Bakıda anasını öldürən qız saxlanılarkən polisə 5 milyon manat rüşvət təklif edib– FOTO-YENİLƏNMƏ
Bakıda qızıl alverçisinin qətlinin bəzi təfərrüatları məlum olub.
1news.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, 1965-ci il təvəllüdlü Məryam Namet-zadə qızı və bacısı oğlu tərəfindən yatdığı yerdə öldürülüb. M. Namet-zadənin qızı Günel Hüseynova qətli törədəndən sonra hadisənin digər iştirakçılarını evdə qoyaraq mənzili tərk edib. O, bir neçə saat sonra evə qayıdıb və hadisənin iştirakçılarını evdən çıxarıb.
İlkin məlumata görə, qətl tamah məqsədi ilə törədilib. Bildirilir ki, G. Hüseynova saxlanılarkən polisə rüşvət təklif edib. O, polisdən 5 milyon manat müqabilində işin bağlanılmasını xahiş edib. Polis qızın bu təklifini rədd edərək, onu istintaqa təhvil verib. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə bu gün təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, yanvarın 5-də Namet-zadə Məryam Tofiq qızının yaşadığı mənzilində üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyiti aşkarlanıb. Həyata keçirilmiş tədbirlər nəticəsində cinayətin mərhumun qızı, 1988-ci il təvəllüdlü Günel Hüseynova, qohumu (bacısı oğlu) 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov tərəfindən törədilməsi müəyyənləşib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
1news.az
15:21
Paytaxtın hüquq mühafizə orqanlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Nəsimi rayon ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstünün “isti izlər”lə açılıb.
Bu haqda Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun məlumatında qeyd olunub.
Polis və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun qızı 1988-ci il təvəllüdlü Günel Hüseynova, qohumu (bacısı oğlu) 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan onlar tutularaq istintaqa cəlb olunublar.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
1news.az
10:28
Bakıda qızıl alverçisini xüsusi amansızlıqla qətə yetirən şəxslər tutulub.
1news.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, polis və prokurorluq əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxsin mərhumun qızı Günel Hüseynova olduğu müəyyən edilib. G. Hüseynova saxlanılıb. Araşdırmalar zamanı o da məlum olub ki, G. Hüseynova hadisəni tək törətməyib. Qətldə G. Hüseynova ilə birgə onların daha bir neçə qohumu iştirak edib. Həmin şəxslər də artıq saxlanılıb.
Qeyd edək ki, yanvarın 5-də Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında yaşayan 1960-cı il təvəllüdlü Məryəm Namidzadənin xüsusi amansızlıqla öldürülmüş meyiti yaşadığı evdə aşkar edilib.
M. Namidzadənin qızı Günel Hüseynova izahatında evdən ona məxsus 30 000 ABŞ dolları dəyərində qızıl əşyaların oğurlandığını bildirib.
Məryəm Namidzadə Bakıdakı məşhur “Jewellery” zinət əşyaları mağazasının sahibi olub.
1news.az