Neft platformalarında xilasetmə qayıqları: təxliyə zamanı ölümlə nəticələnən səhvlərin qarşını necə almaq olar-FOTO-VİDEO
4 dekabr tarixində SOCAR-a məxsus "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş verib.
Yanğın zamanı platformada 63 nəfər işçi olub. Xilas edilənlərin sayı 33 nəfərdir. 7 neftçinin ölümü artıq təsdiqlənib. 23 nəfərin isə cəsədi hələ ki tapılmayıb. Ehtimal olunur ki, onlar xilasetmə qayıqlarının platformaya güclü zərbə ilə toxunub parçalanması nəticəsində dənizə düşərək boğulub.
Azərbaycan prezidenti İlham Əliyev neft platformasında yanğının səbəblərini araşdırmaq üçün baş nazir Artur Rasizadənin rəhbərliyi ilə Dövlət Komissiyasının yaradılmasına sərəncam verdi.
6 dekabr tarixində dövlət başçısının sərəncamı ilə Azərbaycanda matəm elan olundu.
İndi bəzən görməzdən gəldiyimiz, lakin acı təcrübə əsasında əldə olunan təhlükəsizlik qaydaları haqqında danışmaq istərdik. Təəssüf ki, bəzi hallarda belə “etinasızlıq” faciəli nəticələrə gətirib çıxarır.
Təxliyə qayıqları və onların xüsusiyyətləri
Bu gün bütün dünya üzrə neft platformaları və nəhəng gəmilərdən insanların təxliyə olunması üçün müxtəlif tip qayıqlardan istifadə olunur. Bunların arasında tamamilə təcrid olunmuş və müasir materiallardan hazırlanan qayıqlar xüsusi yer tutur.
O, cümlədən, qaldırma qurğusu (davit-launched lifeboats) vasitəsilə və xüsusi reyslərlə (freefall lifeboats) işə düşən qayıqlar xüsusilə seçilir.
“Günəşli” platforması qaldırma qurğuları ilə işə düşən qayıqlarla təchiz olunmuşdu.
Qeyd:
Qaldırma qurğuları 12 nəfərdən çox insanın yerləşdiyi qayıqlara , həmçinin, gündəlik qayıq və katerlərə xidmət üçün istifadə olunur.
Üfiqi qaldırma qurğusu özünün və qayığın kütləsinin təsiri ilə suya enir. Qayıq üfüqi vəziyyətə gəldikdə o ağırlıq qüvvəsinin təsiri ilə suya düşür. Qayığın qaldırılması isə əks proseslə həyata keçirilir.
Belə konstruksiyaların üstünlüyü ondadır ki, qayıqlar yüksəkdə yerləşən göyərtələrdə limandan uzaq məsafədə də qalmaq imkanina malikdir.
Qayığın suya endirilməsi prosesini aşağıdakı videonu izləməklə anlamaq mümkündür.
Lakin enmə hər zaman uğurlu olmur. “Günəşli” platformasından təxliyə zamanı da həmin hal baş vermiş, qayıqların enməsi müəyyən məsafədə dayandırılmışdı. Bundan sonra ilkin məlıumata görə qayıqlardan biri platformaya dəyərək parçalanıb. (güclü küləyin qayığı yellətməsi səbəbindən). İkinci isə ehtimala görə platformaya toxunduqdan sonra qayıq metal konstruksiyalara ilişib və yardım gələnə qədər orada əlavə xəsarətsiz qalıb.
Təxliyə qaydaları
Platformalardan təxliyə zamanı işçi heyətin fövqəladə hallara hazırlıq səviyyəsi mühüm əhəmiyyət daşıyır. Bu mənada hazırlıq tədbirləri sınaq həyəcan siqnalları, treninqlər, fövqəladə halların dəfələrlə məşq edilməsini qeyd etmək olar.
Bu tədbirlərin hər biri təhlükəsizliyə cavabdeh olan əməkdaşların nəzarəti altında həyata keçirilməli, nəticələr isə xüsusi sənədlərdə qeyd olunmalıdır. Təəssüf ki bütün dünya üzrə bu ehtiyat tədbirlərə daha çox formal cəhət kimi baxılır və real məşqlər əvəzinə formal sənədləşmələr həyata keçirilir. Bu isə sonra ağır nəticələrə gətirib çıxarır.
Gəmilərdən və ya neft platformalarından qapalı qayıqlar vasitəsilə təxliyə zamanı hər bir neftçi (yaxud dənizçi) qəti şəkildə müəyyən olunmuş plana uygun davranmalıdır. Hər kəs qoruyucu jiletləri ( imkan daxilində hidrotermojiletləri geyinmək daha münasibdir. Cünki onlar bədən temperaturunu qoruyur, batmamaq xüsusiyyətənə malikdir) operativ şəkildə geyinməli, öz yerini tutmalı, təlimata uyğun kəmərləri bağlayıb şturmanın yaxud qrup rəhbərinin tapşırıqlarına əməl etməlidir. Qrup rəhbəri məşqlər zamanı müəyyən olunur.
Əldə olan informasiyaya görə, ehtimal etmək olar ki, “Günəşli” platformasında təhlükəsizlik məşqlərinin yerinə yetirilməsi ilə bağlı müəyyən çatışmazlıqlar müşahidə olunub.
Məsələn, xilas olanlardan birinin fotosuna əsasən demək olar ki, neftçilərin heç də hamısı qoruyucu jiletləri geyinib kəmərlərini bağlaya bilməyib. Çox güman ki, qayıqdan xilas edilən bir neçə nəfərin sınıq xəsarəti almasına da bu faktor səbəb olub.
Neft platformalarında təhlükəsizliklə bağlı Schlumberger neft servisi şirkətinin Drilling and Measurements şöbəsinin keçmiş əməkdaşı Hafiz Məlikli bəzi müşahidələrini bizimlə bölüşüb.
Müsahibimiz nümunə kimi xarici operatorların təcrübəsini göstərib:
“Total şirkətinin operator olduğu Heydər Əliyev adına qazma qurğusunda tam izolyasiyadan əlavə siqaret çəkmə otaqlarında da ciddi qaydalar var idi. Platformaya alışqan belə gətirmək olmazdı. Siqaret çəkmə otağında alışmayan lakin yüksək temperatura qədər qızan xüsusi cihaz vardı. Bu temperatur kağızı da yandıra bilərdi”-dəyə H.Məlikov bildirib.
Onun sözlərinə görə bütün avadanlıqlar və qurğular quruda deyil, suda işlərin aparılması üçün istifadəyə yararlı olmalıdır. “Borular xüsusi olaraq təsbit olunmalıdır. Qaz boruları istidən alışmamalı, belə hal baş verikdə isə klapanlar sadəcə olaraq bağlanmalı idi. Keçirilən hər bir əməliyyatdan sonra avadanlıq təzyiqə dözümlülüyü baxımdan test olunmalı və gözlənilməz hal baş verdikdə klapanın bağlanıb bağlanmadığı yoxlanmalıdır. Yalnız bundan sonra işə davam etmək olar”- H.Məlikov deyib.
O, fövqəladə hal baş verdikdə təxliyə qaydaları haqqında da danışdı.
“Belə təlim məşqləri mütəmadi olaraq keçirilməlidir. Adətən onlar həftə sonları, sənbə və bazar günləri keçirilir. Təlim həyəcan siqnalı fövqəladə hal zamanı insanların qayıqlara yerləşməsi müddətini təsbit etməyə imkan verir. Təlimdən sonra isə səhvlərin müzakirəsi keçirilir. Bu proses təxliyə zamanı fəaliyyət mexanizmini tam işləməsinə imkan verir” – H. Məlikov deyib.
Meteostansiyanın proqnozları və neftçilərin platformadan erkən təxliyə təcrübəsi H. Məlikovun sözlərinə görə hələ ki yoxdur.
“Belə proqnoz verildikdə işçilər təxliyə olunmur. Sadəcə müəyyən müddət üçün işlər dayandırılır”.
Təhlükəsizliyin qorunması məsələsinə gəlincə H. Məlikov qeyd edib ki, “hesabatlar” praktiki olaraq özünü işdə doğrultmalıdır.
“Bu o halda olur ki, hər bir işçi təhlükəsizlik texnilkasına riayətdə pozuntu gördüyü zaman rəhbərliyə anonimliyi qorunmaqla məlumat verə bilsin. Bu çox mühüm ölçüdür. Bununla təhlükənin qarşını əvvəlcədən almaq mümkün olar”- H.Məlikov söyləyib.
“Bir insan platformaya daxil olan kimi ona kayutasında da qeyd olunan xüsusi nömrə verilir. Məsələn: E20. Bu təxliyə zamanı rahat şəkildə qruplara bölünməyə imkan verir və təlaşı aradan qaldırır. Bundan sonra təlimata uyğun olaraq təhlükəsizlik kəmərləri bağlanmalıdır. Bədənin kresloda necə yerləşməsi də mühüm əhəmiyyət daşıyır. Bu isə təlim məşqləri zamanı mütəmadi olaraq təkrarlanmalıdır”-deyə H. Məlikov bildirib. Deyilənlərdən belə bir nəticə çıxır ki, yalnız dəqiq təhlükəsizlik qaydalarının varlığı və onlara əməl olunduğu təqdirdə heç kimin sığortalanmadığı fövqəladə hallar zamanı insan itkisi riskləri əhəmiyyətli dərəcədə azalar.
1news.az