Facebook istifadəçilərinə ləqəblə qeydiyyatdan keçməyə içazə verəcək
Facebook sosial şəbəkədə öz adı və soyadı ilə qeydiyyatdan keçmək istəməyənlər üçün yeni qeydiyyat qaydaları tətbiq edəcək.
Bu addımı atmağa onu vadar edən, istifadəçilərə münasibətdə şəbəkə siyasətinin kəskinləşməsi ilə bağlı ictimai qınağın artması olub.
Dünən Facebook sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin adları ilə bağlı siyasətdə “yaxşılaşma” olduğunu elan edib. Şirkət bunu öz siyasətinin dəyişməsi kimi təqdim etməsə də, ekspertlər bu addımı FB-də gizli qalmaq istəyən istifadəçilərin tələbinin nəzərə alınması kimi qiymətləndirib.
FB-nin bəyanatında deyilir: “ Biz insanlara ailəsi və dostları arasında tanındıqları adla qeydiyyatdan keçməyi məsləhət görürük. Öz adlarından istifadə etdikləri zaman onlar daha təbii davranır. Bu həmçinin anonim qeydiyyatçılar tərəfindən istifadəçilərə qarşı aqressiv davranışın da qarşısını alır”.
Bununla yanaşı şirkət qeyd edib ki, “auditoriyasının səsini eşidərək real istifadəçi adları siyasətində müəyyən dəyişiklik və “təkmilləşmə” həyata keçirib. Test olunan yeni qaydalara görə FB-də uydurma adlarla qeydiyyatdan keçən istifadəçilərə daha çox diqqət yetiriləcək.
1news.az