Pakistan Dövlət Neft Şirkətinin icraçı direktoru: “Pakistanla Azərbaycan arasında əlaqələr yüksələn xətlə inkişaf edir" | 1news.az | Xəbərlər
İqtisadiyyat

Pakistan Dövlət Neft Şirkətinin icraçı direktoru: “Pakistanla Azərbaycan arasında əlaqələr yüksələn xətlə inkişaf edir"

12:19 - 26 / 11 / 2015
Pakistan Dövlət Neft Şirkətinin icraçı direktoru: “Pakistanla Azərbaycan arasında əlaqələr yüksələn xətlə inkişaf edir"

Neft və neft məhsullarının treydinqi üzrə əməkdaşlıq üçün perspektivlər Bakıda müzakirə olunub.

1news.az "Report"a istinadən xəbər verir ki,  bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Pakistan Dövlət Neft Şirkətinin icraçı direktoru Şeyx İmran-ül-Həqqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, R.Abdullayev Azərbaycan və Pakistanın dost ölkələr olduğunu, qarşılıqlı münasibətlərin əməkdaşlıq prinsipləri əsasında qurulduğunu vurğulayaraq, belə səfərlərin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfələr verdiyini bildirib.

Səmimi qəbul üçün təşəkkürünü bildirən Şeyx İmran-ül-Həqq Azərbaycana məmnunluq hissi ilə səfər etdiklərini, Pakistanla Azərbaycan arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini söyləyib.

SOCAR prezidenti Azərbaycan neft-qaz sənayesinin tarixi, əsası Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən davam etdirilən enerji strategiyası çərçivəsində əldə edilmiş son nailiyyətlər, şirkətin həyata keçirdiyi qlobal və regional layihələr barədə qonaqlara məlumat verib. SOCAR-ın beynəlxalq enerji bazarına inamla daxil olduğunu söyləyən R.Abdullayev şirkətin xarici ölkələrdə həyata keçirdiyi investisiya proqramları haqqında ətraflı söz açıb. Pakistan Dövlət Neft Şirkətinin əsas fəaliyyət istiqamətləri barədə həmkarını məlumatlandıran Şeyx İmran-ül-Həqq SOCAR-la əməkdaşlıqda maraqlı olduqlarını, birgə layihələrin işlənib hazırlanması üçün mövcud imkanlardan istifadə edəcəklərini söyləyib.

Görüşdə neft və qaz sənayesinin müxtəlif sahələri, habelə neft və neft məhsullarının treydinqi üzrə əməkdaşlıq üçün geniş perspektivlərin olduğu bildirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

1news.az

 

Paylaş:
851

Son xəbərlər

Bütün xəbərlər