TƏBİB Astarada yoxlama apardı - Baş həkim işdən çıxarıldı - VİDEO
Tibbi Ərazi Bölmələrinin İdarə edilməsi Birliyi (TƏBİB) Astara Rayon Mərkəzi Xəstəxanası ilə bağlı sosial şəbəkələrdə yayılan videomateriallarla bağlı məlumat yayıb.
TƏBİB-dən 1news.az-a verilən məlumatda deyilir: "İrandan gələn Azərbaycan vətəndaşlarının Astara Rayon Mərkəzi Xəstəxanasındakı şəraitlə bağlı sosial şəbəkələrdə yaydığı videomateriallarla bağlı bildiririk ki, çatışmazlıqlar aradan qaldırılır.
Videomaterialdan da göründüyü kimi, çəkiliş palatalarda yataq dəstlərinin dəyişdirilməsi zamanı aparılıb.
Məlumat üçün bildiririk ki, 26 fevral tarixində TƏBİB-in rəhbərliyi Astara Rayon Mərkəzi Xəstəxanasında mövcud şəraitlə yerində tanış olub və işində yol verdiyi nöqsanlara görə xəstəxananın baş həkimi Əlövsət Əliyev işindən azad edilib.
Xəstəxana gömrük-keçid məntəqəsinə yaxın ərazidə yerləşdiyindən, karantin bölgəsi kimi istifadə olunması qərara alınıb. Bu baxımdan, xəstəxananın mövcud şəraitinin yaxşılaşdırılması və lazımi vasitələrlə təmin olunması istiqamətində işlər davam etdirilir. Günün sonunadək karantində olan vətəndaşların ehtiyacları təmin ediləcək.
Bir daha İrandan ölkəyə qayıdan vətəndaşlarımızdan xəstəliyin qeydə alındığı bölgələrdən gəldiklərini nəzərə alaraq anlayışlı olmalarını və prosedur qaydalarına əməl etmələrini xahiş edirik".
Qafar Ağayev