Azərbaycan Prezidentinin vətəndaşların müraciətlərinə dair imzaladığı mühüm qanun haqqında | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Prezidentinin vətəndaşların müraciətlərinə dair imzaladığı mühüm qanun haqqında

11:16 - 02 / 12 / 2015
Azərbaycan Prezidentinin vətəndaşların müraciətlərinə dair imzaladığı mühüm qanun haqqında

Azərbaycan dövlətinin başçısı vətəndaşların problemlərinin həllini daim ümdə məsələ kimi qarşıya qoyur, bu sahədə görülən işləri diqqətlə izləyir, vətəndaşların müraciətlərinə maksimum diqqət göstərilməsini bütün dövlət qulluqçularından qətiyyətlə tələb edir. Ölkə Prezidenti bu sahədə qanunvericiliyin təkmilləşdirilməsini də nəzərdən qaçırmır və Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş hüquq və azadlıqların hər bir şəxs üçün, hər bir vətəndaş üçün təmin edilməsini vacib məsələ hesab edir.

Bu baxımdan 2015-ci il noyabrın 12-də imzalanmış “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Qanunun tətbiqi barədə Fərmanı xüsusi qeyd etmək lazımdır. Artıq hər yerdə Qanunun geniş müzakirəsi gedir və yeni Qanunun müddəaları dövlət qulluqçuları, həmçinin müraciətlərə baxan digər subyektlər tərəfindən diqqətlə öyrənilir, respublika qanunvericiliyinin bu Qanuna uyğunlaşdırılması, ondan irəli gələn normativ hüquqi aktların hazırlanması üçün həmin Fərmana uyğun olaraq lazımi tədbirlər görülür.

1news.az AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovdan yeni Qanunun əsas müddəalarını şərh etməsini və bununla əlaqədar həyata keçirilən tədbirlər haqqında məlumat verməsini xahiş edib. Süleyman İsmayılovun müvafiq şərh və qeydlərini təqdim edirik.

Azərbaycan dövləti ölkənin iqtisadi inkişafını sürətləndirmək və onun müdafiə qüdrətini artırmaqla yanaşı, demokratik təsisatların daha da möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının daha yaxşı təmin edilməsi, insanların arzu və istəklərini, eyni zamanda, cəmiyyətin problemlərini özündə əks etdirən vətəndaş müraciətlərinə diqqətin daha da artırılması üçün üzərinə düşən hər şeyi edir. Ölkə Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşlara qayğı və diqqət gündən-günə artırılır, onların Konstitusiya hüquqlarını daha yaxşı təmin etmək üçün müstəqillik illərində formalaşmış qanunvericilik bazası mütəmadi təkmilləşdirilir. Ulu öndər Heydər Əliyevin demokratik, hüquqi dövlətimizin əsaslarını yaratmaq üçün başladığı böyük işlər onun ideyalarını əzmlə həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bu baxımdan respublikanın Milli Məclisində qəbul edilmiş və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının yeni Qanunu xüsusi əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” 1997-ci il 10 iyun tarixli Qanun artıq 18 ildir ki, bu sahədə əsas normativ hüquqi akt sayılırdı və Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququna dair məsələləri tənzimləyirdi.

Azərbaycan Respublikası Prezidentinin tapşırığı və tövsiyəsi ilə hazırlanmış yeni Qanun müasir dövrün tələblərinə və beynəlxalq hüququn normalarına uyğun olaraq bir çox yeni müddəalarla zənginləşdirilib, ilk növbədə, vətəndaşların müraciətlərinə baxılmasında tələbkarlığın artırılmasına, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə, həmçinin 94-cü maddəsinin 1-ci bəndinə uyğun olaraq “Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı”nın daha etibarlı surətdə həyata keçirilməsinə yönəldilib.

Dövlət hakimiyyəti orqanları, həmçinin ictimai təşkilatlar və özəl qurumlarla vətəndaşlar arasında münasibətlərin tənzimlənməsində yeni dövr açan bu Qanunun əvvəlki redaksiyasından fərqli cəhətləri barədə danışarkən ilk növbədə onu qeyd etməliyik ki, əvvəlki Qanun cəmi 13 maddə və 51 hissədən ibarət idisə, yeni Qanun 17 maddə, 112 bənd və yarımbənddən ibarətdir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa uyğun olaraq bu bəndlər və yarımbəndlərin hər biri Qanunun müvafiq maddəsi hesab olunur. Müqayisə göstərir ki, bu Qanuna əvvəlki redaksiyada olmayan bir sıra yeni maddələr, bəndlər və yarımbəndlər əlavə edilib. Yeni Qanunda cəmiyyətin bütün strukturlarında, o cümlədən dövlət və bələdiyyə orqanlarında və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında, bir sözlə, müraciətə baxan subyektlərdə vətəndaşların müraciətlərinə baxılması prinsipləri və şərtləri, formaları, müddətləri və digər xüsusiyyətləri öz əksini tapıb.

Yeni Qanunun qəbul edilməsindən əsas məqsəd vətəndaş müraciətlərinə baxılmasını tənzimləyən norma və qaydaların respublikada 1997-ci ildən sonra qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinə uyğunlaşdırılması, eləcə də cəmiyyətin sürətli inkişafı nəticəsində formalaşmış yeni münasibətlərin əks etdirilməsi, ilk növbədə, vətəndaşlara daha yüksək qayğının təmin edilməsi, müraciətlərə baxılması və onlara cavab verilməsi üçün daha konkret müddətlər müəyyən edilməsi, hər bir dövlət orqanında, idarə və müəssisədə, yəni müraciətə baxan subyektdə bu sahədə məsuliyyətin daha da yüksəldilməsidir.

Konkret olaraq yeni Qanuna əlavə olunmuş müddəalara gəldikdə, onu deməliyik ki, burada əvvəllər hissə, yaxud bənd kimi verilən hər bir müddəa konkret və ardıcıl nömrələnmiş maddə kimi müəyyən edilərək daha dəqiq ifadə olunub, Konstitusiyanın 57-ci və 94-cü maddələrinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnu əks etdirən bütün tələblər təsbit olunub. Bu hüquqların təsbit olunduğu 1-ci maddədə göstərilir ki, vətəndaşlar şəxsən və ya nümayəndəsi vasitəsilə, yazılı və şifahi şəkildə, sərbəst və könüllü surətdə, digər şəxslərin hüquqlarını pozmadan müraciət edə bilərlər və onların bu hüququ irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə və digər səbəblərə görə məhdudlaşdırıla bilməz.

Bundan sonra bu sahədə qanunvericiliyin nədən ibarət olduğu, həmçinin əsas anlayışlar müəyyən edilir. Qanunun “Əsas anlayışlar” adlı 3-cü maddəsində əvvəl cəmi üç anlayışın – təklif, ərizə və şikayətin izahatı var idisə, indi həmin anlayışlara bir sıra əlavələr edilib. Bu anlayışların sayı 15-ə çatıb və buna da təklif, ərizə və şikayət anlayışlarından savayı müraciət edən şəxs, müraciət, müraciətə baxan subyekt, müraciətə baxan subyektin canlı yayımlanan teleradio proqramındakı nümayəndəsi, müraciətə baxan subyektin vəzifəli şəxsi, şifahi müraciət, telefon müraciət xidməti, yazılı müraciət, elektron müraciət, kollektiv müraciət, təkrar müraciət, anonim müraciət kimi anlayışlar müəyyən edilərək onların tərifi verilib. Göstərilən anlayışlar Qanunda bilavasitə konkretliyin təzahürü sayıla bilər və Qanunda istifadə edilən əsas anlayışların məna tutumunu dəqiq müəyyənləşdirir.

Qanunun yeni cəhətlərindən biri kimi “Vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsipləri” adlı 4-cü maddənin əlavə edilməsini göstərmək olar. Bu prinsiplər ilk növbədə qanunçuluğa riayət edilməsi, vətəndaşların müraciət hüququnun sərbəst və könüllü həyata keçirilməsinə şərait yaradılması, müraciətlərə dair vahid tələblərin müəyyən edilməsi, fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması, bu işdə ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi, şəffaflığın təmin edilməsi və vətəndaşların müraciət etmək hüququ ilə dövlət maraqlarının uzlaşdırılmasıdır.

Qanunun əvvəlki redaksiyasında həmin Qanunun şamil olunmadığı sahələrə aid maddə yeni redaksiyada verilib. “Qanunun tətbiq dairəsi” adlandırılan 5-ci maddədə konkret müəyyən edilib və göstərilib ki, respublikanın Konstitusiya qanunlarında, onun tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, digər qanunlarda başqa qayda müəyyən edilməyibsə, bu Qanunun müddəaları vətəndaşların bütün müraciətlərinə şamil edilir. Bu maddədə konkret olaraq Qanunun şamil edilmədiyi sahələr və həmin sahələrin hansı qanunvericilik aktları ilə tənzimlənməsi öz əksini tapıb.

Qanuna yeni daxil edilmiş mühüm maddələrdən biri də “Vətəndaşların müraciətlərinə dair tələblər” adlı 6-cı maddədir ki, bu maddədə müraciətlərin forması, yazılı müraciətlərdə göstərilməli əsas məlumatlar, bu məlumatlar olmadıqda, yaxud düzgün göstərilmədikdə, onların anonim hesab edilməsi, elektron müraciətin verilmə qaydası və ona dair tələblər, rekvizitlərinin nədən ibarət olduğu dəqiq müəyyənləşdirilib. Vətəndaşlar bilməlidirlər ki, Qanunun 6.9-cu maddəsində göstərildiyi kimi, müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir. Müraciətin mətnində təhqir və böhtana yol verilməməlidir.

Yeni Qanunda vətəndaşların yazılı müraciətlərinin qəbulu, qeydiyyatı və onlara baxılması qaydası 7-ci maddədə öz əksini tapıb. Bu maddədə birmənalı olaraq göstərilir ki, müraciətlərə baxan subyektlər və onların vəzifəli şəxsləri müvafiq qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyatdan keçirməli, şəxs tələb etdikdə, müraciəti haqqında məlumatları ona verməlidirlər. Burada müəyyən olunur ki, müraciət yalnız şəxsə əsaslandırılmış cavab verildikdə baxılmış hesab olunur və müraciətə dövlət dilində cavab verilir. Eyni zamanda, cavab məktubunun hansı tələblərə cavab verməli olduğu, vətəndaşa müraciəti ilə əlaqədar lazımi izahatın verilməsi, cavablandırılmasının mümkünsüzlüyü halları və sair məsələlər öz əksini tapıb.

Qanunun “Müraciətin baxılmamış saxlanması” maddəsində həm vətəndaşları, həm də müraciətə baxan subyektləri daim narahat edən bir məsələ də konkretləşdirilib. 8.1.4-cü maddədə müəyyən olunur ki, vətəndaşın təkrar müraciətlərinə 1 il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda, müraciət baxılmamış saxlanılır. Lakin 8.2-ci maddədə göstərildiyi kimi, bu barədə yazılı müraciət edənə 5 iş günündən gec olmayaraq, şifahi müraciət edənə isə dərhal məlumat verilməlidir.

Qanunun diqqəti cəlb edən əsas maddələrindən biri müraciətlərə baxılma müddətinin daha dəqiq göstərilməsidir. Qanunun 9-cu maddəsində korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlər üzrə xidməti araşdırmanın 20 iş günü müddətində başa çatdırılmalı olduğu, əlavə məlumat tələb olunduqda isə bu müddətin dövlət orqanı rəhbəri tərəfindən 10 iş günü uzadıla bilməsi, ümumiyyətlə isə Qanunun 7-ci maddəsində müəyyən edilmiş qaydada, dövlət orqanları istisna olmaqla, müraciətlərə baxan digər subyektlərdə belə müraciətlərə 20 iş günü müddətində baxılmalı olduğu müəyyən edilib.

Qanunun 10-cu maddəsində isə 10.1, 10.2 və 10.3-cü maddələrdə göstərilən müddətlərin axımının müraciətlərin daxil olduğu gündən başlandığı təsbit olunur və Qanunla müəyyən edilmiş müddətin son günü qeyri-iş gününə düşərsə, müddətin bitdiyi gün növbəti iş günü hesab olunur. Ümumiyyətlə, müraciətlərə baxılma müddətləri əvvəlki Qanunda olduğu kimi, ən geci 15 iş günü, əlavə öyrənilməsi və yoxlanılması tələb edilən müraciətlər üçünsə 30 iş günü müəyyən edilib. Həmin maddədə bir məsələ, müraciətlərə baxılması müddətinin hansı qaydada uzadılması xüsusi vurğulanır və göstərilir ki, müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. Ancaq bu barədə həm vətəndaşa, həm də müraciəti baxılmaq üçün göndərmiş orqana məlumat verilməlidir.

Vətəndaşların müraciətləri ilə işin tərkib hissələrindən biri onların qəbuludur. Artıq 3-cü ildir ki, ölkə Prezidentinin tapşırığı ilə bütün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri respublikanın müxtəlif şəhər və rayonlarında mütəmadi olaraq səyyar qəbullar keçirirlər və bu, vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. Qanunun 11-ci maddəsi məhz “Vətəndaşların qəbul edilməsi qaydası” adlanır və bu maddədə vətəndaşların qəbul cədvəlinə uyğun olaraq müraciətə baxan subyektlər tərəfindən ayda bir dəfədən az olmamaqla qəbul edilməsi, qəbulların əvvəlcədən məlumat verilən günlərdə və saatlarda keçirilməsi, müraciətlərlə əlaqədar təxirəsalınmaz tədbirlər görülməsi tələb edildikdə onun müraciətə baxan subyektin rəhbəri və ya digər vəzifəli şəxsləri tərəfindən dərhal qəbul edilməsi, lazım gəldikdə bu müraciətlərin yazılı şəkildə qəbul edilməsi, vətəndaşın şifahi müraciətinin qəbul zamanı dərhal cavablandırılması, müraciətə baxan subyektlərin səyyar və videoqəbullar, o cümlədən onlayn konfranslar keçirmək hüququ olduğu təsbit edilib.

Qanunun yeni redaksiyasında ölkə Prezidentinin, demək olar ki, bütün məruzə və çıxışlarında dövlət qulluqçuları, yəni məmurlar qarşısında irəli sürdüyü vəzifələr bir daha təsbit olunub. Prezident İlham Əliyevin dediyi kimi, “Ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətləri böyük əhəmiyyət kəsb edir. Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır. Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir”.

Yeni Qanunun 12-ci maddəsi “Müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin vəzifələri” adlanır və bu maddənin əsas mahiyyəti vətəndaşların müraciətlərinə baxılması sahəsində vəzifəli şəxslərin görməli olduğu işlərin konkretləşdirilməsidir. Burada müəyyən edilir ki, vəzifəli şəxslər vətəndaşların müraciətlərinə obyektiv və vaxtında baxılmasını təmin etməli, müraciətə görə vətəndaş təqib edilməməli, onun haqqında müraciətlə bağlı olmayan məlumat toplanmamalıdır və sair. Bu maddə əvvəlki Qanunun 5-ci maddəsindəki müddəalara uyğun olsa da, Qanunun 12.6-cı və 12.7-ci maddələrində dövlət orqanının (və ya onun vəzifəli şəxsinin) qanunazidd hərəkəti (hərəkətsizliyi) barədə prokurorluq orqanlarına daxil olmuş müraciətlərə bu Qanuna və “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxıldığı təsbit olunur. Bu cür müraciətlər prokurorluq orqanının səlahiyyətinə aid olmadıqda, onlar 5 iş günü müddətində müraciət edən şəxsə qaytarılır. Vətəndaşın müraciəti müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi tərəfindən aidiyyəti üzrə baxılması üçün prokurorluq orqanına göndərilirsə, müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə onun xahişi ilə baxılmanın nəticəsi barədə məlumat verilir.

Qanunun 13-cü maddəsi müraciətlərə baxılması üzrə nəzarətin həyata keçirilməsindən bəhs edir və orada göstərilir ki, müraciətə baxan subyektlərdə kargüzarlıq işinin aparılmasına nəzarəti müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirir və Qanunun 13.1-ci maddəsində nəzərdə tutulmuş nəzarətin həyata keçirilməsi qaydasını müəyyən edən müvafiq icra hakimiyyəti orqanı dedikdə isə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur.

Qanunun 14-cü maddəsi müraciətlərə baxılma zamanı vətəndaşların hüquqlarını müəyyənləşdirir. Əvvəlki Qanunun 9-cu maddəsində qismən əksini tapan bu hüquqlar daha da dəqiqləşdirilib və genişləndirilib. Bu maddəyə əsasən vətəndaş ərizə ilə müraciət etmək, müraciətə baxılmanın nəticəsi barədə sənədləri əlavə etmək, ictimai informasiya və fərdi məlumatların əldə edilməsi üçün sorğu vermək, dövlət sirri olmayan məlumatla, sənəd və materiallarla tanış olmaq, müraciətinin başqa yerə göndərilməsi barədə məlumat almaq, qərarla razılaşmadıqda həmin qərardan inzibati və ya məhkəmə qaydasında şikayət vermək, ailə və şəxsi həyatına aid sirr olan, habelə peşə və kommersiya sirri olan məlumatların məxfiliyinin təmin olunmasını tələb etmək hüququna malikdir.

Qanunun yeni müddəalarından biri də 15-ci maddə ilə müəyyən olunur və bu maddə “Canlı yayımlanan teleradio proqramları və ya telefon müraciət xidməti vasitəsilə edilən şifahi müraciətlərin xüsusiyyətləri” adlanır və burada göstərilir ki, canlı yayımlanan teleradio proqramları vasitəsilə edilən şifahi müraciət üzrə əlavə araşdırma aparılmadan izah verilməsi mümkün olduqda, müraciətə baxan subyektin həmin proqramda iştirak edən nümayəndəsi qeydiyyat aparmadan müraciəti canlı yayımda cavablandıra bilər.

15.3-cü maddənin məzmunu da tamamilə yenidir və telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılmasının bu Qanunun tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirildiyini müəyyən edir.

Qanunun əsas maddələrindən biri də 16-cı maddədir və bu Qanunun pozulmasına görə məsuliyyəti müəyyən edən həmin maddədə konkret olaraq göstərilir ki, belə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin məcəllələrin müvafiq maddələri bu məsuliyyətin nədən ibarət olduğunu ehtiva edir.

Vətəndaş müraciətlərinə baxılmasında yeni bir mərhələnin başlanmasına təkan verən“Vətəndaşların müraciətləri haqqında” Qanunun tətbiqi ilə əlaqədar ölkə Prezidentinin 2015-ci il 12 noyabr tarixli Fərmanına uyğun olaraq digər normativ hüquqi aktlar da təkmilləşdiriləcək və xüsusilə vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması qaydaları yenidən işlənib qəbul ediləcəkdir. Azərbaycan Respublikasının yeni qəbul olunmuş bu Qanunu ölkə Prezidentinin tapşırıq və tövsiyəsi ilə hazırlanıb və onun qəbul edilməsi Azərbaycan Respublikası Prezidentinin vətəndaşlara, onların problemlərinə böyük qayğı və diqqətinin təzahürüdür.

Dövlət başçısının dediyi kimi, siyasi islahatlar modelinə görə Azərbaycan nümunə ola bilər. Bu Qanun bir daha sübut edir ki, ölkəmizdə bütün azadlıqlar təmin edilib və nəinki təmin edilib, eyni zamanda, bu, bizim həyat tərzimizdir, bu, dövlət siyasətidir.

1news.az

Paylaş:
626

Son xəbərlər

Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12
Bütün xəbərlər