Azərbaycanın əməkdar rəssamı İsmayıl Məmmədovun Nyu-Yorkda fərdi sərgisi açılacaq
Azərbaycanın əməkdar rəssamı, “Qızıl Dərviş” və “Humay” mükafatları laureatı İsmayıl Məmmədovun ABŞ-ın Nyu-York şəhərində fərdi sərgisi təşkil olunacaq.
1news.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, “Bakı və Nyu-York arasında körpü” adlandırılan sərginin açılışı noyabrın 24-də saat 18.00-da Nyu-York Azərbaycan Evində baş tutacaq.
Uzun müddətdir ABŞ-da yaşayan azərbaycanlı rəssam İsmayıl Məmmədovun əsərləri Bakı və Nyu-York arasında “dostluq körpüsü” rolunu oynayır. Rəssam sulu boya, pastel və akril ilə işlədiyi bu əsərləri bu ilin son beş ayı ərzində Nyu-York şəhərində kətan üzərinə köçürüb.
Sərgi Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəliyinin və Nyu-York Azərbaycan Evinin dəstəyi və təşkilatçılığı ilə keçirilir.