IV Qlobal Bakı Forumunda 300 siyasi və dövlət xadimi iştirak edəcək
Cari ilin 10-11 mart tarixlərində Azərbaycanın paytaxtında IV Qlobal Bakı Forumu keçiriləcək.
1news.az-ın verdiyi xəbərə görə, “Çoxqütblü dünyaya doğru” mövzusunda keçiriləcək foruma Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi təşkilati dəstək göstərəcək.
Dövlət Komitəsinin mətbuat xidmətindən bildirdilər ki, mərasimdə 300 dövlət və hökumət rəsmisi ilə yanaşı, eyni zamanda nüfuzlu siyasi xadimlər də iştirak edəcək.
Albaniya, Latviya, Bolqarıstan, Makedoniya, Xorvatiya və Gürcüstanın dövlət və hökumət rəhbərləri IV Qlobal Bakı Forumunda iştiraklarını artıq təsdiq ediblər. Tədbirin digər təşkilatçıları – Madrid klubu, “İnter-Action Council” və İsgəndəriyyə Kitabxanasıdır.
IV Qlobal Bakı Forumunda dünyada etnik, dini və siyasi zəmində baş verən münaqişələr, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi sahəsindəki qlobal problemlər müzakirə ediləcək və bu problemlərin həlli yollarının tapılması istiqamətində fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, I, II və III Qlobal Açıq Cəmiyyətlər Forumu 2013, 2014 və 2015-ci illərdə Bakı şəhərində keçirilib. Bu toplantılara dünyanın bir sıra nüfuzlu siyasi və dövlət xadimləri qatılıb. Hər üç forumda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.
1news.az