Daş karxanasında ustanın yanaraq ölməsinə görə cinayət işi açılıb
Daş karxanasında ustanın yanaraq ölməsinə görə cinayət işi açılıb.
1news.az xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunun yaydığı məlumatda qeyd olunur.
Məlumata görə, yanvarın 1-də saat 01:00 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən “Gülbaxt” daş karxanası kompleksində fəaliyyət göstərən “Kristal” MMC-yə məxsus konteyner tipli istirahət otağında yanğın baş verib və həmin otaqda 1968-ci il təvəllüdlü, Ağcabədi rayon sakini, “Kristal” MMC-də usta işləmiş Abbas Aslanovun yanmış meyiti aşkar edilib.
Bakı şəhər və rayon prokurorluqlarının, rayon polis idarəsinin, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, hadisə yerindən maddi sübutlar götürülmüş və digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
1news.az