri sayılır. Boyanma başa çatdıqdan sonra parça qurudulur və ütülənir. Yalnız bundan sonra bəzək mərhələsinə başlanılır.

Naxışlar taxta, bəzən isə metal qəliblər vasitəsilə parçaya köçürülür. Kəlağayının “yelan” adlanan kənar hissəsi, bəzi hallarda isə “xonça” adlanan mərkəzi hissəsi “basmanaxış” üsulu ilə — qəlibi parçaya basmaqla həndəsi və ya sərbəst formalı naxışlarla bəzədilir.

Dərin məna daşıyan bu ornamentlər əsrlər boyu öz ənənəvi formasını qoruyub saxlayıb. “Heyratı”, “Soğanı”, “İstiotu”, “Albalı”, “Abi” və “Yeləni” kimi naxışlara Azərbaycan folklorunda, poeziyasında və dekorativ sənətində dəfələrlə rast gəlinir. Gözəllik və saflıq rəmzi sayılan bu motivlər kəlağayı sənətinin ayrılmaz hissəsidir. Kəlağayının formaları, rəngləri və naxışları xalqın gündəlik həyatını, eləcə də toy, uşağın dünyaya gəlməsi, bayramlar və yas mərasimləri kimi mühüm hadisələri əks etdirib.

Kəlağayı sənətinin bu gün də yaşaması mədəni irsin insan əməyi ilə formalaşdığını xatırladır. Hər bir yaylığın arxasında ustalardan öyrənilən, onların işini müşahidə etmək, hərəkətlərini təkrarlamaq və sənətin incəliklərinə mərhələ-mərhələ yiyələnmək yolu ilə qazanılan bilik və bacarıqlar dayanır. Çünki kəlağayı hazırlamaq təkcə sənətkarlıq deyil, həm də nəsildən-nəslə ötürülən bir sənətdir.

2014-cü ilin noyabrında əlamətdar hadisə baş verdi: Odlar Yurdunun milli rəmzlərindən biri dünya mədəni irsi xəzinəsinə daxil edildi. Azərbaycanın qədim sənəti “Kəlağayının simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salındı. Beynəlxalq səviyyədə tanınma bu ənənənin Azərbaycanın mədəni kimliyi üçün əhəmiyyətini bir daha təsdiqlədi. Lakin bu, yalnız kəlağayının dəyərinin etirafıdır. İrsin qorunub saxlanılması sənətkarlığın nə dərəcədə tələbatlı olmasından, biliklərin nəsildən-nəslə ötürülməsindən və ənənənin yeni nəsillərin həyatında özünə yer tapmasından asılıdır.

Zamanın sınağından çıxan rəmz

Kəlağayı bu gün də Azərbaycanda qadın geyiminin ənənəvi elementlərindən biri olaraq qalır. Müxtəlif yaşlarda olan qadınlar fərqli rəng və formalı kəlağayılar taxırlar: tünd rəngli yaylıqlara kədərli günlərdə, parlaq rənglilərə isə bayramlarda üstünlük verilir.

Lakin kəlağayı yalnız qadın gözəlliyinin rəmzi olmayıb. O, ailə münasibətlərində də xüsusi məna daşıyıb. Belə ki, bir qızın gənc oğlana kəlağayı hədiyyə etməsi ona sədaqət andı verməsi kimi qəbul olunurdu. Elçilik mərasimində qızın razılığı alındıqdan sonra oğlan evindən olan qadın qırmızı kəlağayıya bükülmüş nişan üzüyünü təqdim edirdi.

Toydan əvvəl keçirilən “xına yaxdı” mərasimində gəlinin başı qırmızı kəlağayı ilə örtülür, yalnız bundan sonra əllərinə xına yaxılırdı. Bəzi hallarda kəlağayı bəyin və onun yaxın dostlarının çiyinlərinə salınır, bəzən isə atın yalına bağlanırdı. Hədiyyələrin təqdim olunduğu “xonça” sinilərində kəlağayı ən qiymətli hədiyyələrdən biri sayılırdı.

Kəlağayı həm də sülh və barışıq rəmzi hesab olunurdu. Belə ki, iki nəfər dalaşarkən bir qadın kəlağayısını onların arasına atardısa, tərəflər dərhal davanı dayandırmalı idilər. Bu gözəl adətlərin bəziləri bu gün də Azərbaycanda yaşadılır.

Gələcəyə ehtiyacı olan ənənə

Azərbaycanda və xarici ölkələrdə qədim ipək yaylığa olan tələbat bu sənətin yaşamasına dəstək verir. Şəkidə və Basqalda bu gün də kəlağayı ustalarının bütöv nəsilləri fəaliyyət göstərir.

Lakin milli sərvətimizin həssas tərəfi də var. Tarixə zahiri ehtiramla onun real həyatda davam etdirilməsi arasında görünməz bir sərhəd mövcuddur. Sənətkarlıq tədricən gündəlik həyatdan uzaqlaşaraq yalnız keçmişi xatırladan donmuş bir rəmzə çevrilmək təhlükəsi ilə üzləşə bilər. Kəlağayının sadəcə xatirəyə çevrilməməsi üçün onu yalnız muzey vitrinlərində və ailə albomlarında deyil, gündəlik həyatın axarında — ailə şənliklərində və müasir şəhərlərin küçələrində də görmək vacibdir.

Məhz buna görə kəlağayı ənənəsinin qorunması xüsusi diqqət və həssas münasibət tələb edir. Qədim sənətin yaşaması üçün əcdadlarımızın ustalığına heyranlıq duymaq kifayət deyil. Sənətin incəliklərini gənc nəslə öyrətmək, qədim naxışlara yeni nəfəs vermək də vacibdir. Ən əsası isə ipək yaylığın qadınların çiyinlərində yaşamağa davam etməsinə, onların kəlağayı taxaraq hər bir naxışa yenidən həyat verməsinə imkan yaratmaqdır. Çünki tarix məhz bu yolla bu günümüzün ayrılmaz hissəsinə çevrilir.

Mədəniyyət insanın daxili ehtiyacından doğan maraq sayəsində yaşayır. İnsan ailəsinin tarixini öyrənmək, gündəlik istifadə etdiyi əşyanın mənasını anlamaq və ya ustanın əl işində özündən çox əvvəl yaranmış sənətin davamını görmək istədikdə mədəni irs canlı qalır.

Kəlağayının gücü nəsilləri ortaq yaddaş ətrafında birləşdirməsindədir. Bu yaylıq onilliklər ərzində ailədə qorunub saxlanılır, anadan qıza ötürülür və illər sonra bayram fotolarında yenidən görünür. Lakin ən mühüm məqam kəlağayı ilə yanaşı, onun nə üçün qorunub saxlanıldığını anlamağın da gələcək nəsillərə ötürülməsidir.

Kəlağayı sadəcə qadın baş örtüyü deyil. O, simvollarla zəngin, dərin məna daşıyan, mədəniyyətimizin əsasını təşkil edən qorunma, müdriklik və gözəllik anlayışlarını özündə birləşdirən dəyərdir. Bu gün kəlağayı yeni məzmun qazanaraq daha rəngarəng və rəngarəngliyi ilə daha da cəlbedici sənət nümunəsinə çevrilib. Bunda xalqımızın öz irsinə göstərdiyi diqqət və qayğının mühüm payı var.

Yaddaşın ipək telləri

Milli mədəniyyət çoxsaylı kiçik addımlar sayəsində yaşayır və inkişaf edir. Bu, gəncin əcdadlarının sənətinə maraq göstərməsində, ailənin qədim yadigara ehtiyatla yanaşmasında, bir qızın anasının kəlağayısını sevgi ilə başına bağlamasında təzahür edir. Bu yaylıq onun üçün həm xatirə, həm rəmz, həm də öz köklərindən qalan müqəddəs yadigardır.

Bu mənada kəlağayı həqiqətən də ipək telə bənzəyir. İncə olmasına baxmayaraq, o, nəsilləri, keçmişlə bu günü, yaddaşla xalqın mədəni kimliyini bir-birinə bağlayır. Bu tel qırılmadıqca kəlağayı yalnız milli geyimin bir hissəsi olaraq qalmayacaq, həm də Azərbaycanın mədəni irsinin insanlarımızda yaşamağa davam etdiyini göstərən canlı bir sübut olacaq.

Paylaş:
104

Son xəbərlər

Bütün xəbərlər