Eynulla Mədətli: “Məktəblərdə vahid forma qərarı gecikmiş addım idi” | 1news.az | Xəbərlər
Cəmiyyət

Eynulla Mədətli: “Məktəblərdə vahid forma qərarı gecikmiş addım idi”

1news Redaksiyası15:42 - Bu gün
Eynulla Mədətli: “Məktəblərdə vahid forma qərarı gecikmiş addım idi”

“Vahid məktəbli forması çox vacibdir və ilk dəfə deyil ki, Azərbaycanda bu tətbiq olunur”.

Bunu 1news.az-a açıqlamasında AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli söyləyib.

O qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında 5-10 il bundan əvvəldən həm məktəblilər üçün, həm müəllimlər üçün vahid forma tətbiq olunub və bu gün də dəyişməyib.

“Kiminsə də ağlına gəlməyib ki, buna etiraz eləsin. Çünki müəyyən maraqlı dairələr bu məsələni səs-küy salıb siyasətləşdirir, hicabla əlaqələndirir. Bunun hicabla heç bir əlaqəsi yoxdur. Ölkəmizdə hicabı qadağan edən hansısa qanun var? Yoxdur. Çünki bir azadlıq var ölkədə, qadın azadlığı da var, geyim azadlığı da var, lakin məktəblərin qayda-qanunu olmalıdır. Orda dini təbliğ etməyə, yaxud hansısa radikal düşüncəyə yol verilməməlidir. Orada sosial olaraq müəllim özünü müəllim kimi, şagird şagird kimi hiss etməlidir. Ona görə də mən düşünürəm ki, bu hələ gecikmiş qərar idi, bunu çoxdan vermək lazım idi”.

Tarix elmləri doktoru bildirib ki, məsələ ilə bağlı yad təsirlər var.

“Qonşu ölkələrdən müxtəlif dini qurumlar, dairələr maraqlıdırlar cəmiyyətdəki bu birliyi pozmağa. Ona görə adi bir məsələni siyasətləşdirirlər. Dünyanın əksər ölkələrində məktəblilərin vahid forması var. Buna görə də hər şey gün kimi aydındır və bu mövqedən geri çəkilmək olmaz. Cəmiyyətin bütün sağlam qüvvələri əminəm ki, mənim kimi bu fikirdədirlər”.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər