Vahid Mürsəlov "Azercell Telecom" MMC-nin prezidenti vəzifəsinə təyin edilib
Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell Telecom" MMC-nin prezidenti vəzifəsinə Vahid Mürsəliyev təyin edilib. Bundan öncə o, şirkətin Hüquq və idarə işləri Departamentinin müdiri olub, eyni zamanda bu ilin yanvarından "Azercell"in prezidenti vəzifəsini icra edib.
1news.az-ın verdiyi məlumata görə şirkətdən bildirilib ki, V.Mürsəliyev "Azercell"də 2005-ci ildən çalışır. Ötən illər ərzində V.Mürsəliyev şirkət prezidentinin baş müşaviri və Hüquq və idarə işləri Departamentinin müdiri də daxil olmaqla, yüksək rəhbər vəzifələri icra edib.
"Vahid Mürsəliyev prezident vəzifələrinin icraçısı kimi çalışdığı dövrdə şirkətə dərin sadiqliyini nümayiş etdirib. "Azercell"in tarixində ilk dəfə azərbaycanlının prezident vəzifəsinə təyin olunması çox qürurvericidir. Yeni işində ona uğurlar arzulayıram", - deyə operatorun əsas təsisçisi olan "TeliaSonera" şirkətinin Avrasiya regionu üzrə rəhbəri Emil Nilsson qeyd edib.
Qeyd edək ki, V.Mürsəliyev 2000-2001-ci illərdə ABŞ-ın "Case Western Reserve" Universitetində Amerika Korporativ İdarəetmə sistemi üzrə elmi-tədqiqat işləri aparıb. Bundan əlavə, biznes menecment üzrə sertifikata malikdir. Eyni zamanda o, Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının üzvü və Beynəlxalq Ekoenergetika Akademiyasının doktoru, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunudur.