Bakı metrosunda intervallar azaldılır – 2 dəqiqəlik hərəkət tətbiq olunacaq
Bakı metropolitenində qatarlararası intervalların azaldılması nəzərdə tutulur.
Bu barədə 1news.az-a Bakı Metropoliteni QSC-dən məlumat verilib.
Bildirilib ki, texniki optimallaşdırma tədbirləri, monitorinqlər və sınaqlar nəticəsində qatarlararası intervallar minimuma endiriləcək.
Belə ki, sentyabrın 15-dən etibarən “İçərişəhər–Əhmədli” mənzilində pik saatlarda qatarlar 2 dəqiqəlik intervalla hərəkət edəcək.
“Yaşıl xətt” üzrə zərurət yarandıqda qatarlararası interval 3 dəqiqə 30 saniyədən 3 dəqiqəyə qədər azaldılacaq.
“Bənövşəyi xətt” üzrə isə payız-qış qrafikinə keçidlə əlaqədar “Avtovağzal–8 Noyabr” sahəsində 5 dəqiqə, “Xocəsən–Avtovağzal” sahəsində isə 10 dəqiqəlik interval tətbiq olunur.
Qeyd olunub ki, yeni tədris ilində sərnişin sıxlığının artması nəzərə alınaraq metropolitendə qatarların hərəkətinin optimallaşdırılması istiqamətində tədbirlər davam etdiriləcək.












