İlham Əliyev: «Bu gün dünya miqyasında Azərbaycan idman dövləti kimi tanınır» - FOTO
Dekabrın 23-də Milli Olimpiya Komitəsində 2015-ci ilə yekun vurulub, idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimi keçirilib.
1news.az-ın Azərbaycan Prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Mərasim iştirakçıları Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladılar.
Dövlətimizin başçısı tədbirdə nitq söylədi.
Azərbaycan Prezidenti İlham Əliyevin nitqi:
«Əziz dostlar, hər il ilin sonunda biz idmançılarla görüş keçiririk, idmançıları mükafatlandırırıq, onlara yeni uğurlar arzulayırıq. Bu ənənə neçə ildir ki, davam edir. Hər il ilin yekunlarına nəzər yetirəndə görürük ki, bizim idman uğurlarımız ildən-ilə artır. Medalların sayı da artır. İdmançılar beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil edirlər. Bu il beynəlxalq yarışlarda idmançılarımız 823 medal qazanmışlar. Onlardan 321-i qızıl medaldır. Qazanılmış medalların statistikasına baxsaq görərik ki, medalların sayı ildən-ilə artır.
Bu, onu göstərir ki, Azərbaycanda idman uğurla, dinamik şəkildə inkişaf edir. Gözəl gənc nəsil yetişir. Mən onu da xüsusilə qeyd etmək istəyirəm ki, bizim gənc idmançılarımız, uşaqlar, yeniyetmələr müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, yeniyetmələrin Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edirlər. Bu, onu göstərir ki, Azərbaycanda idman siyasəti düşünülmüş şəkildə aparılır. Yeni nəsil yetişir, görkəmli idmançılar idman karyerasını başa vurduqdan sonra onların böyük əksəriyyəti idmandan ayrılmır. Onlar öz fəaliyyətini məşqçi, mütəxəssis kimi davam etdirirlər. Bir sözlə, bu siyasət və əldə edilmiş nailiyyətlər imkan verəcək ki, gələcəkdə də Azərbaycan bütün beynəlxalq yarışlarda ən yüksək pillələrdə özünü təsdiq etsin.
İdmançılara dövlət tərəfindən qayğı yüksək səviyyədədir. Hər il görkəmli idmançılarımızın məişət problemləri həll olunur. On ildən çoxdur ki, hər il iyirmidən çox idmançıya, idman mütəxəssisinə dövlət tərəfindən mənzillər verilir. Bu da dövlətin siyasətinin təzahürüdür. Çünki ölkəmizi beynəlxalq arenalarda ləyaqətlə təmsil edən, bizim dövlət bayrağımızı ucaldan idmançılar dövlət tərəfindən daim qayğı, diqqətlə əhatə olunmalıdırlar. Şadam ki, aparılan bu siyasət indi belə vəziyyətə gətirib çıxarıb ki, bizim görkəmli idmançılarımızın hamısı gözəl mənzillərlə təmin olunublar. Bu proses bundan sonra da davam edəcək. Çünki əgər dövlət idmanı inkişaf etdirmək istəyirsə, mütləq idmançılar üçün gözəl şərait yaratmalıdır. Mən 1997-ci ildə bu amalla Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə gəlmişəm və o gündən bu günə qədər bu siyasət davam etdirilir. Nəticələr də göz qabağındadır. Bu gün dünya miqyasında Azərbaycan idman dövləti kimi tanınır. Beynəlxalq idman qurumları, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, onların rəhbərləri Azərbaycanda idmanda əldə olunmuş uğurları qeyd edirlər. Bu, bizim işimizə verilən böyük qiymətdir.
Eyni zamanda, bizim üçün əsas qiymət xalq tərəfindən verilən qiymətdir. Azərbaycan xalqı öz idmançılarını sevir, onların uğurlarına sevinir. Hər bir vətənpərvər Azərbaycan vətəndaşı qürur hissi keçirir ki, biz idmanda böyük nailiyyətlərə imza ata bilmişik. İdmanın inkişafı üçün uzun illər məqsədyönlü şəkildə kompleks tədbirlər görülür. Həm təlim-məşq prosesi yüksək səviyyədə təşkil edilir, həm də federasiyalar, klublar, idman cəmiyyətləri uğurla fəaliyyət göstərirlər. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi vahid siyasət aparırlar. Ona görə Azərbaycanda idman siyasəti ilə bağlı birmənalı mövqe nümayiş etdirilir.
İdman bazaları yaradılır. Şadam ki, indi klublar da, federasiyalar da idman bazalarını yaradırlar. Eyni zamanda, bölgələrdə 41 Olimpiya Mərkəzi yaradılmışdır. On mərkəzin tikintisi davam edir. Həmin layihələr başa çatandan sonra artıq Azərbaycanın hər bir rayonunda idmanla məşğul olmaq üçün çox gözəl şərait olacaq. Əslində, bu şərait artıq mövcuddur. O ki qaldı Bakı şəhərinə, burada ən mötəbər beynəlxalq yarışların keçirilməsi üçün bütün imkanlar var. Avropa Oyunları bunu bir daha təsdiqlədi. Bakıda yaradılmış və təmir edilmiş müasir idman infrastrukturu dünya səviyyəsindədir. Deyə bilərəm ki, biz dünyanın inkişaf etmiş ölkələrindən geri qalmırıq. Bizim idman qurğularımızın həm funksionallığı yüksəkdir, eyni zamanda, onlar memarlıq abidəsidir. Biz bunu bilərəkdən belə yaratmışıq ki, idman qurğuları gözəl şəhərimizə əlavə yaraşıq versin. Müasir idman bazaları, idman infrastrukturu, düzgün siyasət, idmançılara qayğı və dövlət tərəfindən qəbul edilən qərarlar bu vəziyyəti yaradıb ki, bu gün Azərbaycan dünya miqyasında ən birinci sıralardadır.
Bu il Avropanın idman həyatında tarixi bir ildir. Çünki ilk dəfə olaraq Avropa Oyunları keçirilmişdir. Burada da Azərbaycan dövləti öz gücünü göstərdi. Cəmi iki il yarım ərzində Yay Olimpiya Oyunları səviyyəsində keçirilən Oyunlar təşkil edilmişdir. Bəlkə də heç kim, o cümlədən xarici tərəfdaşlarımız inanmırdılar ki, biz bu Oyunları bu səviyyədə keçirəcəyik. Bütün Azərbaycan xalqı, doğrudan da, həmrəylik göstərmişdir. Bu, ümummilli bir məsələyə çevrilmişdi. Çünki dünyada ilk dəfə olaraq Avropa Oyunlarının Bakıda keçirilməsi bizim üçün çox böyük məsuliyyət idi.
Biz son illər ərzində ölkəmizi dünya miqyasında kifayət qədər geniş şəkildə təqdim edə bilmişik. Müxtəlif tədbirlər, təqdimatlar, sərgilər, konsertlər keçirilmiş, Azərbaycanın zəngin mədəniyyəti, tarixi irsi, bugünkü reallıqları kifayət qədər geniş şəkildə təqdim olunmuşdur. Ancaq bu Oyunlar bizə imkan verdi ki, gələn qonaqlar ölkəmizlə tanış olsunlar. Altı min idmançı, minlərlə məşqçi, qonaq, idman mütəxəssisi təxminən üç həftə Bakıda qalaraq şəhərimizin gözəlliyini görmüş, insanlarımızın qonaqpərvərliyini hiss etmiş və Azərbaycanın sürətli inkişafının şahidi olmuşlar. Ümumi rəy belə idi ki, Oyunları bundan yüksək səviyyədə keçirmək mümkün deyil. Hətta bəzi idmançılar öz yarışlarını başa vurduqdan sonra ölkəmizdən getmək istəmirdilər. Olimpiya Kəndində qalmaq istəyirdilər. Çünki yaradılmış bu gözəl ab-hava onlara da çox xoş idi. Burada həm təşkilatçılıq, həm obyektlərin müasirliyi, yüksək səviyyəsi, eyni zamanda, Azərbaycan xalqının qonaqpərvərliyi xüsusi bir mühit yaratmışdı. Bu, unudulmaz günlər idi və Azərbaycan dünyaya nəyə qadir olduğunu göstərdi. Göstərdi ki, cəmi 24 illik müstəqillik dövründə biz böyük zirvələrə çata bilmişik.
Əlbəttə ki, idmançılarımızın uğurlu çıxışları bizi xüsusilə sevindirir. Əlli Olimpiya komandası arasında Azərbaycan idmançıları ikinci yeri tutmuşlar. Əgər nəzərə alsaq ki, birinci yeri Rusiya komandası tutub, bu, təbii idi, başqa cür ola da bilməzdi. Ona görə hesab edirəm ki, biz ən yüksək zirvəyə qalxa bilmişik. Əlli altı medal qazanılıb, onlardan 21-i qızıl medaldır. Bu, Azərbaycan idmanının böyük zəfəri idi. İdmançıları - bütün bu qələbələrdə, bu medalların qazanılmasında iştirak etmiş insanları bir daha salamlayıram, onlara öz təşəkkürümü bildirmək istəyirəm.
Avropa Oyunları tarixdə qaldı. Növbəti Oyunlar harada keçiriləcək. Bu barədə hələ ki, qərar qəbul edilməyib. Amma məndə olan məlumata görə, bəzi ölkələr Bakıda keçirilmiş Oyunlardan sonra bir az tərəddüd edirlər. Hətta həmkarlarım mənə deyirlər, biz qorxuruq ki, bu Oyunları Bakıdakı səviyyədə təşkil edə bilmərik. Ona görə biz bir az ehtiyatlanırıq. Yəni, biz belə bir səviyyəni yaratdıq ki, bu səviyyəyə çatmaq doğrudan da çox çətindir. Bu Oyunlar, sözün əsl mənasında, Yay Olimpiya Oyunları səviyyəsində təşkil edilmişdir.
Gələn il isə Azərbaycanda digər mötəbər idman yarışı keçiriləcək - “Formula-1” yarışı. Bu da dünya miqyasında üç ən əsas idman yarışının sırasında olan bir yarışdır. Birinci yerdə, əlbəttə ki, Yay Olimpiya Oyunlarıdır. İkinci yerdə futbol üzrə dünya çempionatıdır. Üçüncü yerdə “Formula-1” yarışıdır. Bu yarışın Azərbaycanda keçirilməsi, əlbəttə ki, tarixi hadisədir. Bu yarışlar bizim bölgədə ilk dəfə olaraq keçiriləcək. Bizim şərtimiz ondan ibarət idi ki, bu yarışma mütləq şəhər küçələrində keçirilməlidir. Çünki birincisi, bu yarışın təşkili üçün yeni stadionun tikintisinə biz gərək böyük vəsait xərcləyəydik. Buna lüzum yoxdur. Digər tərəfdən, xüsusi tikilmiş yerlərdə keçirilən yarışlar bir-birini təkrarlayır, bir-birinə oxşayır. Televiziyada bu yarışları seyr edərkən heç bilmirsən ki, bu yarış harada keçirilir. Bizim üstünlüyümüz ondan ibarət olacaq ki, bu, gözəl, qədim və müasir şəhərimizin küçələrində keçiriləcək. Bu günə qədər cəmi iki yerdə - Monakoda və Sinqapurda bu yarışlar şəhər küçələrində keçirilib. İndi hazırlıq işləri gedir. Əminəm ki, biz bu gözəl yarışı da ən yüksək səviyyədə keçirəcəyik. Ümumdünya Şahmat Olimpiadası Bakıda keçiriləcək. Bu da dünya miqyaslı bir yarışdır və şahmatçılarımız da bizi sevindirirlər.
Ümumiyyətlə, Azərbaycanda idmanın hər bir növü inkişaf edir. Ənənəvi idman növləri və bizim üçün yeni olan idman növləri inkişaf etməkdədir. 2017-ci ildə isə İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Müvafiq göstərişlər verildi, Təşkilat Komitəsi yaradıldı. Sentyabr ayında Təşkilat Komitəsinin birinci toplantısı keçirilmişdir. Əminəm ki, bu Oyunlar da ən yüksək səviyyədə keçiriləcək.
Bax, budur bizim nailiyyətlərimiz. Həm idmançılar beynəlxalq yarışlarda bizi sevindirirlər, həm də ən müasir idman infrastrukturu yaradılıb və dünyanın ən mötəbər idman yarışları Azərbaycanda keçirilir. On il, iyirmi il bundan əvvəl bunu təsəvvür etmək mümkün deyildi. Əgər bu barədə kimsə nə isə desəydi, onu heç kim ciddi qəbul etməzdi. Ancaq bu gün bu, reallıqdır. Bu reallıqları biz yaradırıq. Azərbaycan dövləti və Azərbaycan xalqı yaradır ki, idman daha da sürətlə inkişaf etsin.
İdmanın inkişafı hər bir ölkənin ümumi inkişafını göstərir. Əgər beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında medal qazanan idmançıların vətəndaşlığına nəzər salsanız görərsiniz ki, inkişaf etmiş ölkələrin idmançıları daha çox medal qazanırlar. Biz də inkişaf etmiş ölkə olmaq istəyirik, bu yolla gedirik və əminəm ki, biz buna da nail olacağıq.
Deyə bilərəm ki, 2015-ci ilin digər yekunları da müsbət olmuşdur. Baxmayaraq ki, bölgədə və dünyada iqtisadi böhran davam edir, Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir. 2015-ci ildə iqtisadi inkişafa nail olmaq əlbəttə ki, böyük məsələdir. Çünki 2015-ci ildə həm siyasi böhran, bölgədə yaşanan hərbi böhran, maliyyə böhranı dərinləşmişdir. Azərbaycan iqtisadiyyatı 2015-ci ildə inkişaf etmişdir. Çalışırdıq ki, biz iqtisadi dayanıqlığı maksimum dərəcədə təmin edək. Ancaq bildiyiniz kimi, neftin qiyməti bir il ərzində üç dəfə aşağı düşüb. Bizim gəlirlərimiz kəskin şəkildə azalmışdır. Büdcə gəlirləri azalmışdır. Təbii ki, büdcə xərcləri də azalmışdır. Ona görə biz 2015-ci ildə büdcə xərclərinə böyük qənaət edə bilmişik. Əfsuslar olsun ki, dünyada gedən proseslər gələn il də nikbinlik üçün əsas vermir. Ona görə bu böhranın davam edəcəyi istisna olunmur.
Neft gəlirlərimizin aşağı düşməsi təbii ki, milli valyutamıza da mənfi təsir etmişdir. Manatın məzənnəsinin dəyişdirilməsinin əsas səbəbi neft qiymətinin üç dəfə aşağı düşməsidir. Yəni, manatın məzənnəsinin dəyişdirilməsi qaçılmaz idi. Biz il ərzində çalışırdıq ki, bunun qarşısını maksimum dərəcədə alaq. Gözləyirdik ki, neftin qiymətləri sabitləşsin. Əlli dollar səviyyəsində sabitləşəndə artıq biz bir qədər rahatlandıq ki, devalvasiyaya ehtiyac qalmayacaq. Ancaq hazırda neftin qiyməti 36 dollara düşübdür. Amerika Birləşmiş Ştatlarında dollarla bağlı qəbul edilmiş son qərar da neftin qiymətinin düşməsinə xidmət edir. Burada digər geosiyasi amillər var. Mən şəxsən hesab edirəm ki, neftin qiymətinin kəskin şəkildə düşməsinin təbii-iqtisadi əsasları yoxdur. Düzdür, dünya iqtisadiyyatı bir qədər tənəzzülə uğrayıb. Templər bir qədər aşağı düşüb. Amma bu dərəcədə yox ki, neftin qiyməti birdən-birə il ərzində üç dəfə düşsün. Mən şəxsən hesab edirəm ki, bu, düşünülmüş siyasətdir. Bu siyasətin məqsədi də heç kim üçün sirr deyil. Sadəcə olaraq, Azərbaycan bu vəziyyətdən əziyyət çəkir.
Ancaq buna baxmayaraq, biz əlbəttə çalışacağıq ki, bu vəziyyətin fəsadlarını minimum səviyyəyə endirək. Neftin qiymətinin ucuzlaşması, eyni zamanda, əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının kəskin şəkildə ucuzlaşması və digər amillər bu qərarın qəbulunu qaçılmaz etdi.
İndiki vəziyyətdə hökumət qarşısında əsas vəzifə qoyulmuşdur ki, makroiqtisadi sabitlik təmin edilsin, inflyasiya normal səviyyədə olsun. Bu ilin yekunlarına görə inflyasiya 4 faizdən azdır. Gələn il də biz çalışmalıyıq ki, bunu ən aşağı səviyyədə saxlayaq. Son illərdə biz yerli istehsala böyük əhəmiyyət vermişik, həm dövlət, həm özəl sektora vəsait ayırmışıq. Ərzaq məhsullarının böyük əksəriyyəti Azərbaycanda istehsal olunur. Buna görə də Azərbaycanda istehsal olunan ərzaq məhsullarının qiymətləri sabit qalmalıdır. Tikinti materialları da həmçinin.
Son illər ərzində biz güclü tikinti sənayesi yaratmışıq və özümüzü əsas tikinti materialları ilə təmin edirik. Tikinti sektorunda da heç bir bahalaşmaya yol vermək olmaz. Azərbaycan özünü yanacaqla təmin edir. Bizdə yanacağın qiyməti dünya qiymətindən üç dəfə aşağıdır. Əgər benzinin, dizel yanacağının qiymətinə baxsanız görərsiniz ki, Qərb ölkələrindən üç dəfə aşağıdır. Ona görə bu sahədə də heç bir bahalaşmadan söhbət gedə bilməz. Şəhər nəqliyyatı tarifləri - metro, avtobus tarifləri bizdə çox aşağı səviyyədədir.
Yəni, biz maksimum dərəcədə çalışacağıq ki, bu qaçılmaz qərarın mənfi təsirlərini azaldaq, ilk növbədə, islahatların dərinləşməsi hesabına. İnzibati tədbirlər görülür və görüləcək. Süni bahalaşmaya yol verənlərə qarşı çox ciddi tədbirlər görüləcək, cəza tədbirləri tətbiq ediləcək ki, heç kim bu vəziyyətdən sui-istifadə etməsin, möhtəkirliklə məşğul olmasın. Əgər belə faktlar olarsa, çox ciddi tədbirlər görüləcək və bu vəziyyətdən sui-istifadə etmək istəyənlər peşman olacaqlar.
Əlbəttə, iqtisadi amillər, islahatlarla bağlı amillər də mühüm rol oynayacaq. Artıq mənim tərəfimdən müvafiq sərəncamlar imzalanmışdır ki, biz biznes mühitini daha da yaxşılaşdıraq, lazımsız yoxlamaları aradan götürək. Lisenziyalarla bağlı çox ciddi qərarlar qəbul edilmişdir. Ümumiyyətlə, iqtisadi və maliyyə sektorunun şəffaflaşması prosesi gedir, getməlidir və burada bütün xoşagəlməz hallara qarşı daha da ciddi mübarizə aparılacaqdır. Rüşvətxorluq, korrupsiya, inhisarçılıq, qanunsuz fəaliyyət – bütün bunlara qarşı daha da ciddi mübarizə aparılacaqdır. Biz bundan sonra iqtisadi liberallaşma siyasətini daha da ciddi şəkildə aparmalıyıq. Xüsusilə, inhisarçılığa qarşı mübarizə daha da ciddi olacaq. Həm idxalda, həm yerli istehsalda inhisarçılığa yol verilməməlidir. Heç kimin burada xüsusi imtiyazı yoxdur, ola da bilməz. Kim dövlət büdcəsinə daxilolmaların qarşısını alacaqsa, cəzalandırılacaq. Ona görə, gömrük, vergi sistemində maksimum şəffaflıq təmin edilməlidir və ediləcəkdir. Mən bu məsələlərlə bağlı bir neçə dəfə Nazirlər Kabinetinin toplantısında çıxış etmişəm. Öz çıxışlarımda bildirmişəm ki, Azərbaycanda maliyyə və iqtisadi sektor tam şəffaf olmalıdır.
Bizim uğurlarımız da göz qabağındadır. Baxın, Dövlət Neft Fondu artıq 15 ildən çoxdur ki, fəaliyyət göstərir. Dünyanın ən şəffaf, ən səmərəli işləyən suveren fondlarından biridir. Gəlirlər bəllidir, xərclər bəllidir, beynəlxalq audit keçirilir. Azərbaycan xalqı da, bütün dünya da bunu bilir. Dünyanın mötəbər maliyyə qurumları Neft Fondunun fəaliyyətini yüksək qiymətləndirirlər. İki il bundan əvvəl “ASAN xidmət” yaradıldı. Yeddi milyon insan “ASAN xidmət”in imkanlarından istifadə etdi. İndi Azərbaycan vətəndaşları fərqi görürlər, orada bütün işlər şəffaf təşkil edilir, heç bir korrupsiyaya, rüşvətxorluğa yol verilmir, mədəni xidmət göstərilir. Ona görə, biz bu sahəni inkişaf etdiririk. İndi bölgələrdə iki yeni mərkəz yaradılır. Onların sayı 10-dan çox olacaqdır. On səyyar avtobus fəaliyyət göstərir. Yəni, bunu etmək mümkündür. Sadəcə olaraq, işlər düzgün təşkil edilməlidir. Önəmli qurumların başında dayanan insanlar vicdanla işləməlidirlər, öz cibini doldurmaq üçün yox, dövlət maraqlarını hər şeydən üstün tutmalıdırlar və ciddi nəzarət olmalıdır - dövlət nəzarəti və ictimai nəzarət.
Mən bir daha demək istəyirəm ki, ictimai nəzarət olmasa, biz istədiyimizə nail ola bilmərik. İctimai nəzarət nə deməkdir? Vətəndaşlar daha da fəal olmalıdırlar. Onlar xoşagəlməz hallarla üzləşəndə bu barədə məlumat verməlidirlər ki, biz işləri tənzimləyək, xoşagəlməz halların qarşısını alaq. Əgər buna nail olsaq, onda neftin qiyməti bizim üçün heç bir əhəmiyyət kəsb etməyəcək.
Mən bir dəfə demişəm, biz elə iqtisadi sistem və idarəetmə sistemi yaratmalıyıq ki, neftin qiymətindən asılı olmayaq. Əgər biz asılı olsaq, hər zaman bax, bu xoşagəlməz vəziyyətlə üzləşə bilərik. Hansısa siyasi maraqlar üzündən neftin qiyməti düşür, qalxır, Azərbaycan isə əziyyət çəkir. Nə üçün? Biz güclü iqtisadiyyat qururuq. Bu gün iqtisadi sahədə apardığımız siyasət doğrudan da dünya miqyasında təqdirlə qarşılanır. Bütün aparıcı beynəlxalq maliyyə qurumları - Dünya Bankı, Avropa Bankı, Beynəlxalq Valyuta Fondu bunu qeyd edirlər və iqtisadi sahədə apardığımız siyasəti dəstəkləyirlər.
İndi manatın məzənnəsinin dəyişdirilməsi ilə bağlı mötəbər beynəlxalq maliyyə qurumlarından belə reaksiya gəlir ki, Azərbaycan hökuməti bunu çoxdan etməli idi. Biz də bununla razıyıq. Çoxdan etməli idik, amma etmək istəmirdik. Etmək istəmirdik, çünki bilirdik ki, bunun mənfi fəsadları olacaq. Maksimum çalışırdıq ki, bunu etməyək. Bir daha demək istəyirəm ki, əgər neftin qiyməti 50 dollar səviyyəsində qalsaydı, sabitləşsəydi, biz bunu etməyəcəkdik. Ancaq biz real dünyada yaşayırıq. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçasıdır və dünyada, bölgədə yaşanan hadisələr, böhranlar bizə də təsir edir. İndi baxın, yaşadığımız bölgədə qanlı toqquşmalar, müharibələr, iqtisadi böhranlar, maliyyə böhranları, ölkələr arasındakı gərginliyin artması – bütün bunlar bizim qonşuluğumuzda baş verir. İstər-istəməz bizim siyasətimizə də, iqtisadi inkişafımıza da təsir edir. Bölgədə proseslərin hamısı mənfi istiqamətdə gedir. 2015-ci ildə bizim bölgəmizdə bir dənə də olsun müsbət istiqamətdə gedən proses olmamışdır. Belə vəziyyətdə biz ölkəmizi qabağa aparırıq, Azərbaycan xalqının təhlükəsizliyini təmin edirik, Azərbaycana mümkün olan riskləri azaldırıq, o cümlədən geosiyasi, hərbi riskləri azaldırıq ki, Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində, rifah içində yaşasın. Əsas vəzifəmiz bundan ibarətdir.
Əlbəttə, 2016-cı ildə dünyada nələr baş verəcəyini proqnozlaşdırmaq çətindir. Əsas vəzifəmiz ondan ibarətdir ki, Azərbaycanda siyasi və iqtisadi proseslər müsbət istiqamətdə getsin. Azərbaycan bölgənin sabit ölkəsi kimi öz yolu ilə getsin, bizim qarşımızda duran iqtisadi məsələlər öz həllini tapsın. Mən buna şübhə etmirəm. Mən ümid edirəm ki, neftin qiyməti bu cür aşağı səviyyədə çox qala bilməz, qalxacaq və qalxdıqca manatın məzənnəsi də qalxmalıdır. Ancaq bir daha demək istəyirəm ki, biz bu amili kənara qoymalıyıq. İqtisadi liberallaşma, azad, sağlam rəqabət, xoşagəlməz halların aradan götürülməsi, korrupsiyaya, rüşvətxorluğa qarşı daha da ciddi mübarizənin aparılması, iqtisadi islahatlar – bax, budur bizim yolumuz. Biz bu yolla gedirik, amma daha da sürətlə getməliyik və gedəcəyik. Bir daha demək istəyirəm ki, Azərbaycan öz yolu ilə gedəcək.
Bu böhranlı illərdə Azərbaycan ən dinamik inkişaf templərini göstərmişdir. Ən sabit ölkə Azərbaycandır. İqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkə də Azərbaycandır. Biz öz yolumuzla gedəcəyik. Çalışacağıq ki, 2016-cı ildə ölkə qarşısında duran əsas vəzifələr icra edilsin, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşasın və yaşayacaqdır. Aparacağımız islahatlar sayəsində biz daha da yaxşı nəticələr əldə edəcəyik.
Əlbəttə ki, idmançılara 2016-cı ildə uğurlar arzulayıram. 2016-cı ildə Yay Olimpiya Oyunları keçiriləcəkdir. Artıq 30-a yaxın lisenziya da qazanmışıq. Əminəm ki, idmançılarımız bizi sevindirəcək, Azərbaycan bayrağını həmişə uca tutacaqlar. Sağ olun».
X X X
Sonra 2015-ci ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olundu.
Azərbaycan Prezidenti ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə Oqtay Abdullayevə, Nizami Babayevə, Balahəsən Eynullayevə, Tofiq Əliyevə, Faiq Həsənova, Oqtay Məmmədova “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adlarının döş nişanlarını təqdim etdi.
Respublikamızda idmanın inkişafında xidmətlərinə görə Kamal Kebirlinskiyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sənəd təqdim olundu.
Azərbaycanda qeyri-Olimpiya idman növlərinin inkişafında xüsusi xidmətlərinə görə Nizami Məmmədov, İlkin Səfərov, Eldar Məmmədov, Qadir Babayev Milli Olimpiya Komitəsinin prezidentinin fəxri fərmanları ilə təltif edildilər.
Prezident İlham Əliyev 2015-ci ildə yüksək nailiyyətlər göstərmiş bir qrup idmançı və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim etdi.
Daha sonra Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, əməkdar incəsənət xadimi Zərifə Salahova Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi, dövlətimizin başçısına fəaliyyətində uğurlar arzuladı.