Azərbaycanda keçiriləcək Formula-1 yarışının tibbi yardım briqadasının təlimi olacaq
Bu ilin iyun ayında Azərbaycanda keçiriləcək Formula-1 yarışının təşkilində iştirak edəcək tibbi yardım briqadalarının təlimlərinə start verilib.
Yaralıların çıxarılması işinə cavabdeh briqadanın ilk praktik təlimi keçirilib. Təlim yarışın təşkilində iştirak edəcək xəstəxana və digər səhiyyə müəssisələrinin vəziyyəti ilə yerində tanış olmaq üçün Bakıda bu yaxınlarda səfərdə olmuş Bəhreyn Motoidman Federasiyasını təmsil edən tibb briqadasının rəhbəri doktor Əmcəd Ubeydin rəhbərliyi ilə baş tutub.
1news.az xəbər verir ki, təlimin məqsədi Beynəlxalq Motoidman Federasiyasının nümayəndəsi doktor Con Ayzermanın başçılığı ilə gələn fevral ayının əvvəlində keçiriləcək ikinci praktik təlimə tibbi personalı hazırlamaqdır. Bəhreynin “Əl-Əyyam” qəzetində bildirir ki, doktor Əmcəd Ubeyd səfər ərzində üç xəstəxanaya baş çəkib, Bakıda keçiriləcək böyük idman tədbiri zamanı onların tibbi xidmətləri təqdim etməyə tam hazırlıq dərəcəsinin və imkanlarının ilkin qiymətləndirilməsini aparıb.
Doktor Ubeyd, həmçinin yaralıların çıxarılması üzrə ümumilikdə 24 həkimdən ibarət olan 3 tibb briqadasına təlim keçib.
Qeyd edilməlidir ki, tibbi briqadaların digər üzvləri üçün də nəzəri-praktik təlimlər keçiriləcək. Bu, Bakıda Formula -1-ə qədər Bəhreyn və Azərbaycan Motoidman Federasiyaları arasında yarışın təşkili dair bağlanmış razılıq çərçivəsində sıx şəkildə keçiriləcək təlimlərin başlanğıcıdır.
Bəhreyn Motoidman Federasiyasına aid müxtəlif briqadalarının buraya növbəti koordinasiya səfərləri də təşkil ediləcək. Onlar bu səfərlər ərzində yarışın təşkilində iştirak edəcək Azərbaycan briqadalarının digər üzvlərinə təlim keçəcəklər.
AZƏRTAC