Kanalizasiya xəttindəki nasazlıq Binəqədi rayonundakı yolu dağıtdı
“Ötən il kifayət qədər maliyyə vəsaiti xərclənərək təmir edilmiş Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Baksol küçəsi 12 ünvanında yolun asfalt-beton örtüyü sıradan çıxır.
Səbəb bəzi sakinlərin məsuliyyətsizliyi ucbatından yolun hərəkət hissəsinə yığılan kanalizasiya sularıdır”.
Bu haqda Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən 1news.az-a məlumat verilib.
Məlumata görə, bir-neçə gün bundan öncə həmin ərazinin yaxınlığından keçən 1 metr diametrli iki yüksək təzyiqli kanalizasiya kollektorlarından birində qəza baş verib: “Nəticədə çirkab su axaraq yolun hərəkət hissəsinə dolur. Bu isə yolun asfalt örtüyünün sıradan çıxmasına səbəb olur. Problemdən aidiyyəti qurumlar məlumatlı olsalar da, qəzanın qarşısını almaqda çətinlik çəkirlər. Çünki sözügedən kanalizasiya kollektorlarının üzərində qanunsuz olaraq yaşayış evləri inşa edilib”.
Hazırda problemin aradan qaldırılması üçün çıxış yolları axtarırlar.