Azərbaycan prezidenti: Süni bahalaşmaya son qoyulmalıdır, təkcə cərimələrlə kifayətlənmək olmaz | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan prezidenti: Süni bahalaşmaya son qoyulmalıdır, təkcə cərimələrlə kifayətlənmək olmaz

16:20 - 10 / 01 / 2016
Azərbaycan prezidenti: Süni bahalaşmaya son qoyulmalıdır, təkcə cərimələrlə kifayətlənmək olmaz

“Son vaxtlar müşahidə olunan qiymət artımı yerli məhsullara şamil edilməməlidir. İstehlak qiymətlərinə çox ciddi nəzarət etmək lazımdır. Manatın məzənnəsinin dəyişməsi ilə bağlı bəzi işbazlar süni şəkildə qiymətləri qaldırmaq istəyirlər”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan ərzaq məhsulları ilə bağlı müəyyən dərəcədə idxaldan asılıdır: “Hələ ki, Azərbaycan özünü ərzaq məhsulları ilə 100 faiz təmin edə bilməyib. Ancaq Azərbaycanda istehsal edilən ərzaq məhsullarında qiymət artımı mümkün deyil, olmamalıdır. Mən bilirəm, məlumat da gəlir ki, natəmiz insanlar, işbazlar  manatın məzənnəsi məsələsindən sui-istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır.  Süni bahalaşmaya son qoyulmalı, çox ciddi cəza tədbirləri görülməlidir. Biz sadəcə, cərimələrlə kifayətlənməməliyik. Prokurorluq orqanları bu məsələ ilə çox ciddi məşğul olsunlar, bu vəziyyətdən öz şəxsi maraqlarını təmin etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir. Bu, mətbuatda işıqlandırılmalıdır”.

***

“2016-cı ildə pensiya və əmək haqlarının artırılması ilə bağlı hökumət təkliflər hazırlamalıdır”

Bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı kənd təsərrüfatında islahatların genişləndirilməsi, meliorasiya tədbirlərinin davam etdirilməsi, əhalinin su, qaz və elektrik enerjisi ilə təchizatının daha da yaxşılaşdırılması, regionlarda sənaye zonalarının yaradılması prosesinin sürətləndirilməsi, dotasiya ilə yaşayan rayonların iqtisadi səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlar verib.

Prezident İlham Əliyev görülən işlərlə bağlı hər rüb məlumat verilməsi ilə əlaqədar rayon icra hakimiyyətlərinin başçıları qarşısında tələb qoyub: “2016-cı ildə struktur islahatlar aparılacaq, çevik idarəetmə mexanizmləri yaradılacaq. Bununla bağlı yaxın vaxtlarda addımlar atılacaq”.

Prezident İlham Əliyev informasiya-kommunikasiya texnologiyalarının inkişafı və bu sektorda şəffaflığın təmin edilməsinin vacib olduğunu vurğulayıb: “Turizm və nəqliyyat sektorunun inkişafı diqqət mərkəzində saxlanılacaq. Nəqliyyat dəhlizlərinin səmərəli işləməsi üçün tədbirlərin görülməsi əhəmiyyətlidir. Tranzit yüklərin Azərbaycan üzərindən daşınması üçün Koordinasiya Şurası yaradılıb. Artıq Azərbaycan, Gürcüstan və Türkiyə bu dəhlizdə vahid tarif siyasəti yürüdür”.

Dövlət başçısı qeyd edib ki, Türkiyə-Rusiya münasibətlərinin kəskinləşməsindən sonra Türkiyəyə məxsus yük maşınları Orta Asiyaya gedişini asanlaşdırmaq üçün Azərbaycan öz imkanlarını işə salıb.

Bununla yanaşı, prezident İlham Əliyev tikinti sahəsində açıq tenderlərin keçirilməsi, bu sahədə də şəffaflığın təmin olunması, üstünlüyün daha çox yerli şirkətlərə verilməsi, paytaxt nəqliyyatının vahid sistemə keçidinin sürətləndirilməsi, ekoloji məsələlərin həlli, yeni “Asan-xidmət” mərkəzlərinin açılması və onlara yeni səlahiyyətlərin verilməsi barədə tapşırıqlar verib.

***

“2016-cı ildə qeyri-neft sektorunun inkişafı prioritet olacaq, neftdən asılılığın minimuma endirilməsi üçün tədbirlər görüləcək”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı bildirib ki, iqtisadi şaxələndirmə, qeyri-neft sektorunun inkişafı 2016-cı ildə iqtisadi sahədə əsas prioritet olacaq: “Əminəm ki, bu il ərzində bu istiqamətdə daha da böyük uğurlara nail olacağıq. Ümumiyyətlə, ümumi daxili məhsulumuzun strukturu müsbətə doğru dəyişir, qeyri-neft sektorunun çəkisi artır. Bu, müsbət haldır. Neftdən asılılıq azalır, ancaq biz bu asılılığı minimum səviyyəyə endirməliyik ki, gələcəkdə neft qiymətindən asılı olmayaq. Qarşıya qoyulan vəzifə bundan ibarətdir. Hesab edirəm ki, düşünülmüş siyasət, gərgin iş nəticəsində biz buna nail ola biləcəyik. Biz bu il Azərbaycana xarici investisiyaları daha böyük həcmdə cəlb etməliyik. Düzdür, bu gün dünya miqyasında xarici investisiyalar uğrunda mübarizə aparılır, ancaq Azərbaycan xarici sərmayə üçün çox gözəl ölkədir, xarici sərmayələr qorunur. Düzdür, xarici sərmayələr daha çox neft-qaz sektoruna qoyulur, ancaq son vaxtlar qeyri-neft sektoruna da xarici sərmayə qoyuluşu müşahidə olunur. Biz çalışmalıyıq ki, xarici sərmayəni ölkəmizə, xüsusi ilə qeyri-neft sektoruna cəlb edək, O sahələrə cəlb edək ki, o sahələrin inkişafı ixrac potensialımızı gücləndirəcək və idxaldan asılılığımızı azaldacaq”.

Prezident İlham Əliyev Dövlət Neft Fondunun vəsaitlərinin qorunması, Fonddan dövlət büdcəsinə transfertlərin azaldılması, vergi bazasının genişləndirilməsi, gömrük rəsmiləşdirilməsinin gücləndirilməsi və idxal-ixrac əməliyyatlarının şəffaflığının təmin olunması, maliyyə nəzarətinin gücləndirilməsi ilə bağlı tapşırıqlar verib: “Bu kimi məsələlərə ictimai nəzarət mexanizmlərinin işə salınması əhəmiyyətlidir”.

Dövlət başçısı biznes mühitinin yaxşılaşdırılması, nağdsız ödəmələrin artırılması, fiskal təşviq mexanizmlərinin genişləndirilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsinin davam etdirilməsi, bank sektorunda islahatların aparılması, özəl bankların ölkə iqtisadiyyatının inkişafında iştirakının genişləndirilməsi barədə də fikirlərini çatdırıb.

***

“Qeyri-neft sənayesinin 8,4 faiz artması bizim əsas göstəricimizdir”

“2015-ci ildə neftin qiymətinin düşməsi və manatın devalvasiyaya uğraması Azərbaycanda iqtisadi proseslərə də təsir edib. Bunun səbəbi kənarda yaranıb, neftin qiymətinin azalması iqtisadi yox, siyasi amillərlə bağlıdır”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı bildirib ki, buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı artıb, ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz çoxalıb: “Qeyri-neft sənayesi isə 8,4 faiz artıb. Bu məni çox sevindirir. Çünki bu, son illər ərzində qeyri-neft sektorunun inkişafı deməkdir və aparılan islahatların nəticəsidir. Hesab edirəm ki, qeyri-neft sənayesinin 8,4 faiz artması bizim əsas göstəricimizdir”.

Prezident İlham Əliyev deyib ki, keçən il Azərbaycan iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulub: “Qoyulan sərmayənin yarısı xarici sərmayədir və bu da çox müsbət haldır. Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi öz potensialını təqdim edir. Başqa iqtisadi göstəricilər də müsbət dinamikanı göstərir. Yəni 2015-ci ildə bütün bu geosiyasi və iqtisadi amilləri nəzərə alaraq, iqtisadi inkişafa nail olmaq özlüyündə böyük nailiyyətdir”.

Dövlət başçısı qeyd edib ki, bütün sosial proqramlar, o cümlədən sosial infrastruktur layihələr icra olunur, yeni iş yerləri açılır, regionların inkişafı ilə bağlı tədbirlər görülür: “2015-ci ildə Azərbaycan əhalisi 114 min nəfər artıb”.

Prezident İlham Əliyev çıxışında TANAP layihəsinin əhəmiyyətinə də toxunub.

***

“2015-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı heç bir irəliləyiş olmayıb, prezidentlərin son görüşü də formal xarakter daşıyıb”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısının sözlərinə görə, bunun səbəbi odur ki, Ermənistan sülh istəmir, status-kvonu mümkün olduğu qədər çox saxlamağa çalışır, işğal olunmuş torpaqlardan çəkilmək niyyətində deyil: “Ermənistan danışıqları, sadəcə, bir proses kimi qəbul edir, vaxt uzatmaqla məşğuldur və danışıqları sonsuz bir proses kimi gələcəkdə də görmək istəyir. Bizim isə mövqeyimiz tam fərqlidir, biz münaqişənin həllini istəyirik. ATƏT-in Minsk Qrupunun həmsədrləri də dəfələrlə bildiriblər ki, onlar da münaqişənin həllini istəyirlər. Təbii ki, vasitəçilərin vəzifəsi bundan ibarətdir. Əfsuslar olsun ki, bu istiqamətdə işğalçıya heç bir ciddi təzyiq göstərilmir”.

Prezident İlham Əilyev deyib ki, münaqişənin həllində Azərbaycanın mövqeyi beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır: “2015-ci ildə Azərbaycan təmas xəttində üstünlüyə yiyələnib, öz iradəsini diqtə edib. Azərbaycan bundan sonra da döyüş potensialını gücləndirəcək”.

***

“Keçən il Rusiya və Türkiyə münasibətləri gərginləşib. Hər iki ölkə Azərbaycanla yaxın qonşudur və vəziyyət arzuedilən deyil”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı bildirib ki, son vaxtlar İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin gərginləşməsi də ölkəmizi narahat edir: “Bu vəziyyət müsəlman aləmində baş verən hadisələrə təsir göstərir”.

Prezident İlham Əliyev deyib ki, 2015-ci ildə Azərbaycan uğurla inkişaf edib, qarşıda duran  vəzifələr icra olunub: “Ötən il mən 20 ölkəyə, 15 dövlət və hökumət başçısı Azərbaycana səfərlər edib. Azərbaycan bundan sonra da regionda sabitləşdirici rol oynayacaq, risklərin azalmasına çalışacaq”.

***

“2015-ci ildə dünyada siyasi, iqtisadi və hərbi böhran daha da dərinləşib, qanlı toqquşmalar davam edib”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı bildirib ki, Yaxın Şərqdə gedən qanlı toqquşmalar nəticəsində yüz minlərlə insan həlak olub, milyonlarla insan qaçqın və köçkün vəziyyətinə düşüb: “Vaxtilə ölkəmiz də bu problemlərlə üzləşib, lakin daxili resurslar hesabına vəziyyətdən çıxıb, qaçqınların həyatının yaxşılaşdırılması ilə bağlı mühüm tədbirlər görülüb. Hazırda qaçqınların üz tutduğu Avropada radikal meyllər, islamafobiya meyllərinin güclənməsi müşahidə olunur. Dünyada yaşanan sivilizasiyalararası anlaşılmazlıq Azərbaycanı da narahat edir. Ölkəmiz bu təhlükəli meyllərin müsbət məcraya yönəldilməsi üçün səylərini artıracaq”.

APA

Paylaş:
3012

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər