TÜRKSOY-un “Haldun Taner” medalı təqdim olunub
Akademik Milli Dram Teatrında Azərbaycanın bir qrup teatr xadiminə TÜRKSOY-un “Haldun Taner” medalı təqdim olunub.
1news.az Azərbaycan Mədəniyyət və Turizm nazirliyinin rəsmi internet saytına istinadən xəbər verir ki, tədbirdə teatrın bədii rəhbəri-baş rejissoru, Xalq Artisti Azər Paşa Nemət son illər TÜRKSOY-un həyata keçirdiyi layihələrdən söz açıb. Bildirib ki, qurum türkdilli xalqların ortaq mədəniyyətinin daha geniş coğrafiyada tanınması istiqamətində mühüm işlər görür.
TÜRKSOY -un baş katibi Düsen Kaseinov Azərbaycan teatrının son illər ərzində böyük inkişaf yolu keçdiyini söyləyib.
“Teatrı sevməyən insan özünü sevmir. Azərbaycan teatrına çox yaxından bələdəm və bu sahədə çalışan insanların bir çoxu ilə dostam. Azərbaycanın ən kiçik şəhərlərində belə böyük teatrlar fəaliyyət göstərir. Bu olduqca təqdirəlayiqdir”, – deyə o, vurğulayıb.
Rəhbərlik etdiyi qurumun teatr sənəti sahəsində gördüyü işlərdən danışan D.Kaseinov bildirib ki, TÜRKSOY hər bir uğurlu layihəni dəstəkləməkdə maraqlıdır.
TÜRKSOY-un elan etdiyi “Haldun Taner ili” çərçivəsində həyata keçirilən işlərdən söz açan baş katibi deyib ki, il ərzində quruma üzv ölkələrdə fərqlənən bir çox teatr xadimləri, sənət adamları mükafatlandırılıb. Onlara teatr sənətinin inkişafındakı xidmətlərinə görə “Haldun Taner” medalı təqdim edilib. Bu sırada Azərbaycan sənət adamları, teatr xadimləri, dramaturqları da var.
Sonra teatr sənətinin inkişafına verdiyi töhfələrə görə Xalq Artisti Azər Paşa Nemət, Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov, professor Məryəm Əlizadə, yazıçı-dramaturq, Əməkdar İncəsənət Xadimi Afaq Məsud və tanınmış aktyor və rejissor, Əməkdar İncəsənət Xadimi, Cahangir Novruzova “Haldun Taner” medalı təqdim olunub.
Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov qeyd edib ki, bu gün teatrımız üçün olduqca əlamətdar bir gündür: “TÜRKSOY özünün ən dəyərli mükafatlarından birini Azərbaycanın görkəmli sənətçilərinə təqdim edir. Eyni zamanda bu gün Azərbaycan teatrı Cahangir Zeynalovun 150 illiyini qeyd edir. Cahangir Zeynalovun 150 illiyi Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə qeyd olunur. Bu bütövlükdə Azərbaycan teatrına verilən qiymətdir. Buna görə də bütün teatrsevərlər adında dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.