Zəlimxan Yaqubun vəfatı ilə əlaqədar nekroloq imzalandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Zəlimxan Yaqubun vəfatı ilə əlaqədar nekroloq imzalandı

00:37 - 10 / 01 / 2016
Zəlimxan Yaqubun vəfatı ilə əlaqədar nekroloq imzalandı

Azərbaycan Prezidenti, dövlət rəsmiləri, mədəniyyət xadimləri xalq şairi Zəlimxan Yaqubun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.

Azərbaycan ədəbiyyatına ağır itki üz verib. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub (Zəlimxan Yusif oğlu Yaqubov) 2016-cı il yanvarın 9-da ömrünün 66-cı ilində vəfat edib.

Zəlimxan Yaqub 1950-ci il yanvar ayının 21-də Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. O, 1967-ci ildə həmin kənddə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsinə daxil olub və 1972-ci ildə ali təhsilini başa vurub.

Ali məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə 1973-cü ildən “Azərkitab” sistemində müxtəlif vəzifələrdə işləməklə başlayan Zəlimxan Yaqub 1975–1982-ci illərdə Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində redaktor, şöbə müdiri, 1982–1992-ci illərdə isə “Yazıçı” nəşriyyatının poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.

Bədii yaradıcılığa gənc yaşlarından başlayan Zəlimxan Yaqub Azərbaycanın zəngin şeir ənənələrini uğurla davam etdirən şairlərdəndir. O, xalq yaradıcılığından məharətlə bəhrələnərək müasirlərimizin yüksək insani keyfiyyətlərini, ümumbəşəri və milli dəyərləri, tariximizin taleyüklü anlarını özündə əks etdirən əsərlər yaradıb. Şairin rəngarəng mövzulu və dolğun məzmunlu şeirləri poeziyamızın inciləri səviyyəsinə qalxaraq Azərbaycan ədəbiyyatında yeni söz kimi qəbul edilib. Onun qəhrəmanlıq ruhu, vətənpərvərlik hissi, azərbaycançılıq məfkurəsi ilə aşılanmış əsərləri əsl vətəndaşlıq mövqeyi nümayiş etdirərək gənc nəslin tərbiyəsində xüsusi əhəmiyyət kəsb edir.

Dilimizin bütün çalarlarından və tükənməz imkanlarından faydalanaraq yazılmış şeirləri şairin poetik təfəkkürünün məhsulu kimi öz xəlqiliyi, rəvanlığı, milli koloriti ilə səciyyələnir və böyük təsir gücünə malikdir. Zəlimxan Yaqubun tarixi şəxsiyyətlərə həsr etdiyi poemaları yaradıcılığının zirvəsini təşkil edir. Onun “Əbədiyyət dastanı” poeması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş əsərlər arasında xüsusi yer tutur.

Zəlimxan Yaqubun aşıq yaradıcılığını dərindən bilməsi və onu bütün incəlikləri ilə qavraması şeirlərinin lirizmini daha da qüvvətləndirib. Poeziyasının dilinə xas olan şeiriyyat və axıcılıq Zəlimxan Yaqubun əsərlərinə bəstəkar və aşıqların müraciət etmələri üçün zəmin yaradıb.

Şairin əsərləri bir çox dillərə tərcümə olunub və sənətsevərlər tərəfindən rəğbətlə qarşılanıb. Müxtəlif ölkələrdə keçirilən poeziya gecələrində Zəlimxan Yaqub Azərbaycan ədəbiyyatını layiqincə təmsil edib. Onun yaradıcılığının Gürcüstanın ali mükafatı olan “Şərəf” ordeni ilə qiymətləndirilməsi şairin ölkəmizin hüdudlarından kənarda da geniş şöhrət qazanmasının təzahürüdür.

Zəlimxan Yaqubun ictimai fəaliyyəti də səmərəli olub. O, 1995–2005-ci illərdə iki çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Aşıqlar Birliyinin sədri kimi Zəlimxan Yaqub aşıq sənətinin inkişafında və təbliğində böyük əmək sərf edib. Şairin ədəbi-ictimai fəaliyyəti daim yüksək qiymətləndirilib. O, bir çox mükafatlara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltifləri “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülüb.

Görkəmli şair, tanınmış ictimai xadim və səmimi insan Zəlimxan Yaqubun əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Artur Rasizadə

Oqtay Əsədov

Ramiz Mehdiyev

Elçin Əfəndiyev

Hacıbala Abutalıbov

Fatma Abdullazadə

Əbülfəs Qarayev

İsa Həbibbəyli

Anar Rzayev

Rafael Hüseynov

Fikrət Qoca

Söhrab Tahir

Nəriman Həsənzadə

Sabir Rüstəmxanlı

Ədalət Nəsibov

AZƏRTAC

Paylaş:
705

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər