AMEA-nın saytının 20-illiyi qeyd edildi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

AMEA-nın saytının 20-illiyi qeyd edildi - FOTO

21:26 - 17 / 12 / 2015
AMEA-nın saytının 20-illiyi qeyd edildi - FOTO

Bu il Azərbaycanın media tarixində xüsusi yeri olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) www.science.az veb-saytının 20 yaşı tamam olur.

AMEA-dan verilən məlumata əsasən, portal yarandığı ilk gündən səmərəli fəaliyyəti ilə ölkənin elmi-ictimai həyatının dəqiq və dolğun işıqlandırılmasında mühüm xidmətlər göstərib. Alim və mütəxəssislərin elmi nailiyyətlərinin dünya informasiya fəzasında tanınmasına geniş imkanlar yaradıb.

Dekabrın 17-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda www.science.az veb-saytının 20 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə dövlət rəsmiləri, tanınmış alimlər, İnternet-media üzrə mütəxəssislər, KİV nümayəndələri iştirak edib.

Yubiley tədbirini giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açıb. Akademik 2015-ci ilin ölkəmizdə müxtəlif əlamətdar hadisələrin yubiley tarixi ilə yadda qaldığını söyləyib. Bildirib ki, bu tədbirlərdən biri də prezident İlham Əliyevin sərəncamı ilə təntənəli şəkildə qeyd olunan Azərbaycan mətbuatının 140 illik yubileyidir. AMEA-nın prezidenti “Əkinçi” qəzetinin nəşri ilə yaranan Azərbaycan mətbuatının bu müddət ərzində mürəkkəb inkişaf yolu keçdiyini, sonralar Azərbaycan radiosu və televiziyasının fəaliyyətə başlaması ilə medianın inkişafında yeni mərhələlərin əsasının qoyulduğunu  söyləyib. 1995-ci ildə ölkədə ilk veb-saytın  – AMEA-nın rəsmi saytının yaradılmasının daha bir tarixi mərhələnin əsasını qoyduğunu deyib. Həmin dövrdə Akademiyanın rəsmi saytının www.ab.az adı ilə fəaliyyət göstərdiyini, 2003-cü ildə AMEA Rəyasət Heyətinin qərarı ilə saytın adının dəyişdirilərəkwww.science.az olduğunu qeyd edib.

 AMEA rəhbəri bu il Akademiyanın 70 illik yubileyi çərçivəsində portalın yeni versiyasının istifadəyə verildiyini bildirib. Bundan əlavə, Azərbaycanda ilk elmi İnternet-televiziya olan Azərbaycan Milli Elmlər Akademiyasının “ElmTV” veb-telekanalının yaradıldığını və portalda yayımlandığını vurğulayıb.

Akademik Akif Əlizadə meqaportalın təkcə Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi veb-resursu deyil, həm də Azərbaycanda ilk internet-jurnalistika məktəbi olduğunu söyləyib: “Bu gün əminliklə demək olar ki, www.science.az-ın fəaliyyətə başlaması ölkədə internet-medianın, veb-jurnalistikanın əsasını qoyub. İnternet-media sahəsində ilk və əvəzsiz xidmətlərini, mətbuat tariximizə gətirdiyi yenilikləri nəzərə alaraq demək olar ki,www.science.az portalı müasir dövrün “elektron-Əkinçi”sidir”.

Çıxışının sonunda akademik Akif Əlizadə Azərbaycanın media məkanında böyük nüfuz qazanmış www.science.az saytının 20 yaşı münasibətilə yaradıcı heyəti təbrik edib, fədakar əməyi ilə uzun illər burada çalışıb elmin populyarlaşdırılmasına öz töhfəsini verən kollektivə fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə www.science.az saytının meydana gəlməsi, inkişaf mərhələləri və perspektivləri” mövzusunda məruzə ilə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edib. Akademik Azərbaycanda internet-medianın bugünkü inkişaf səviyyəsində mühüm xidmətləri olan www.science.az veb-saytının 20 ildə keçdiyi yoldan danışıb, bu media orqanının ölkənin informasiya məkanında xüsusi yeri olduğunu deyib. Alim ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra cəmiyyətin müxtəlif sferalarında olduğu kimi, AMEA-da da inkişafın əsasının qoyulduğunu bildirib. İnternet-medianın ilk nümunələrinin XX əsrin sonlarına təsadüf etdiyini qeyd edən institut direktoru Türkiyənin Bilkənt Universiteti və “Britiş Petroleum” şirkətinin dəstəyi ilə ilk dəfə olaraq AMEA-da internetin Azərbaycan qovşaqları və onların daxili şəbəkə infrastrukturunun yaradıldığını söyləyib. Azərbaycanda ilk dəfə internetə çıxışın 1991-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda bir qrup alim və mütəxəssis tərəfindən həyata keçirildiyini deyib: “Bu, həmin dövrdə müharibə şəraitində yaşayan Azərbaycanın maraqlarına xidmət edən milli-mənəvi dəyərlərin, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün qlobal informasiya məkanına inteqrasiya baxımından böyük hadisə idi. İnternetə çıxışın təmin olunması və yayılması 140 illik tarixi olan Azərbaycan mətbuatının, mediasının inkişaf mərhələsində yeni səhifə açıb”.

Akademik Rasim Əliquliyev bildirib ki, milli mətbuatımızın bünövrəsini “Əkinçi” qəzeti qoyduğu kimi, bu portal Azərbaycanın elektron mətbuatının “Əkinçi”si, ilk qaranquşu hesab olunur  və ölkəmizdə ilk internet-jurnalistika məktəbidir.

Alim www.science.az-ın Azərbaycanda dövlət tərəfindən elmdə aparılan islahatları, elmin inkişafı sahəsində əldə edilmiş nailiyyətləri obyektiv şəkildə işıqlandıran və təbliğ edən, AMEA-nın həyatında baş verən əlamətdar hadisələri, tarixi görüşləri əks etdirən dəyərli və etibarlı informasiya mənbəyi olduğunu bildirib. “www.science.az – Elmi Xəbər Agentliyidir” – deyən akademik Rasim Əliquliyev saytda akademik həyatın ictimaiyyət üçün əhəmiyyət kəsb edən bütün məlumatlarının operativ olaraq yayıldığını bildirib.

Sonra akademik zəngin bazaya malik olan veb-portalın inkişaf mərhələlərindən söz açıb. Portalın inkişafının 3 dövrü – I mərhələ 1995-2003-cü illər, II mərhələ 2003-2015-ci illər və III mərhələ 2015-ci il və ondan sonrakı dövrü əhatə etdiyini bildirib. Saytın əhatə etdiyi informasiya fəzasının miqyasına, məzmununa və arxitektur göstəricilərinə uyğun yenidən işlənərək daim təkmilləşdirildiyini, inkişaf etdiyini vurğulayıb. Cari ildə innovativ texnologiyalar tətbiq olunmaqla portalın yeni versiyasının hazırlanaraq istifadəyə verildiyini söyləyib.

Qeyd edib ki, informasiya resursu özündə Azərbaycan, rus və ingilis dillərində 25 minə yaxın veb-səhifəni əhatə edir. Sayta müraciət edənlərin statistik göstəricilərinə gəlincə, hər gün veb-resursa 6 minə yaxın ziyarətçi daxil olur, həmçinin aylıq auditoriya təxminən 180 min nəfər təşkil edir, il ərzində isə portala 2 milyona yaxın veb-oxucu müraciət edir. Veb-saytın, həmçinin elmi-eksperimental baza, informasiya-sorğu sistemi və multimedia qalereyası olduğunu bildirən natiq portalda 2004-2015-ci illər ərzində müxtəlif tədbirlərdən çəkilən 60000-dən çox foto, audio və videomaterialların toplandığını, bu materialların Azərbaycan elminin tarixi salnaməsinə çevrildiyini söyləyib.

Akademik Rasim Əliquliyev portalda yayımlanan və Azərbaycanda ilk elmi İnternet-televiziya olan Azərbaycan Milli Elmlər Akademiyasının “ElmTV” veb-telekanalının fəaliyyətinə də toxunub. “Elm” televiziyası AMEA-nın institut və təşkilatlarının fəaliyyətini tam şəkildə əks etdirən yeganə videoresursdur, burada əsas məqsəd elmin populyarlaşdırılması, elmi nailiyyətlərin, həmçinin mövcud problemlərin ictimaiyyətə çatdırılmasıdır” deyən bildirən akademik Rasim Əliquliyev yeni ildən etibarən şəbəkə telekanalının www.elmtv.az veb-saytının istismara veriləcəyini də vurğulayıb.

İnstitut direktoru meqaportalın təkcə Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi veb-resursu deyil, həm də Azərbaycanda ilk internet-jurnalistika məktəbi olduğunu söyləyib. www.science.az-ın ölkədə internet-medianın, veb-jurnalistikanın inkişafında oynadığı roldan söz açıb.

Akademik Rasim Əliquliyev 20 yaşını qeyd edən veb-portalın istismarı və inkişafında əməyi olan yaradıcı heyəti təbrik edib, onlara bu şərəfli yolda müvəffəqiyyətlər arzulayıb.

Tədbirdə, həmçinin Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin rəhbəri Faiq Fərmanov və "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu da çıxış edib. İnternet-medianın, eləcə də onun tərkib hissəsi olan sosial medianın cəmiyyətdə rolu, www.science.az veb-saytının Azərbaycan elminin təbliğində yeri və Azərbaycanda ilk internet-jurnalistika məktəbi kimi meqaportalın imkanlarından söz açılıb, saytın fəaliyyətinə yüksək qiymət verilib.

Sonra AMEA-nın “ElmTV” internet-televiziyasının www.elmtv.az saytının təqdimatı olub. “ElmTV”nin rəhbəri Xatirə Cabbarzadə müxtəlif bölmələr və zəngin videoqalereyanı özündə əks etdirən veb-telekanalda dünya elminə böyük töhfələr vermiş azərbaycanlı alimlər və xaricdə yaşayan görkəmli elm xadimlərimizin həyat və fəaliyyətindən ibarət videomaterialların, o cümlədən dünyada baş verən elmi yeniliklər haqqında videosüjetlərin yayımlandığını bildirib.

Tədbirin sonunda www.science.az veb-saytında səmərəli fəaliyyətinə görə fərqlənən əməkdaşlar “AMEA-nın Fəxri Diplomu” ilə təltif olunublar, xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

1news.az 

Paylaş:
1007

Son xəbərlər

Ərdoğan Əliyevə zəng etdi

25 / 12 / 2024, 16:13
Bütün xəbərlər