Sənan Həsənov: “Məktəb dini atributların nümayiş etdirildiyi məkan deyil”
“Təhsil millətin gələcəyini müəyyənləşdirən strateji istiqamətdir və bu sahədə mövcud qaydalara əməl olunması birmənalı olaraq yerinə yetirilməlidir”.
Bunu 1news.az-a açıqlamasında Fəlsəfə və Sosiologiya İnstitutunun Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi şöbəsində aparıcı elmi işçisi Sənan Həsənov söyləyib.
“Biz gələcəyə aydın və mütərəqqi fikirlərlə baxmalıyıq. Bunu məktəb öyrədir. Bura dini inancların və atributların nümayiş etdirilməsi kimi məkan deyil. Öyrənmək, layiqli vətəndaş olmaq həm də dəyərlərimizin mütərəqqiliyinin yerini və rolunu dərk etməyin möhkəm əsasları da buradan başlayır. Lakin hicab örtüyü faktoru ilə yersiz müzakirə cəhdləri gənc nəslin arasında həm də çaşqınlıq yaratmaq məqsədi daşıyır. Təhsil dövlətin və millətin strateji düşüncə mənbəyidir. Onun həyata keçirilməsinə dair qaydalar qanunlarımızda əksini tam mənası ilə tapıb. Dini azadlıq və etiqad qaydaları da həmçinin aydın ifadə olunub”.
“Bunu da hamımız bilməliyik ki, Azərbaycanda təhsil hüquqi, demokratik və dünyəvi dövlətin tələb etdiyi qaydalar və normalarla davamlı şəkildə inkişaf edir”, - deyə S.Həsənov son olaraq əlavə edib.
“Təhsil verənlərin və təhsil alanların isə vahid geyimdə təmsil olunması onların cəmiyyətdə nümunə olmalarını, gələcəyin strateji qurucuları kimi yetişməklərini şərtləndirir. Bu da məlumdur ki, dini inanclarımıza da heç bir maneə yoxdur. Cəmiyyətimizdə onun mənəvi saflığımızdakı roluna həmişə önəm verilmişdir”.












