«Qəbələ» PAOK-la oyunun hazırlığını davam etdirir

“Qəbələ” UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun PAOK-la (Saloniki, Yunanıstan) oyununun hazırlıqlarını davam etdirir.
Sportbox.az-ın məlumatına görə, Topaz Premyer Liqasının XIII turunun noyabrın 21-də “Sumqayıt”la səfərdə keçirilən oyunundan (2:2) sonra məşqlərinə bir günlük fasilə verən “qırmızı-qaralar” hazırlıqlarını bərpa edib.
Komanda dünən Qəbələdə məşq keçib. Son görüşdə iştirak edənlər fiziki hazırlıqla kifayətlənibsə, digər oyunçular topla məşq edib.
Bu gün “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda növbəti məşqini gerçəkləşdiriblər.
Qeyd edək ki, “Qəbələ” Salonikiyə sabah, noyabrın 25-də yollanacaq. Oyunöncəsi son məşq də qarşılaşmanın keçiriləcəyi arenada baş tutacaq.
Xatırladaq ki, qrupda son səfər oyununa çıxacaq komandamızın PAOK-la noyabrın 26-da baş tutacaq qarşılaşması Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.
Sportbox.az